Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Nuri-didə Ceyhun” əsəri əsasında yeni tamaşa hazırlanır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.
O deyib: “Müəllif tərəfindən janrı musiqili yuxu-kollaj kimi təyin edilən əsər Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edir. Pyesdə Ceyhun Hacıbəyli mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazıdır. Fransada Vətən həsrətli yuxularla təskinlik tapan Ceyhun Hacıbəyli məşəqqət dolu həyatında bir-birinin ardınca aldığı itkilərlə psixoloji cəhətdən sarsılsa da, ömrünün sonuna qədər mühacir həyatı sürür. Bütövlükdə bu ziyalı soydaşımızın ictimai-siyasi və şəxsi həyatını özündə ehtiva edən əsərdə Ceyhunun vətənsizliyi ön planda göstərilir”.
Rolları Xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Pərviz Məmmədrzayev, Əkbər Əlizadə, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Novruz Novruzlu, Elnarə Nağdəliyeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Mehriban Zalıyeva, Firuz Məmmədov, Əliməmməd Novruzov və Şaban Cəfərov ifa edirlər.
Tamaşada Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov və Niyazinin musiqilərindən istifadə olunacaq.