Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Həmədan şəhərində keçiriləcək Beynəlxalq uşaq və gənclər teatr festivalında iştirak edəcək. Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, dekabrın 1-dən 6-dək davam edəcək festivalda yaradıcı heyət gənc yazar Pərvin Nurəliyevanın “Dəcəl keçi” əsəri ilə çıxış edəcək.
Səhnə əsərinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Tamaşada rolları Qızılgül Quliyeva, Əbülfəz Axundov, Niftulla Əsgərov, Təranə Fərəcova, Sayad Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva və Nizami Qurbanov ifa edirlər.