Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib
   
   Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Abu-Dabi Luvr Muzeyi istifadəyə verilib. Noyabrın 8-də təşkil olunan açılış mərasiminə Mərakeş və Bəhreyn kralları, Fransa və Əfqanıstan prezidentləri, Omandan və Səudiyyə Ərəbistanından yüksək vəzifəli şəxslər qatılıblar. Tədbirdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təmsil edib.   
   2009-cu ildən inşasına başlanılan muzeyin açılışı 2015-ci ilə planlaşdırılsa da, sonradan bir neçə dəfə təxirə salınıb. Burada Parisdəki Luvr Muzeyinin fondundan eksponatlar, məşhur rəssamların əsərləri nümayiş olunur.
   Abu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyan qonaqları qarşılayaraq, dəvəti qəbul etdiklərinə görə nümayəndə heyətlərinin rəhbərlərinə təşəkkürünü bildirib.
   BƏƏ-nin vitse-prezidenti, baş nazir və Dubay əmiri Raşid bin Məhəmməd Əl Məktum Abu-Dabi şəhərində Luvr Muzeyinin açılmasının ərəb dünyasında bir ilk olduğunu qeyd edib. O, muzeydə eramızdan əvvəlki dövrlərdən müasir tariximizin müxtəlif mərhələlərinə aid eksponatların nümayiş olunduğunu bildirib.
   Fransa Prezidenti Emmanuel Makron muzeyin Yaxın Şərqdə, eləcə də ərəb dünyasında əhəmiyyətindən danışaraq, mədəniyyətlər və sivilizasiyalararası dialoqa, tolerantlıq və dünyəvilik kimi dəyərlərə xüsusi diqqət yetirən BƏƏ rəhbərliyinə minnətdarlığını ifadə edib. O, muzeyin açılmasının İslam və ərəb dünyası ilə əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini diqqətə çatdırıb.
   Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev BƏƏ-dən olan həmkarı Rim Əl-Kəabi ilə görüşüb, söhbət zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.