Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında tanınmış şair, tərcüməçi Vahid Əzizlə görüş keçirilib. Filialın müdiri Gülşən Abbasova şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirilib ki, Vahid Əziz 1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanın Dərələyəz mahalında anadan olub. Bədii yaradıcılığa 1967-ci ildə başlayıb. Onlarla kitabı işıq üzü görüb, o cümlədən rus dilində nəşr olunub.
Tədbir zamanı oxucuların suallarını cavablandıran Vahid Əziz şeirlərini oxuyub.
Şair yeni kitablarını kitabxanaya hədiyyə edib.
* * *
Səbail rayon MKS-nin 2 saylı filialında isə şair, dramaturq Mir Mehdi Seyidzadənin anadan olmasının 110 illiyi münasibətilə “Qəlbə fərəh verir, şeirin nəğməsi” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə ədibin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, ədəbi yaradıcılığa 1925-ci ildə “Şərq qadını” jurnalında çap etdirdiyi “Kənd qızı” adlı şeiri ilə başlayan şair 1932-ci ildə “Şanlı gün” poemasına görə mükafata layiq görülüb. Sonra onun “Balaca təyyarəçi”, “Ceyran”, “Neft haqqında”, “Kim güclüdür”, “And” və başqa kitabları işıq üzü görüb. Diqqətə çatdırılıb ki, o, əsasən müasir mövzuda uşaq şeirləri yazıb, “Nərgiz”, “Ayaz”, “Qızılquş”, “Elsevər” və başqa mənzum pyesləri tamaşaya qoyulub, sözlərinə mahnılar bəstələnib.
Nəsimi rayon 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şairin şeirləri səsləndirilib, “Tülkü və Cücə” təmsilinin tamaşası nümayiş olunub.