“ABAD” və Milli Turizm Təbliğat Bürosu arasında əməkdaşlıq sənədi imzalanıb
   
   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ABAD” publik hüquqi şəxs ilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosu (MTTB) publik hüquqi şəxs arasında anlaşma memorandumu imzalanıb.   
   Əməkdaşlıq sənədini “ABAD”ın direktoru Rüfət Elçiyev və MTTB-nin direktoru Fuad Nağıyev imzalayıblar.
   Memorandumun imzalanmasında məqsəd Azərbaycanın və Bakı şəhərinin tarixi mədəni zənginliyinin təbliğ edilməsi istiqamətində iki qurum arasında səyləri birləşdirmək, “ABAD” tərəfindən yaradılmış ailə brendlərinin xarici ölkələrdə tanıdılmasına dəstək göstərmək, ailə təsərrüfatlarının turizm sektoruna cəlb olunması istiqamətində birgə addımlar atmaq və turizm sahəsində yeni brendlərin formalaşdırılması işində birgə çalışmaqdır.
   Sənədə əsasən, MTTB tərəfindən ölkə daxilində və ölkə xaricində təşkil ediləcək tədbirlərdə “ABAD”çı sənətkar ailələrinin əl işlərinin təqdim olunması və sənətkarların həmin tədbirlərdə iştirakı təmin olunacaq. 
   Bundan başqa, tərəflərə məxsus olan sərgi-satış mərkəzləri, turizm informasiya mərkəzləri, məlumatlandırma köşklərində hər iki qurum tərəfindən hazırlanan və məqsədi ölkənin özünəməxsus dəyərlərinin tərənnümü olan təbliğat materiallarının nümayişi və təqdimatı həyata keçiriləcək.