Siyasi qalmaqallı bir zamanın həm də böyük EKRAN yazıçısı İmran Qasımov
Əsasən, qeyri-sintetik sahə adamları haqda işlədilən “istedadlı” təyinini bu yazıçının “kinoçu”luğuna da aid etmək olar.
Bəli, İmran Qasımov istedadlı ssenarist idi. Onun ssenariləri əsasında ekranlaşdırılmış və kino sənət-sahəmizin hələ yarımmilli (sovet) dövrünün “qızıl fond”una daxil edilmiş “Bizim küçə”, “Onun böyük ürəyi”, “Əsl dost”, “İnsan məskən salır” və s. filmlər bu gün də maraqlı sənət nümunələri kimi qarşılanmaqdadır.
Ədəbiyyat-mədəniyyət aləminin rəsmi-rəyasət sahələrində tez-tez bir məqam-mənsəbdən digərinə doğru irəliləyib, öz istedad və təşkilatçılıq bacarığıyla müxtəlif təşkilatlara başçılıq etmiş bu maraqlı ədibin, demək olar, hər iki-üç əsərindən biri lentə alınıb.
Təbii ki, bu təqdimat hələ onun sənət-fəaliyyət dəyərinin, köhnə kino-teatr tamaşaçıları leksikonuyca desək, “jurnalıdır”, “kinosu daldadır” və həmin o “kino”dan -
Epizodlar:
Əlbəttə, xeyli dərəcədə fraqmental; dövrünün sənət nəbzi fövqündə duranlardan biri olmuş bu son dərəcə fəal-məhsuldar sənətkarın etdiklərini bir “yazı kinosu”na sığışdırmaq olarmı?
Öncə, bu çox çevik ədib, dramatik dramaturqun ustad qələmindən vizuallaşan fenomenal-meridianal lentləri, intellektindən formalaşan “ekrandakı talelərlə kino-zaldakı talelər arasındakı fərq ekran pərdəsi ilə oturacaqlar arasındakı məsafədən çox olmamalıdır” kimi erudision fikirləri birlikdə xatırlayaq və keçək müxtəlif mənbələrdə uyuyan bəzi fakt və xatirələrə. Bunlardan biri də - sağ ikən ətrafındakı “badalaq” istedadlıların onun ürəyinə “aşıla”dıqları infarkt-“ilişmə” epizodları imiş ki, “övladlar ataların cinayətinə cavabdeh deyillər” tabusuna binaən, üstündən sükutla keçməliyik.
Bu yazıçının rəngarəng yaradıcılıq aləminə - epik-lirik, dramatik-kinematoqrafik əsərlərinə göz gəzdirdikcə isə, haqqında söylənəsi fikirlər qarşısında geniş meydan açılır. O, gənc vaxtlarından maraqlı ədəbi-bədii nümunələr yaratmağa başlayıb. 22 yaşında Bakı neftçilərinin həyatından bəhs edən “Yeni horizont” bədii filminin ssenarisini yazıb. Onun dil-üslub xüsusiyyətləri, situasiyayaratma manevrləri, ekoloji təsvir, psixoloji təfsir, eleqant monoloq və “intriqant” dialoqları ilə tanış olduqca, oxucuya elə gəlir ki, bu yazıçı ADU-nun (BDU) Filologiya fakültəsini yox, dünyanın (hələ mövcud olmayan) hansısa “detektiv universitet”ini bitirib. Elə mən də məhz bu sayaq elementlərə görə ona bağlı bu yazıma “qələm ritmikası” çaları ilə yox, “göz qənimətləri” ladıyla başlıq vermişəm.
Deyim ki, onun sənət-bəsirət gözünün açılımına qədərki dövrü də öz dramatikliyilə səciyyəvi olub. O “dramatizm”in baş qəhrəmanı, təbii ki, müharibə imiş. Həmin dövrün termin qəhrəmanı olan “arxa cəbhə”nin ədəbi-bədii səngərinə zəngin material lazım idi və iyirmi üç yaşlı İmran bu tip “istehsalçıların” önündə gedir, dövri mətbuatda zarisovka, oçerk, reportaj, məqalə “atəşləri” saçırmış. Gündüzlər müşahidə kəşfiyyatına çıxar, gecələr alovlu publisistik yazılar yazarmış. Lakin günlər tez, aylar boz keçdiyindən, o “bir kağız, bir qələm” aləmindən “söz və göz” dilinə keçməyi qərarlaşdırır. Yəni başını qaşımağa macal tapmayan cəmiyyət üçün tiraj-tiraj yazıb, adda-budda oxutdurma işindən - yazdıqlarını lentə aldırıb kütləvi-ölkəvi baxdırma işinə qədəm qoyur. İctimai məna-mahiyyətini, qələbə güdüyünü dəyişməyən qələmi vizual ritmlərlə döyünməyə başlayır. 1942-ci ildə daha bir ssenari ilə kino mədəniyyətimizə pay (“Sovqat”) verir. Arada yazıb lentə aldığı bir neçə qısametrajlı filmlərdən sonra - 1945-ci ildə od-alovlardan qurtulmaqda olan vətən tamaşaçıları ilə görüşə “Əbədi Odlar ölkəsi” sənədli filmi ilə gəlir.
