Ölkə Prezidentinin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər planına müvafiq olaraq gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi, Prezident təqaüdçüləri olan gənc istedadlı musiqiçilərin respublikada tanınması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerlərdə konsert proqramları təşkil olunur.
Sabirabad rayon Mədəniyyət mərkəzində Prezident təqaüdçülərinin Dövlət Bayrağı Gününə həsr olunmuş konserti böyük maraqla qarşılanıb.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq gənc istedadlara dövlət qayğısından danışıb, respublikanın bölgələrində onların konsertlərinin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Konsertdə istedadlı gənc musiqiçilərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən, xalq mahnıları və muğamlarımızdan ibarət proqram təqdim olunub.