XIX əsrin sonu - XX yüzilliyin əvvəllərində Azərbaycan mətbuatının inkişafı yolunda mühüm xidmətlər göstərən ziyalılar sırasında Haşım bəy Vəzirovun adı hörmətlə çəkilir.
Haşım bəy Abdulla bəy oğlu Vəzirov 1868-ci ildə Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Qarabağ mahalında vətənpərvər kimi tanınan Abdulla bəy Şuşada məktəb açır və uşaqları mədrəsəyə hazırlayır. Haşım bəy də ilk təhsilini atasının məktəbində alır. On iki yaşında atasını itirən Haşım bəy təhsilini yarımçıq qoymur, mədrəsədə ərəb və fars dillərini öyrənir, islam tarixi və mədəniyyəti ilə bağlı kitabları mütaliə edir. Sonra Şuşa şəhər məktəbində oxuyur, burada rus dilini öyrənir. İrəvan Müəllimlər Seminariyasına qəbul olunur. Seminariyada görkəmli maarifçi Firidun bəy Köçərli ilə tanış olur. O, gənc Haşımda yaradıcılığa maraq oyadır. Tiflisdə nəşr olunan “Kəşkül” jurnalı və bir sıra qəzetlərlə əməkdaşlıq edir. Yazdığı məqalələrdə mollaxana və mədrəsələrdəki dərs proqramının zamanla ayaqlaşmadığını, müasir tədris metodlarının vacibliyini vurğulayır.
Seminariyanı bitirdikdən sonra uzun müddət İrəvan quberniyasının Böyük Vedi, Cavanşir qəzasının Alpout, Şəkinin Kiçik Göynük kəndlərində müəllim, Bərdədə və Şuşada məktəb müdiri işləyir. Haşım bəy Vəzirov məktəbdə işləməklə yanaşı, Şuşa şəhər bələdiyyəsinə üzv seçilir. Burada bələdiyyə üzvü olan ermənilər ayrılan vəsaitin çoxunu öz məhəllələrinin abadlaşdırılmasına xərcləyirdilər. O, fəaliyyətə başladığı ilk gündən bu ayrı-seçkiliyə son qoyulmasını tələb edir. Bakıda rus dilində çap olunan “Kaspi” qəzetində Şuşa bələdiyyəsinin fəaliyyətini kəskin tənqid edir. Haşım bəyin mübarizliyi yerli məmurların xoşuna gəlmir. Yuxarı dairələrə əleyhinə gizli şikayət məktubları yazdırırlar. Hökumət məmurları da bu məktubları əsas tutaraq 1906-cı ildə məhkəmənin qərarı ilə Haşım bəyi Rusiyanın Stavropol şəhərinə sürgün etdirirlər.
Ancaq sürgün həyatı uzun sürmür. O, həmin ilin payızında Şuşaya qayıdır. Tanınmış ictimai xadim, yazıçı-publisist Əhməd bəy Ağaoğlu onu yaxından tanıdığı, savadına və dünyagörüşünə bələd olduğu üçün “İrşad” qəzetində işləməyə dəvət edir. Əhməd bəy Peterburqa səfərə gedərkən qəzetin redaktorluğunu ona tapşırır. Qəzetin 15 nömrəsi H.Vəzirovun redaktorluğu ilə çap olunur.
Daha sonra Haşım bəy böyük mesenat Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə 1 aprel 1907-ci ildən “Tazə həyat” qəzetinin nəşrinə başlayır. Qəzetdə Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əliabbas Müznib, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Tağı Şahbazi və başqaları onunla əməkdaşlıq edir. O, qəzetdə çar Rusiyasının azərbaycanlılara qarşı yürütdüyü ədalətsiz siyasəti ifşa edən yazılar dərc etdirir. Nəşrin bu mövqeyi çar məmurlarını qəzəbləndirir və 1908-ci ilin sentyabrında Bakı general-qubernatoru “zərərli istiqamətinə görə” qəzetin bağlanması ilə bağlı əmr imzalayır.
Alovlu publisist 1 dekabr 1908-ci ildə “İttifaq” adlı yeni qəzetin nəşrinə icazə alır. Qəzetdə “Keyfim gələndə”, “Birisi” imzası ilə məqalələr dərc edir. “İttifaq” da “Tazə həyat”ın yolunu davam etdirdiyinə görə, 3 oktyabr 1909-cu ildə Bakı bələdiyyə rəisi tərəfindən bağlanır. Bütün bunlara baxmayaraq, o, mübariz mövqeyini dəyişmir. Çətinliklə də olsa, “Səda” adlı qəzetin nəşrinə nail olur. Qəzet qısa müddət ərzində böyük nüfuz qazanır, o dövr üçün çox yüksək sayda - 5 min tirajla çap olunur.
Bakı Vilayət Jandarm İdarəsi 1911-ci il martın 14-də qəzetdə hökumət əleyhinə təbliğat aparıldığını əsas tutaraq H.Vəzirov və yazarlardan Əliabbas Müznibin həbsinə qərar verir. Bir aydan sonra onlar həbsdən buraxılsalar da, jandarm nəzarətinə götürülürlər. H.Vəzirov türkçülük, islamçılıq təbliğatını davam etdirir. Həmin il avqustun 14-də “Səda” qəzetinin də nəşri dayandırılır.
Xalqın maariflənməsi yolunda yorulmadan mübarizə aparan görkəmli naşir sentyabrın 27-də “Kavkazets” qəzetinin nəşrinə başlayır. On bir sayı çıxdıqdan sonra bu qəzet də bağlanır. O, ruhdan düşmür və mübarizəsini davam etdirir. 29 oktyabr 1914-cü ildə “Məzəli” satirik jurnalının nəşrinə icazə alır. Lakin Birinci Dünya müharibəsinin başlaması qəzet və jurnalların da işini çətinləşdirir. Haşım bəyin nəşrləri mülki və hərbi işçilər - senzorların birləşmiş dəstələrinin nəzarəti altında çap olunur. “Kefim gələndə” imzası ilə yazılarının çapına qadağa qoyulur.
H.Vəzirov tərcüməçiliklə də məşğul olub, Uilyam Şekspirin “Otello” faciəsini ruscadan dilimizə çevirib. Həmçinin bədii yaradıcılıqda özünü sınayıb, “Döymə qapımı, döyərlər qapını”, “Evlənmək su içmək deyil”, “Xan-xan” kimi komediyaları maraqla qarşılanıb.
Azərbaycanda ilk dəfə mətbuat şəbəkəsi yaradan görkəmli maarifçi 1916-cı ildə dünyasını dəyişib.
Savalan Fərəcov