“Qaydasız müharibə” (“Voyna bez pravil”) - Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi tərəfindən rus dilində hazırlanan elektron toplu belə adlanır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin fəsadlarından bəhs edən elektron resursda bu mövzuda kitablardan parçalar, dövri mətbuat və internet saytlarından məqalələr, tədqiqat və analitik materiallar toplanıb.
İctimai birlikdən verilən məlumata görə, altı tematik bölmə və biblioqrafiyadan ibarət toplu erməni işğalçılığının bütöv mənzərəsini (etnik təmizləmə, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma, təbii sərvətlərin istismarı, tarixi abidələrə qarşı vandalizm, yer adlarının dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan) əhatə edir.
Tarix boyu bütün müharibələr qırğınlar, talanlarla yadda qalıb. Amma onların hamısı amansız olmayıb, bəzi savaşlarda qadın, uşaq və qocalara rəhm edilib, dini inanc yerləri, məzarlıqlar, tarixi-mədəni abidələr dağıdılmayıb. XIX əsrin sonlarında bununla bağlı beynəlxalq konvensiyalar qəbul olunub və müharibələrin “ümumi qaydaları” müəyyənləşib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi ilk günlərdən insanlıq əleyhinə cinayətlər, soyqırımı, vandalizm aktları ilə müşayiət olunub. Bu barədə tarixi həqiqətləri dünyaya daha geniş şəkildə yaymaq lazımdır. Rus dilində tərtib edilən elektron toplu bu məqsədə xidmət edir.
Elektron resursla Effektiv Təşəbbüslər Mərkəzinin www.azerbaycanli.org saytında tanış olmaq olar. Layihə təşkilatın reallaşdırdığı “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə” internet platformasının növbəti mərhələsidir. İndiyədək bu platformada Azərbaycan və rus dillərində “Qarabağ tarixi”, “Qarabağ ədəbiyyatı”, “Azərbaycan tarixi günbəgün” və s. elektron resurslar yaradılıb.