Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Dünya Mətbuat Şuraları Assosiasiyasının Hindistanda keçirilən illik toplantısında iştirak edib.
Toplantıda öncə təşkilata üzv ölkələrin ötən müddətdə gördükləri işlərə dair hesabatı dinlənilib. Ə.Amaşov çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, başlıca missiyası cəmiyyətin müxtəlif təbəqələrinin kütləvi informasiya vasitələrindən şikayətlərinin araşdırılması, qərar və rəylərin çıxarılması olan Azərbaycan Mətbuat Şurasının tədbirləri ictimai qınağa əsaslanır. Bu, medianın özünütənzimləməsinin mahiyyətindən irəli gələn missiyadır və kifayət qədər effektiv nəticələr verir.
Qeyd olunub ki, yeni medianın təşəkkül tapdığı, informasiya paylaşımı üçün münbit zəminin formalaşdığı indiki dönəmdə media azadlığının ayrı-ayrı cəmiyyət üzvlərinin mənafelərinə təsiri daha çox müzakirə edilməlidir: “Təbii ki, medianın peşəkarlıq meyarları dəyişməzdir, sabitdir. Ancaq real vəziyyət bundan ibarətdir ki, internet məkanında baş verən qeyri-peşəkarlığın daha çox hüquqi müstəvidə müzakirəsinin vacibliyi məsələsi önə çıxır. Çünki media bəzən cəmiyyətdəki azadlıq balansını öz xeyrinə dəyişir. Belə bir durumda inzibati müdaxilə üçün haqlı əsas yaranır”.
Mətbuat Şurasının sədri həmçinin Hindistanda Milli Mətbuat Günü ilə əlaqədar təşkil olunan bayram tədbirinə qatılıb. Hindistan jurnalistlərinə azərbaycanlı həmkarları adından təbriklərini çatdıran Ə.Amaşov bu ölkədəki eyniadlı qurumun rəhbərinə simvolik hədiyyə kimi hind tacirlərinin Bakıda tikdirdikləri Atəşgah məbədinin maketini təqdim edib.