Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmana Azərbaycan Dillər Universitetinin (ADU) dəvətli professoru adı verilib.
Universitetdən bildiriblər ki, bununla əlaqədar keçirilən görüşdə ADU-nun rektoru, akademik Kamal Abdulla tanınmış ədəbiyyatşünas, dünya mədəniyyətinin bilicisi Z.Hartmanla birgə hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün əhəmiyyətli layihələr həyata keçirdiklərini söyləyib. Bildirib ki, Bakı Slavyan Universitetinin, Almaniyanın Yohannes Qutenberq Universitetinin və Osvald fon Volkenştayn Cəmiyyətinin alman mədəniyyətinin nadir incilərindən biri “Nibelunqlar haqqında nəğmə”nin “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisəli şəkildə öyrənilməsi üzrə birgə layihənin səmərəli nəticələri olub. Rektor ADU-da yeni yaranacaq Germanistika İnstitutunun almaniyalı və azərbaycanlı alimlərin yeni elmi platforması olacağına əminliyini bildirib.
Professor Z.Hartman ADU-nun dəvətli professoru olmasından şərəf duyduğunu bildirib. O, universitetdə Orta əsrlər ədəbiyyatını tədris edəcəyini deyib.
Sonra Z.Hartman universitetin müəllimləri və alman dili ixtisası üzrə təhsil alan tələbələrinə oxuduğu mühazirədə “Nibelunqlar haqqında nəğmə” ilə “Kitabi-Dədə Qorqud”un müqayisəli təhlilini aparıb.