Böyük ədib və Gürcüstanın XIX əsr milli azadlıq hərəkatı ideyalarını ifadə edən “Ölməz Vətəndaşı”...
Gürcüstan tarixinə “xalqının milli tale ifadəçisi” kimi düşmüş bu adamın ad, əməl, fəaliyyət, ideya, fədakarlıq... arsenalında çox nəsnələr cəmlənib; yeni gürcü ədəbiyyatının banisi, peşəkar gürcü teatrı fəaliyyətinin bərpaedicisi, ədəbi və teatr tənqidini formalaşdıran, sosial-demokratlar tərəfindən hazırlanmış sui-qəsdin qurbanı...
1837-ci il noyabrın 8-də bir knyaz ailəsində - var-hal aləmində doğulsa da, öz xalqına, vətəninə, dilinə, milli mənəviyyatına, sovet illərində bizə təbliğ edilən “kasıb-kusub”, “muzdur-məzlum” ədiblərdən daha sədaqət və canıyanımlıqla xidmət etmiş İlya Qriqoryeviç Çavçavadze.
Bu böyük gürcü oğlu 1857-1861-ci illərdə Peterburq Universiteti Hüquq fakültəsinin dördüncü kursunda ikən tələbə hərəkatına qoşulub, təhsilini yarımçıq qoyaraq vətənə qayıdıb. Gürcüstanda baş qaldırmış təhkimçiliyə qarşı mübarizə hərəkatının fəallarından olub. Kutaisi general-qubernatorunun müvəkkili, Duşet qəzasında hakim, savadlılığı yayan cəmiyyətin sədri işləyib. Yaradıcılığa kəndli hüquqsuzluğunu müdafiə, mülkədar zorakılığına etiraz xarakterli şeirlərlə başlayıb. “Xəyal”, “Qaçaq Keko” poemaları, “Dar ağacı yanında”, “Dilənçinin hekayəti” kimi hekayə və povestlərində əməkçi xalqın hüquqsuzluğunu ürək ağrısı ilə təsvir edib, xalqlar dostluğunu, qarşılıqlı əlaqələri möhkəmlətməyi ziyalıların müqəddəs vəzifəsi sayıb, redaktoru olduğu “İveriya” qəzetində Azərbaycan atalar sözləri və M.Ş.Vazehin şeirlərindən tərcümələr verib, azərbaycanlılarda gördüyü nəcib sifətlərdən həmyerli həmkarlarına daim iftixarla danışıb...
Lap yuxarıda işlətdiyim “Ölməz Vətəndaş” deyiminə qüvvət, “sui-qəsd qurbanı” ifadəsinə ayaq olaraq, onun ölümündən (1907) yüz on il sonrakı bir informasiyaya da diqqət edək: “Tiflis Filarmoniyasında ölkə konstitusiyasında dəyişikliklərlə bağlı keçirilən iclasda insident baş verib. Bir qrup kommunist gənc Gürcüstan parlamentinin sədri İ.Kobaxidzenin tədbiri açmasına qışqırıq və səs-küylə mane olub. Bunu təxribat adlandıran və belə vəziyyətdə müzakirə aparılmasını qeyri-mümkün hesab edən parlament sədri deyib: “Çavçavadze ölkəsində kommunistlərə yer yoxdur. Mən sizin İlya Çavçavadze yolunda - milli maarif yolunda durmanızı arzulayıram”.
Bu YOL nə yol idi?..
O, Rusiyanın ali məmurlarına müraciətində yazırdı: “Zati-aliləri, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına imkan verməyin. Ermənilər elə zaddırlar ki, bir neçə on il Rusiya ərazisində yaşadıqdan sonra dünyaya car çəkəcəklər ki, bu torpaqlar onların ata və babalarınındır”.
