Molla Pənah Vaqif - 300 
   
   Molla Pənah Vaqif (1717-1797) öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri yaratmaqla milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri onun irsi ilə özünün növbəti mərhələsinə - realizmə qədəm qoymuşdur. Buna görə də Vaqif erkən yeni dövr realist şeirimizin əsas yaradıcılarından hesab olunur. 
   Vaqifin poeziyası bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edir və çağımızda da öz əhəmiyyətini qoruyub saxlayır. Şairin Azərbaycan poeziyasının ideya-sənətkarlıq və janr, üslub cəhətdən yeni keyfiyyətlər qazanmasında mühüm xidmətləri var.
   
   Yüksək zövq, dərin duyğular şairi
   
   Vaqif hər şeydən öncə yüksək zövq, dərin duyğular şairidir. Klassik şeirimizin əsas mövzusu olan gözəllik onun yaradıcılığında yeni bir məna kəsb edərək oxucuya ötürülür. Müəllifin poeziya örnəklərinin janr mənzərəsinə diqqət yetirəndə görürük ki, qoşma şairin gözəllik duyğusunun ifadəsində önəmli vasitədir. Şairin ədəbi irsi xalq aşıq şeirinin gözəl nümunələridir. Sadə üslubda, xalq ruhunu oxşayacaq şəkildə qələmə alınan bu nümunələr əsrlərdir dillər əzbərinə çevrilib, saz havalarında yaddaşlara köçüb. Qəzəlləri isə muğam və dəsgahlarla qovuşaraq könülləri oxşayıb. 
   Görkəmli qələm sahibinin şeirləri bəstəkarlar üçün də hər zaman maraqlı olub. Tanınmış bəstəkarlardan Cahangir Cahangirov “Durnalar”, Əşrəf Abbasov “Heyran olmuşam”, Qəmbər Hüseynli “Tel nazik”, “Bulud zülflü”, “Sonalar kimi” şeirlərinə musiqilər bəstələyiblər.
   Onun yaradıcılığına daha çox üz tutan bəstəkarlardan biri də “Vaqif” operasının müəllifi Ramiz Mustafayevdir. O, şairin sözlərinə xor üçün də əsər yazıb. Əsərdə Vaqifin “Görünür”, “Sevmişəm”, “Ey süsən-sünbül”, “Bağlandı”, “Sənə”, “Tellər”, “Sevdiyim” qəzəllərindən istifadə olunub. Bəstəkarın fortepiano, solist və xor üçün “Oynasın” əsəri də maraqlıdır. R.Mustafayevin “Küsmüşəm” romansı Vaqifin “Mehribanlıq görməyib bir məhliqadan küsmüşəm” misrası ilə başlayan məşhur qəzəlinə bəstələnmişdir. 
   Bəstəkar Tamilla Məmmədzadənin “Neçin gəlmədin” mahnısı Vaqif yaradıcılığından su içən nəğmələr sırasındadır. Görkəmli müğənni Zeynəb Xanlarovanın vaxtilə ifa etdiyi “Sevdiyim, ləblərin yaquta bənzər” mahnısı da böyük populyarlıq qazanmışdı. 
   Böyük şairin poeziyası bu gün müasir bəstəkarların da diqqətindədir. Gənc bəstəkar, pianoçu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının müəllimi Pikə Axundova bu yaxınlarda keçirilən yaradıcılıq gecəsində bildirmişdi ki, onun ilk bəstəsi, bəstəkarlıq səriştəsi məhz Vaqifin qoşmasına yazılan əsərlə üzə çıxıb.
   
   Muğam dünyası - Vaqif dühası
   
   Azərbaycan muğam ifaçılığında da Vaqifin qəzəl və qoşmalarına mütəmadi müraciət olunur. Xanəndələrimizin repertuarında yer alan “Güllü qafiyə” şairin poeziyasının, bulaq kimi axan misralarının musiqi ilə həmahəng harmoniyasıdır. “Şirin danışıban, xoş gülən gərək”, - deyən şairin əsərləri sanki musiqi üçün qələmə alınıb. Təbii ki, hansı qəzəlin və qoşmanın hansı muğama uyğun gəlməsi onu ifa edən xanəndədən böyük istedad, diqqət və məharət tələb edir. Şairin qoşmaları hər zaman tanınmış xanəndələrin repertuarının bəzəyi olub. 
   Əməkdar incəsənət xadimi, xanəndə, Azərbaycan Milli Konservatoriyasının müəllimi Aqil Məlikov bildirir ki, şairin qəzəllərindən çox qoşmaları muğamda istifadə olunub. Azərbaycan kinosunun incilərindən biri, 1956-cı ildə lentə alınan “O olmasın, bu olsun” filmində yer alan qonaqlıq səhnəsində unudulmaz xanəndə Xan Şuşinski məhz Vaqifin qəzəlinə müraciət edib. Filmdə “Kürdü-Şahnaz” muğamı üstündə səslənən: 

