Birvaxtlar “Köhnə Bakı”nın yepyeni estrada sifətlərindən, retro-xiffətlərindən olmuş Oqtay Ağayev
Bəli, onun ifaları uzun illər Azərbaycan efir-ekranının, paytaxtımızın mədəniyyət mərkəzlərinin, hətta sivil məhəllələrinin şən ovqat, həlim hərarət rəmzi kimi səslənib. 72 illik ömrünün altmışa qədəri böyük sənətə yazılıb, oxuduğu mahnıların iki yüzəcəni lentə...
Onun, vur-tut üç-dörd dəqiqə çəkən mahnılarının çoxusunda saatlarla sürən muzkomponental xiffətlər, ictimai-siyasi bürkülər, qorxu-hürkülər də yaşanır...
Ömür aləmilə ətraflı tanışlıqdan belə məlum olur ki, bu əfsun-məhzunluq dolu ifaların “anatomiyası”ndakı “orqan” rəngarəngliklərinə səbəblərdən biri də onun bioqrafiyası imiş.
Nədən ki o, -
1937-ci ildə “Ədalət” partiyasının ilk sədri olmuş babası Bəhram Ağayevin sürgün edilməsindən üç il öncə (1934) doğulub. Babanın uzaq Komidən gələn xəbər-ətəri qulağına çatmasa da, valideynlərinin sir-sifət halətləri onun da balaca ürəyinə xoflar yatırıb, anadangəlmə sənət avazına möhnət sədaları calayıb.
Bu səs haqda ən əvvəl, qonşuları danışar və bunu hərdən, Oqtayın daxil olacağı (1953) Musiqi Texnikumunda müəllimi olası xoşxasiyyət, qayğıkeş Sofya Xalfenə də çatdırarmışlar. Deyərmişlər ki, Lənkərandakı bütün mal-mülkləri əllərindən alındıqdan sonra, İçərişəhərdəki dədə-baba evinə yığışmağa məcbur olmuş bu ailənin müsibətlərini “vecinə almayan”, bu “iç şəhər”in dar dalanlarını özü üçün filarmonik parter, teatral “yarus” hesab edən bu uşaq hərdən elə vokal ciknələr çəkir ki, tay-tuşlarının çərpələng “quşları” göydə qanad saxlayır! Bəzən də elə göynər xallar vurur ki, oğulları davadan qayıtmamış arvadlar cəmləşib ağlaşma qururlar...
Bu “deyimlərdən” riqqətə gələn yetmiş səkkiz yaşlı Sofya xanım da, Oqtaya başqa tələbələrinə nisbətdə daha çox vaxt, diqqət-məhəbbət ayırmaqla, vokalın bütün incəliklərini öyrətdiyi bu “bapbalaca oğlan”ı Bakıya yenicə (amma çox sürətlə!) ayaq açmaqda olan estrada sənətinin “həmişəsolist”liyinə hazırlamağa başlayır...
Uşaqlıqda camaatı “ağlaşma qurmağa” vadar edən bu sənətkarın tək elə səsində-nəfəsində yox, baxışında, bütün jestikulyasiyasında bir minorluq vardı; repressiya (ardınca da müharibə) illərinin “yadigarı” olan fizionomik “süddənyanıq”lığının mənəvi-psixoloji törəməsi kimi zühur etmiş “irsi” yanıqlıq. Bu məqamda onun ifa etdiyi “Sən - ey uşaqlıq...” mahnısı yada düşür. “Nəğmə susdu dodaqlarda - Dilə gəldi tüfənglər” sözlərilə başlanan, “Mənim atam uzaqlarda - Cəbhələrdə bir əsgər” möhnətilə davam edən, hər notundan həsrət süzülən mahnı. Davamında isə o dövrün bütün İttifaq uşaqlarının qlobal-vokal “salnamə”si: “Anamızın laylaları nənnilərdə pozuldu”. “Görmədik biz gül dəstəsi, görmədik biz oyuncaq, Ata səsi, ana səsi eşitmədik doyunca” nəqəratını isə, o qan qoxulu, cin qorxulu illəri yaşamış Oqtay - növbəti bir müğənni kimi yox, əsl sənət sifəti, istedad zinətilə çatdırır. Sonuncu misralardan da ki, büsbütün bir Azərbaycan səs-sədası eşidir, ümumittifaq “lager”inin fövqündə dayanıb-seçilməyə cəhd edən bir şlyager-əsgər, tər-təmiz bir bakılı balası görürük:
Öz qoynuna aldı bizi
Bu buruqlar şəhəri.
Yarı böldük tikəmizi -
Gözlədik al səhəri...
Onun çoxsaylı ifaları arasından məhz bu müharibə mövzulusunu seçməyimin (və bu qədər bəhs etməyimin), “trafaretizm” kimi çıxmasın, “tarixi-müqəddəm səbəbi” var; bu bir faktiki qüsur deyilmi ki, ”1941-45” tarixli “Böyük Vətən” (!) müharibəsi haqda filan qədər şeir-poema, povest-roman yazmış məlum ədiblərimiz, göydəki ulduzlar sanı mahnı qoşub-oxumuş (və hələ də bunu davam etdirən) yerdəki “ulduz”larımız “1988 - ?..” müddətli “kiçik vətən” müharibəmiz barədə, heç olmasa, “plan” qədər də dəbərişmir? Amma orda-burda doklad-bayatılayırıq ki, bəs, “aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ”!..
Bəzi belə əziz-xələfləri “hesabına” mətləbi uzatsaq da, yaddan çıxmaz -
Sələf Oqtay Ağayev...