Bu böyük gürcü oğlu peterburqlu şərqşünas - professor D.Xvolsonun imperiya tarixşünaslarının Tiflisdə keçirilən (1881) 5-ci qurultayında dediyi: “Mən xoşbəxtəm ki, Ermənistanın paytaxtı Tiflisdəyəm” sözlərinə rəğmən yığıncaqda (A.Sereteli və başqa gürcü xadimlərlə birgə) aləmi bir-birinə qatmış və yeni nəslə müraciətən yazmışdı: “Ermənilər bizim adımızı biabır etməklə, bizi milli ləyaqətdən məhrum etmək cəhdilə kifayətlənməyib, bizi dünyadan sıxışdırıb çıxarmaq üçün qanla boyanmış tariximizi də, salnamələrimizi də, tarixi xatirə və abidələrimizi də, tarixi sərvətlərimizi də danır, müxtəlif fırıldaqlarla öz adlarına çıxırlar”.
Onun daha sonra yazdığı “Erməni alimləri və daşların fəryadı” əsərindən - bizim gün-dirriyimizlə də səsləşən bircə abzas: “Az varımız idi, çox varımız idi, sizi ağuşumuza aldıq, sığınacaq verdik, qardaşlıq etdik. İndi bizim öz evimizdə bizə düşmən kəsilməyin”.
Bu məqamda A.Seretelinin də bir məktubunu xatırlayaq: “Ermənilərin tiflisli xadimi Qriqol Artsruninin qənaətindən belə çıxır ki, erməni hara arşın aparıb, oranı “Hayastan” bilib. Onlar gürcü məbədlərində David-Tamarın adlarını silib, yerinə Arşak-Marşaklar yazırlar. Onlar nəsə bir daha güclü maddi mənfəətə malik olsalar, əminəm ki, bizim gürcü dilini də ələ keçirərlər”.
Nəhayət;
qonşu xalqın bu milli ədibinin - şəxsən bizim bostanımıza da (“qızılbaş” faktoruyla) daş atılan bir hekayəsini marağa alaq. Son ifadəmi qəribçiliyə salmamalı; burada, digər sahə adamlarına nisbətdə daha çox bəşəri-humanist düşüncələrə “məhkum” yazıçıların belə - milli şərəf-ləyaqət məsələlərində “közü öz qabağına çəkmək” məramı var. Ancaq, bu əcnəbi müəllif bizim bir çox tarixi və müasir “Tənbəl Əhməd”çi, “Cırtdan”çı və sairçi yazarlarımızdan fərqli olaraq, qələmə aldığı ata obrazının dili ilə uşaqlara ictimai-siyasi mayalı bir nağıl danışır. Qısa ixtisarla təqdim etdiyim həmin “nağıl”ın adı: -
Yeni il
Yaxşı yadımdadır; uşaq vaxtı ilin son gecəsinin gəlməsini necə ürək çırpıntıları ilə gözləyirdik. Biz - iki bacı, üç qardaş çolpa kimi ata-ana qanadları altına sığınar, fikir-zikrimiz səhərin açılmasında, evin bir tərəfində qaynayan doşabda, digər tərəfdə qozinaq hazırlamaq üçün badam və cövüz təmizləyənlərdə olardı.
Gülüş-qəhqəhənin, ata-anamızın bizi boğazdanyuxarı məzəmmətlərinin sonu görünmürdü. Bizsə elə hey nazlanar, onlara qısılıb, ərköyünlük eləməklə məşğul idik. Ən böyüyümüzün on iki yaşı vardı.
Ovaxtdan ötən illər bizim saysız-hesabsız gözəl günlərimizi də özüylə yuyub aparıb. Ata-anamızın, iki qardaş və bir bacımızın bir-birinin ardınca köçmələri isə...
Bu fani dünyada bir qardaş, bir bacı qalmışıq. Saçlarımıza dən düşüb. Hər Yeni il gələndə o olub-keçənlər gözlərim qarşısına daha güclü, daha təsirli halətdə gəlir. Qulaqlarımda balaca bacımın, kiçik qardaşımın göyərçin kimi baş-başa verib quqquldaşmaları, anamın öyüd-nəsihəti, atamın şirin ləhcəli söhbətləri səslənir. Qəlbimdə bu qədər acılı-şirinli xatirələr qoymuş o balaca kənddəki beş qəbirdə anam, atam, iki qardaş-bir bacımla birlikdə mənim uşaqlığım, xoşbəxtliyim də dəfn olunub...
