Yazıçı-publisist Əli İldırımoğlunun 90 illiyinə həsr olunan gecə
Noyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə yazıçı-publisist, Əməkdar jurnalist, “Şöhrət” ordenli Əli İldırımoğlunun (Məmişov) 90 illik yubileyi qeyd olundu. Tədbirdə rəsmilər, Milli Məclisin deputatları, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Mərasim iştirakçıları əvvəlcə mərkəzin foyesində Əli İldırımoğlunun bədii-publisistik fəaliyyətinə dair dövri mətbuat materialları və kitabları əsasında hazırlanmış sərgi ilə tanış oldular.
Yubiley gecəsinin aparıcısı Xalq artisti Nurəddin Mehdixanlı iştirakçıları salamladıqdan sonra sözü mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verdi.
Yubilyarı təbrik edən nazir yazıçının həyat yolunun gənc nəslə örnək olduğunu dedi: “Gənc yaşlarından ölkəmizin müxtəlif bölgələrində müxbir işləyən Əli İldırımoğlu sadə insanların həyat yolundan, problemlərindən yazmaqla onların böyük rəğbətini qazanıb. Onun bədii əsərlərində Qarabağ mövzusu mühüm yer tutur, Vətənə sonsuz sevgi yaradıcılığının leytmotivini təşkil edir. Ə.İldırımoğlunun mühüm fəaliyyətlərindən biri də Azərbaycan dili ilə bağlıdır. O, daim dilimizin saflığının qorunmasına çalışıb”.
Qeyd edildi ki, Qubadlı rayonunun Əliquluuşağı kəndində dünyaya göz açan Əli İldırımoğlu yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Zorən jurnalist”, “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov doğum gününü Milli Dirçəliş Günündə qeyd etməyin böyük xoşbəxtlik olduğunu dedi: "Jurnalist, publisist və yazıçı Əli İldırımoğlu bütün mənalı həyatında öz qələmi ilə milli dirçəlişə, milli şüurun oyanışına ləyaqətlə xidmət edib. Onun romanlarının hər biri böyük təcrübənin bəhrəsidir".
Vurğulandı ki, qırx il mətbuatda jurnalist kimi çalışdıqdan sonra 80-ci illərdən etibarən bədii əsərlər yazmağa başlayan Əli İldırımoğlu Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan yazıçıdır. Əksəriyyəti bioqrafik xarakter daşıyan romanlarında Azərbaycan həyatının elə detalları, mənəviyyatın elə məqamları əksini tapır ki, onu hər kəs müşahidə edə bilməz. Onun yaradıcılığı oxucular, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanır: “Əli İldırımoğlu qələm adamıdır. Ürəyini kağıza boşaldan söz sahibidir. O, dünyaya göz açandan dilini öyrəndiyi yerin-yurdun, dünyadan köçərək həmin yer-yurda qovuşmuş əziz, munis insanların taleyindən yazır. Əli İldırımoğlu ona görə yazır ki, o dili gələn nəsillər unutmasın, yazdıqları keçmişlə gələcək arasında körpü olsun. Müəllifin haqqında bəhs etdiyi o yerlər, o ata yurdu çoxdandır ki, düşmən tapdağı altındadır. Əli İldırımoğlu həmin qəlbisınıq yerlərin, o yerlərdəki gülün, bulağın, qayanın, mamırın dilindən yazır, o ruh unudulmasın deyə yazır”.
Sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov yubilyarı rayon ictimaiyyəti adından təbrik edərək ona xatirə hədiyyəsi təqdim etdi.
Digər çıxışlarda Əli İldırımoğlunun jurnalistlik fəaliyyəti, ölkəni qarış-qarış gəzməsi, Azərbaycanın mürəkkəb bir dövrünü ədəbiyyata gətirməsi, bütün yaradıcılığının doğulduğu yurda sonsuz sevgi ilə yoğurulması vurğulandı.
Sonra tədbir iştirakçıları yazıçının həyat və yaradıcılığından bəhs edən filmə baxdılar.
Yubiley gecəsi Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında musiqilərlə müşayiət olundu.
Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.
Fariz Hüseynov