“Hər aşiqin dövranı” olursa, bütöv bir dövranın da eyni sevgiyə müştaq aşiqləri olmazmı?
Olar...
Bunun adı QƏLƏBƏ idi. Bütün zamanlarda döyüşmüş, döyüşən və hələ döyüşəsi tərəflərin eyni istəyi (amma həm də... böyüklərin bu dava-dava “oyun”u - “halva-halva” deməklə alınmayan problemlərin ən cəncəli)! Bu, siyasətində qırx, cəmiyyətində çoxdilli SSRİ-nin milyonlarından çox şey umur, çox fədakarlıqlar gözləyirdi; “Neftçi Qurban” kimi mahnılardan tutmuş, gözəl səsin də mütləq “əməkçi insan surəti”nə xas olmasını təbliğ-təlqin edən “Bəxtiyar”, bizi çox-çox uzaq sahillərdəki bir oğlumuzun alman zabitlərilə dolu kinoteatra qoyduğu partlayıcının nə vaxt işə düşəcəyilə bağlı qeyri-adi həyəcan-maraq üstə kökləyən “Uzaq sahillərdə” kimi filmlərə qədər - hər şey!
Və bütün bunlar günlərlə-aylarla başa vurulmayan povestlərdən-romanlardan fərqli bir vasitə ilə bəyan olunmalıydı. Dörd il sərasər vəsvəsə-səksəkə içində yaşamış ölkəyə, siyasət-rəyasət dokladlarından doymuş əhaliyə sənətin ən əyani, “incəsənətin ən canlı” sahəsilə əyan edilməliydi. Gecələr işığı sönülü, qapı-pəncərəsi örtülü, aynası tutulu, qaş-qabağı qıfıllı arxa cəbhəçilər üçün ssenarilər yazılmalı, filmlər çəkilməliydi.
İmran Qasımov da bu atəşsiz cəbhənin barmaqsayı sənət komandirlərindən biri kimi çalışır, qələm-əsgərlərdən biri olaraq, müşahidələrini fövri-sürətlə qələm-kağıza alıb, kinolentlərə çəkdirirdi.
“İmran Qasımovun hər iki-üç kəlməsindən, beş-üç xatirat-təəssüratından biri əsl vizual element, nəticə etibarilə bitkin bir kinolent idi”. Müasirlərinin söylədiyi bu qənaəti onun zəngin filmoqrafiyası da təsdiq edir. Adlıqları, mövzuları, məram-məqamları öz avtoportretini andıran filmoqrafiyası!
Onun ssenariləri əsasında çəkilmiş, lakin zamanın ictimai-siyasi baxışlarıyla əlaqədar obyektiv-subyektiv münasibətlər tünlüyü içərisində gömülmüş bir çox filmlərindən fərqli - ünlü sənətkar Həsən Seyidbəyli ilə birgə yazdığı “Uzaq sahillərdə” (dünyanın 25 dilinə tərcümə edilmiş, Asiya-Afrika ölkələrinin kinofestivalında birinci yeri tutmuş) şedevrinə doğru çox böyük sürət, haqq-halal bir surətlə gəlirdi. Onlar bu kino-əsərlə “İnsanın taleyi” (M.Şoloxov) qarşısına mükəmməl bir Azərbaycan filmi, sinəsini atəşə sipər edib pulemyotu susduran bədii Matrosovların qabağına real-fenomenal bir Azərbaycan balası çıxarmış oldular. Bu sənədli-publisistik, ədəbi-bədii faktura kinematoqrafçılarımıza qeyri-adi bir ekran əsəri yaratmaq üçün əsrarəngiz dəstavuz vermiş oldu. Buradakı faktoloji təsvirlərin, situasiyaların, dialoqlardakı hədsiz dinamik-psixoloji nüansların yaradıcı qrup qarşısında açdığı üfüqlər hər kadrda, hər məqamda hiss olunur. Xüsusən də hadisələrin daxili polifoniyası ilə ecazkar dərəcədə səsləşən musiqi! Dahi Qara Qarayevin artillerik notları böyük Qələbə uğuruna qoşulan bu söz və şəkil duallığını triumfallaşdırmışdır!
Belə bir qənaəti də vurğulayım ki, kinematoqrafiya mütəxəssisləri bu filmdəki müəllif ifadələrindən bir çoxunun atalar sözü və zərb-məsəl dəyəri qazandığından da söhbət açıblar. Qeyd ediblər ki, məşhur “O olmasın, bu olsun” abidəsində olduğu kimi (“Heç hənanın yeridir?”, “Dəyərəm min cavana” və s.), “Uzaq sahillərdə” də gündəlik leksikon “menyu”muzu zənginləşdirən sözlər az deyil: “Doqquzun yarısında!”, “Qoy bir özümə gəlim”, “O, qardaşlıq dininə inanır, ata!”, “Xatırladım... gülsatan qız”, “Həmin dalğa, həmin koordinat” və s.
...Və bu filmo-titroqrafik sadalamadan sonra, bu çoxşaxəli müəllifin tituloqrafik “ad”almaları: alovlu publisist, görkəmli yazıçı, peşəkar ssenarist, təşkilati lider, nüfuzlu ictimai xadim...
Tahir Abbaslı