Bir dəfə kiçik bacım o yan-bu yana qaçarkən bal qabını aşırdı, anam atamı çağırdı ki, gəl bunları apar bir-iki nağıl danış, qoy işimi görüm!
Bizim çox yalvar-yaxarımızdan sonra atam nağılına başladı:
Mən əvvəllər də sizə dönə-dönə nəql eləmişəm ki, keçmişdə düşmənlər bizim ölkəmizə çox ziyankarlıqlar ediblər. Əgər onlara qarşı həmişə hazır olmasaq, yenə edəcəklər.
Bir vaxt bizim Kartli çarı Giorgi ilə qızılbaşların padşahı Sultan Hüseynin arası dəyir. O, böyük qoşun göndərir ki, Gürcüstanı zəbt edib öz torpaqlarına qatsın. Bizimkilər də o saat qoşun toplayıb müharibəyə qalxırlar. Dava başlanır. Döyüşün qızğın çağında qızılbaşlardan bir nəfər qoşundan ayrılıb təkbaşına meydan sulamağa başlayır. Onun bu hərəkəti bizimkilərin qəlbinə toxunur. Bizdən bir nəfər gənc atını onun qarşısına sürür. Qızılbaş nizəsini gəncin sinəsinə sancaraq atdan salır. Başqa bir gürcü: “Onun qanını yerdə qoysam, anamdan əmdiyim süd mənə haram olsun!” - deyə çığıraraq atını düşmənin üstünə sürür. Qızılbaş onu da atdan salır və bu qələbədən ruhlanıb meydanda daha həvəslə at oynatmağa başlayır. O, üçüncü, dördüncü, beşinci gürcünü də qırıb-tökür. Bizimkilər: “Bu namusu necə qəbul edək, geri nə adla qayıdaq” deyib xəcalət çəkməkdə ikən, bir neçə nəfər: “Bəs bizim Nikoloz hardadır, Nikoloz!” - deyə bağırır. Bu zaman davanın qızğın yerində olan Nikoloz bağırtıları eşidib vuruşa ara verir. O, qızılbaşa diqqət yetirib deyir: - Bu qoca vaxtımda onunla döyüşə girməyə məndə qüvvət hardadır? Görmürsüz, onun bığ yeri yenicə tərləyib, aslana bənzəyir?!
Camaatın çox xahiş-minnətindən sonra o razılaşır. Allahı köməyə çağıra-çağıra yəhərə qalxıb kəhəri mahmızlayır. Qızılbaş nizəsini işə saldıqda, o, qolunu qabağa verib nizənin ucunu kənara itələyir. Qızılbaş ikinci dəfə hücuma keçənədək Nikoloz atını şahə qaldırır, güclü zərbə ilə onu atdan salıb, ayağa durmasına imkan vermir. Sonra özü atdan sıçrayıb qızılbaşı ayağa qaldıraraq deyir:
- Qorxma, sənin başını kəsməyəcəyəm. Sənin kimi igidi öldürmək günahdır. Get, yolun uğurlu olsun. Amma bir də bizim ölkəmizə tamah salmayasan.
- Mən də həyatı yalnız və yalnız sənin kimi igiddən peşkəş alardım, - deyə qızılbaş ona əl verib, uzaqlaşır...”
Çar hökumətinin “opasnıy qruzin” sayaraq vəhşicəsinə öldürtdüyü (1907) İ.Çavçavadzenin xatirəsini onun sonrakı 70 ildə məhv etdiyi xələflərindən fərqli olaraq “əziz” tutan sovetlər Tbilisidə xatirə muzeyini açdı, heykəlini qoydu...
Tahir Abbaslı