Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti 3-10 noyabr tarixində İtaliyanın Lombardiya regionunda tədqiqat səfərində olub.
Səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində həyata keçirilib.
Budəfəki səfər “Mədəniyyət üzrə rayonların inteqrasiyalı idarəetmə modelinə dair İtaliya təcrübəsi” mövzusu üzrə reallaşıb. Səfərdə nazirliyin Proqram təminatı və texniki təchizat şöbəsinin müdir müavini Qabil Abbasov, Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri və Tvinninq işçi qrupunun katibi Nuriyyə Məmmədova, Hüquq sektorunun böyük məsləhətçisi Nərmin Əli, eləcə də İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov iştirak edib.
Nümayəndə heyəti İtaliyanın Val Kamonika mədəniyyət rayonu (Qayaüstü rəsmlər - 1979-cu ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib), Valtellina mədəniyyət rayonu (Terraslı üzüm bağları marşrutu - abidələrin, landşaftın, kənd təsərrüfatının, şərab-qastronomiyasının birləşməsi) və Kremona mədəniyyət rayonuna (Ənənəvi skripka sənətkarlığı - 2012-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib) səfərlər edib, görüşlər keçirib.