Misirin turizm regionu olan Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fudanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvləri ilə görüşüb. Görüşdə turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Assosiasiya rəhbərliyi hazırda Azərbaycan turistləri arasında Misirlə bağlı məlumatlandırma işlərinin aparılmasında bu ölkəyə yardım etməyə hazır olduqlarını bildirib. Tərəflər birgə infoturların, “work-shop” və “B2B” görüşlərin keçirilməsi barədə razılığa gəlib, birbaşa uçuşların sayının artırılmasının vacibliyini qeyd ediblər. Birgə fəaliyyətin nəticəsi olaraq AZTA-nın üzvlərinə individual və qrup şəklində sadələşdirilmiş viza verilməsi barədə razılığa gəlinib.
Sonda Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fuda regionun ən məşhur turizm mərkəzi olan Şarm əş-Şeyx şəhərinin simvolik açarını AZTA-nın idarə heyətinin üzvü Göydəniz Qəhrəmanova təqdim edib.