   Sevdiyim, ləblərin yaquta bənzər,
   Sərasər dişlərin dürdanədəndir.
   Sədəf dəhanından çıxan sözlərin
   Hər biri bir qeybi-xəzanədəndir.
   
 - misraları tamaşaçıları xəyallara daldırır. 
   Aqil müəllimin onu da diqqətə çatdırır ki, axırıncı sətirdəki “qeybi-xəzanədəndir” ifadəsi son dövrlər səhvən “qeyri” kimi oxunur. Əfsus ki, yeni dərc edilən kitabların əksəriyyətində də bu yanlışlığa yol verilir. Qarabağ xanəndələri, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlunun ifasında biz şairin söz sənətinin yaşadılmasının şahidi olmuşuq. Bir çox xalq mahnılarımız da məhz Vaqifin sözləri ilə yaddaşlara həkk olunub.
   
   Saza doğmalıq
   
   Vaqif yaradıcılığı aşıq sənətinin də inkişafında xüsusi rol oynayıb. Onun saz sənətinə bağlılığı, vurğunluğu şeirlərində də hiss olunur. Şairi bəzən əbəs yerə “aşıq-bəstəkar” adlandırmırlar. 
   Müəllifin qoşmaları bu gün də aşıqların dilindən düşmür. Dədə Qorquddan bu günə kimi gələn ozan-aşıq mədəniyyətinin ən gözəl daşıyıcılarından biri Vaqif poeziyasıdır. Çünki bu şeirlərdə aşıq ruhu özünü daha qabarıq şəkildə büruzə verir. Bunun da əsasında, təbii ki, xalq ruhu var. Şairin ədəbi irsinin böyük əksəriyyəti məhz o dövrün saz-söz sənətkarlarının ifası ilə dildən-dilə, eldən-elə dolaşaraq geniş şöhrət qazanmışdır. Onun deyim-duyum tərzi ozan sənətinin cazibəsini daha da artırmış, aşıqlığın imicinin cilalanmasına mühüm təsir göstərmişdir. Şairin xalqla iç-içə olması, el ilə nəfəs alması burada mühüm rol oynamışdır. Həqiqət budur ki, xalq ruhuna doğma olmayan söz toplusu saz sənəti ilə ahəngdar şəkildə birləşə, dinləyicinin qəlbini titrədə bilməz. Amma Vaqifin real ünvanlı qoşmaları aşıq sənəti aşiqlərini, saza könül verənləri özünə daha tez bağlaya bilir... 
   Təsadüfi deyil ki, bu təbii bağlılıq sayəsində aşıqlar tərəfindən Vaqif haqqında olan rəvayətlər biçimə salınaraq “Vaqif” dastanı yaradılıb. Bu dastan bir daha şairin saz-söz sənətində nə qədər yüksəkdə dayandığına işarədir.
   Mərhum ustad Aşıq Şəmşirin ifasında “Vaqif gözəlləməsi”, “Ovşarı”, “Aran gözəlləməsi”, “Kərəm gözəlləməsi” üstündə şairin qoşmaları elə cəlbedici səslənir ki:
   
   Ala gözlü, sərvi boylu dilbərim,
   Həsrətin çəkdiyim, canan, bəri bax.
   Gecə-gündüz fikrim-zikrim, əzbərim,
   Üzüldü taqətim, aman, bəri bax!...
   
   Bütün bu amillərə görə tam əminliklə deyə bilərik ki, əsrlərdir aşıqların repertuarında olan Vaqif poeziyası, sözün əsl mənasında, sazla birlikdə yaşamağa qadirdir.
   Ədəbiyyatşünas alim, şairin irsinin araşdırıcısı, akademik Nizami Cəfərov qeyd edir ki, Molla Pənah Vaqif folklor üslubunu klassik üslub hesabına zənginləşdirirdi. Bu yolla o, yaradıcılığında xəlqiləşmə aparırdı və məhz bu xəlqiləşmə şairi daim xalqın qəlbində yaşadacaq.
   
   Lalə Azəri