Ölkəmiz Sankt-Peterburq VI Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub
16-18 noyabr tarixində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Mədəniyyət Forumu başa çatıb. Bu il altıncısı təşkil edilən tədbirin qonaq ölkələri Qazaxıstan və Yaponiya olub.
Forumda Azərbaycandan nümayəndə heyəti də iştirak edib. Heyətdə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin baş məsləhətçisi Vüqar Baxışov, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və başqaları yer alıb.
Açılış mərasimində çıxış edən Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, mədəniyyət forumunun xüsusi əhəmiyyəti incəsənətin sərhəd tanımadığını göstərməyindədir.
Rusiyanın mədəniyyət naziri Vladimir Medinski forumun iştirakçıların və qonaqların sayına görə liderlər sırasında yer aldığını deyib. Bildirib ki, 35 min iştirakçı, 1000 əcnəbi qonaq, yüzlərlə mədəniyyət və işgüzar tədbir - bütün bunlar mədəniyyətə tələbatın olduğunu göstərir.
Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin baş məsləhətçisi Vüqar Baxışov forumun Rusiyanın mədəniyyət paytaxtında keçirilməsini rəmzi hal kimi qiymətləndirib: “Sankt-Peterburq açıq səma altında çox gözəl muzeydir. Elə ilk təəssüratlarımız da çox yüksəkdir. Forumun belə bir gözəl şəhərdə keçirilməsi onun bütün iştirakçılarını daha da ruhlandırır, onlara müsbət enerji bəxş edir. Məqsədimiz birdir - mədəniyyətə xidmət etmək. Hər kəs öz milli mədəniyyətinə xidmət edir. Hamımız birlikdə dünya mədəniyyətinə töhfə veririk. Müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin görüşməsinə şərait yaratdığına görə Rusiyaya təşəkkür edirik. İnsanları bir araya gətirmək, onlara dinc yanaşı yaşamağı, inkişaf etməyi və yeni-yeni zirvələr fəth etməyi öyrətmək üçün bütün vasitələri işə salmaq lazımdır”.
Kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib ki, buna bənzər başqa tədbirlər kimi, bu mədəniyyət forumu da dərin bir təşvişin qanunauyğun nəticəsidir. Hazırda dünya bəşəriyyətin ona münasibətinin ifadə olunması funksiyasını mədəniyyətin heç də həmişə öz üzərinə götürmədiyi xüsusunda bunu hiss edir. Bəşəriyyət özünün yaşadığı dövrə mədəniyyət vasitəsilə hökm verir.
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib ki, mədəni dialoq sivil cəmiyyətdə münasibətlər qurmağın əsasıdır: “Rusiyanın nə qədər mədəniyyət xadiminin - yazıçıların, şairlərin, musiqiçilərin və rəqqasların Qafqaz, xüsusilə Azərbaycan haqqında yeni əsərlər yaratmağa ruhlandığını, bərəkətli Azərbaycan torpağının yetişdirdiyi nə qədər istedadlı insanın Rusiya mədəniyyətinə böyük təsir göstərdiyini bilirsinizmi? Bu dialoq əsrlər boyu davam edir, dövlətlərarası münasibətlər qurmaq üçün etibarlı zəmin yaradır”.
* * *
Forum çərçivəsində balet, rəqs, rəssamlıq, ədəbiyyat, kino, musiqi, teatr, təhsil, turizm üzrə tədbirlər təşkil olunub.
Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqas, Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müdiri Tahir Eynullayev forumun balet və rəqs tədbirlərinə qatılıb. O, həmçinin Vaqanova adına Rusiya Balet Akademiyasında şagirdlər və müəllimlər üçün keçirilən açıq dərslərdə iştirak edib.