Axı, o, Azərbaycanın ən adlı-sanlı estrada orkestrində uzun illər əvəzsiz və şöhrətli solist kimi fəaliyyət göstərib! Azərbaycan Radio və Televiziya Estrada orkestrinin 1960-lardan 1990-laradək təntənəli çıxışlarını Oqtay Ağayevsiz təsəvvür etmək mümkünmü? Azərbaycanı rayon-rayon gəzən, öz orijinal maneraları, gözəl vokal elementlərilə keçmiş SSRİ respublikalarının bütün xalqlarını cəzb edən, çoxları üçün əlçatmaz Kreml məkanındakı konsertlərin 11-nin iştirakçısı olan bu müğənninin səsi çox uzaq, çox tələbkar, yüksək zövqlü (Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya, Əlcəzair, Mərakeş...) ölkələrdən də gəlirdi.
Oqtay Ağayevin kino sahəsində işləri də az deyil. Əvvəlcə onun aktyor kimi çəkildiyi “Yapon və yaponiyalı” qısametrajlı filmini (1990) xatırlayaq. Bu ekran işində Oqtay Ağayevin yaratdığı milis rəisi rolu peşəkar aktyorların oynadığı obrazlar çəki-qiymətində alınıb. “O qızı tapın”, “Dağlarda döyüş” və s. filmlərdə ifa etdiyi mahnıları da canlı obraz təsiri bağışlayır tamaşaçıya. Amma o, video-tamaşaçılıqdan daha çox audio-dinləyicilikdə yaşayıb-yaratdı. Oxuya-oxuya yaşayıb-yaratdı. Yuxarıda üç-dördünün adını çəkib, az-çox bəhs açmaqla, iki yüzdən çox mahnısının lentə yazıldığını demişəmsə, aşağıda onlardan on dəfə azının adını qeyd etmək gərək: “Sən, ey uşaqlıq”, “Yadındamı ötən günlər”, “Qaytar mənim eşqimi”, “İçərişəhər”, “Səni məndən soruşdu”, “Sənin bircə təbəssümün”, “Eşqimin bəxti”, “Bir səhər”, “Sevgilim”, “Mənim gənclik məhəbbətim”, “Ağ paltardasan”, “Məhəbbət qocalmaz”, “Sən danışanda”, “Körpə nəfəsi”, “Azərbaycan gözəlləri”, “Həyat eşqi”, “Şəhər qatarı”, “Çiçəklər sevinsin”, “Ana gözləri”, “Sən ki mənim özümdəsən” və “Qarabağın gözəlləri”.
Sonuncu qeyd etdiyim mahnının ifası ulu Şəhriyarın söz ballarından birini - “...gözəllərin axıra qalmışıydı” misrasını xatırladır mənə. Elə Oqtay Ağayevin işlətdiyi son sözlərindən birini də xatırladır: “Gərək şairlərimiz o vaxtlar Qarabağ gözəllərindən daha çox, Qarabağ igidlərindən yazaydılar ki, bizlər də onları oxuyub, onları öyüb, indiki vəziyyətə düşməyəydik...”
Və məncə; -
mahnılarının xüsusi çəkisini daha çox sevgi-məhəbbət təşkil edən (və saysız qadın-fanatları olmuş) bu müğənninin ailəqurma “melodiya”sı da oxucularımızçün maraqlı “səslənər”:
Ötən əsrin 60-cı illəri. Tacikistan. Sürəkli alqışlarla başa çatan konsertdən sonra tamaşaçılar avtoqraf basabası salır. Bir xanım isə kənarda dayanıb, onun nə vəziyyətə düşdüyünü xüsusi təbəssümlə izləyir. Bunu sezən Oqtay camaatın əlindən çıxıb, ona yaxınlaşır, avtoqrafda “doroqoy Nadejde Konstantinovne” yazdığı bu əslən leninqradlı (Sankt-Peterburq) xanımı gəzintiyə dəvət edir və... özüylə Bakıya gətirib, ailə qurur. Bu nikahdan bir oğlu olur və adını - atanın böyük ustadı, ananın “bütün SSRİ-də estrada kumiri Behbudov”un şərəfinə Rəşid qoyurlar.
Amma...
Bir vaxt Oqtay Ağayevin “dostlarımın zirvəsi” saydığı Rəşid Behbudovla münasibətləri soyuyub. Belə ki, 1968-də Moskvaya gedən nümayəndə heyətinin rəhbəri R.Behbudov konsertdən əvvəl Oqtaya deyir ki, “Camayka”nı (məşhur italyan mahnısı) oxumasın. Məmnuniyyətlə razılaşan Oqtay başqa mahnı oxuyur, lakin ifası bitən kimi zaldakılar “Camayka!”, “Camayka!” qışqırırlar. Əlacsız qalan maestro Niyazi ona him edir ki, oxusun, Oqtay Ağayev isə bir daha xatırladır ki, Behbudov bunu istəmir. Gurultulu alqış sədaları fonunda gedən müzakirə və mübahisədən sonra o, tamaşaçıları razı salsa da, ustadının uzunmüddətli narazılığını qazanmış olur...
Onların hər ikisini sevən hörmətli oxucularımızın diqqətinə çatdırım ki, bu retroməlumatdan heç də narahat olmağa dəyməz; dörd il sonra (1972) böyük ustad Oqtay Ağayevi öz teatrına dəvət edir...
2006-cı ilin 13 noyabrında cismən əbədi susmuş bu gözəl müğənnimizin sənət səs-sədası lent yaddaşlarından daim çağlamada, sevilə-sevilə dinlənmədə...
Tahir Abbaslı