Prezident İlham Əliyev noyabrın 13-də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi və maneəsiz informasiya mübadiləsi imkanlarının artması ana dilinin potensial imkanlarından lazımınca istifadəsində bəzi çətinliklər yaratmaqdadır. Mövcud şərait milli ideya - azərbaycançılıq məfkurəsi işığında dövlət dilinin saflığının qorunması və ədəbi dildən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir.
Yeni tərkibi təsdiq edilən Dövlət Dil Komissiyasının sədri Prezident İlham Əliyevdir. Komissiya sədrinin müavinləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, AMEA-nın prezidenti Akif Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdir. Komissiyanın tərkibinə müvafiq qurumların rəhbərləri, şair, yazıçı, dilçi alimlər daxil edilib.
Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planını üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.