Azərbaycan, İtaliya və Avropa İttifaqının birgə Tvinninq layihəsinin hesabat toplantısı keçirildi
   
   Noyabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqının dəstəyi ilə reallaşdırdığı növbəti Tvinninq layihəsinin hesabatına həsr olunmuş tədbir keçirildi.   
   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək mədəniyyət sektorunun idarə olunmasında layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki, layihənin məqsədi Avropa İttifaqı ölkələrinin təcrübəsinə və hüquq mexanizmlərinə əsaslanaraq Azərbaycanın mədəniyyət sektorunda islahatlar prosesinə töhfə verməkdir. Layihənin bu günə kimi əldə etdiyi əsas nəticələr mədəni sərvətlərin ərazi üzrə inteqrativ idarəetmə planlaşdırılmasına yönələn cari fəaliyyətlərin tərəfdaş dövlətlərlə paylaşılmasıdır. Tvinninq layihəsinin məqsədi eyni zamanda diqqəti mədəni irslə bağlı ehtiyaclara yönəltmək və Avropa ölkələrinin müvafiq təcrübə nümunələrini uyğunlaşdırmaqla mədəniyyət sektorunda daha strateji idarəetmə modeli yaratmaqdır.
   Layihənin növbəti dəfə həyata keçirildiyini diqqətə çatdıran nazir bildirdi ki, ilk layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adı altında gerçəkləşib: “İlk layihəyə “Milli turizm marketinq strategiyası” və “Xüsusi turizm zonasının mümkün modeli” mövzuları daxil idi. Budəfəki Tvininq layihəsi isə mədəniyyət sahəsinin idarə edilməsinin təkmilləşdirilməsini əhatə edir. İtaliya bu layihənin aparıcı tərəfi kimi Azərbaycanda mədəniyyət sektorunun idarə edilməsində yeni metodların tətbiqinə öz töhfəsini verəcək”.
   Əbülfəs Qarayev qeyd etdi ki, layihə müddətində mühüm irəliləyişə nail olunub. Bu işə cəlb olunan insanlar layihəyə məsuliyyətlə yanaşırlar: “Bu müddət ərzində bizim nümayəndələr İtaliyaya ezam edilərək muzey və klubların fəaliyyəti, onların iş üslubu ilə yaxından tanış olub, bu təcrübənin Azərbaycanda tətbiqi imkanlarını araşdırıblar. Bütün bunlar öz müsbət nəticələrini verməkdədir”.
   Nazir regional mədəniyyət və turizm idarələrinin yaradılmasının müsbət nəticələr verdiyini diqqətə çatdıraraq bildirdi ki, bu idarəetmə işin düzgün təşkil edilməsi, lazımsız xərclərin azaldılması, yerli orqanların işinin daha fəal qurulmasına şərait yaradıb: “Yeni regional idarələrin öz işini müasir yanaşmalarla həyata keçirməsi çox vacibdir. Odur ki, Tvinninq proqramı çərçivəsində yeni bir təcrübə təqdim edilərək təşkilatlanma prosesinin metodologiyası hazırlanıb. İlkin pilot layihə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsində tətbiq ediləcək. Gələcəkdə bu layihə Şəmkir və Lənkəranda, tədricən bütün regionlarda icra olunacaq”. 
   Bildirildi ki, komissiyanın üzvləri regionların strukturunu tam təhlil edərək metodologiyanın tətbiqinə dair fikirlərini bildiriblər: “İstəyimiz ondan ibarətdir ki, Azərbaycanda mədəniyyətin idarə edilməsi tək dövlət tərəfindən deyil, geniş ictimai xarakter daşısın. Tvinninqin məqsədlərindən biri də yerlərdə yaradıcı mühitin formalaşdırılmasıdır. Yerlərdə mədəniyyətin idarə edilməsi ümumi regionun yaradıcı mühitinə öz müsbət təsirini göstərməlidir. İdarəetmədə və yaradıcılıqda müasir sistem yaradaraq gələcək nəsillərə ötürməliyik”.
   Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd etdi ki, quruma üzv respublikaların mədəni irsinin tanıdılması və tərəfdaş ölkələrdə mədəniyyətin idarə edilməsində müasir yanaşmaların həyata keçirilməsi qarşıda duran vəzifələrdən biridir: “Bu kontekstdə islam ölkələrinin mədəni irsinin tanıdılması böyük önəm kəsb edir. Biz çalışırıq ki, bu ölkələrdə yeni metodologiyaları tətbiq və təbliğ edək”.
   Azərbaycanın beynəlxalq aləmdə tolerantlıq məkanı kimi tanındığını bildirən K.Yankauskas qeyd etdi ki, ölkənin mədəni irsi çox zəngindir. Mədəniyyət sahəsində idarəetmənin optimallaşdırılması sektorun gəlirlərinin artmasına da şərait yarada bilər.
   İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari diqqətə çatdırdı ki, mədəniyyət fəaliyyətlərin ardıcıllığından ibarətdir. İtaliya dünyada mədəniyyət ölkəsi kimi tanınır: “Biz bu ənənələri yüzilliklər boyu əldə etmişik və mədəniyyətin idarə edilməsi ənənələrini, təcrübəsini paylaşmaqda Avropa İttifaqı ilə yaxından əməkdaşlıq edirik. Müasir metodologiyaların tətbiqi ərazi üzrə mövcud resursların daha müasir şəkildə idarə edilməsinə imkan yarada bilər. Tvinninq layihəsinin məqsədlərinə daxil edilmiş mövzularda maliyyə mənbələrinin diversifikasiyası, təhsil sisteminin təkmilləşdirilməsi, mədəni və tarixi abidələrin qorunması, muzey işinin müasirləşdirilməsi məsələləri yer alıb ki, bu da Azərbaycanda mədəniyyət sektorunun idarə edilməsinə töhfə verəcək”.
   Rezident Tvinninq müşaviri, İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin nümayəndəsi Alessandro Bianki layihənin benefisiar ölkələr üçün faydalı olduğunu dedi. Bildirdi ki, uzun illərin ənənələri müasir tətbiqə çevrilməlidir: “Yeni yaradılan regional idarələr funksional çalışmalıdırlar. Yaradıcı sənayenin inkişafı mütləqdir. Muzey və qalereyalar yenilik axtarışında olmalıdırlar. Artıq vəsaitin əldə edilməsi qabiliyyətini gücləndirmək lazımdır. Tvinninqin əsas məqsədi yeni baxış və münasibəti formalaşdırmaqdır”.
   Layihənin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə qeyd etdi ki, ötən müddətdə 7 təlim səfəri təşkil olunub. Müxtəlif sahələri əhatə edən təlimlər mədəniyyət sistemində dövlət və özəl sektorun tərəfdaş qurumlarının yaradılması, mədəni landşaftın daha güclü mühafizəsi, kitabxana sisteminin təkmilləşdirilməsi və s. məqamları əhatə edib. Bundan əlavə, layihə çərçivəsində yeni vəsaitlərin cəlb olunması üçün əlverişli fiksal rejimin yaradılması, mədəniyyət və bərpa sahəsində bacarıqların təkmilləşdirilməsi, muzey və mədəniyyət klublarının şəbəkəsinin təkmilləşdirilməsi, qeyri-maddi mədəni irsin mühafizəsinin modernləşdirilməsi mövzuları üzrə işlər həyata keçirilib.
   Şöbə müdiri onu da bildirdi ki, İtalyanın nümunəsində mədəni sərvətlərin qanunsuz ticarəti ilə bağlı məsələ də gündəmdir. Bu mövzuda hüquq-mühafizə orqanları ilə birgə tövsiyələr sənədi təhlil ediləcək.
   Sonda nazir Əbülfəs Qarayev tədbirdə iştirak edən mədəniyyət sektorunda çalışan məsul əməkdaşlara bir daha layihənin həyata keçirilməsi ilə bağlı tövsiyələrini verdi. 
   
   Lalə