Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 28-də Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından vətəndaşları qəbul etdi.
Tədbirdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi. Əbülfəs Qarayev daha sonra Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış oldu.
Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı idi.
Mingəçevirdən qəbula gələn sakinlər şəhərdəki Rəsm qalereyasının fondlarında saxlanılan əsərlərin regionda sərgilənməsi, şəhərin tarix və mədəniyyət abidələrini, turizm potensialını nümayiş etdirmək üçün Mərkəzi kitabxanada monitorların quraşdırılması və başqa məsələlərlə bağlı xahişlərini diqqətə çatdırdılar.
Yevlaxdan qəbula yazılan vətəndaşların müraciətlərində şəhərdə Rəsm qalereyasının yaradılması, gənclər arasında mütaliəyə marağın gücləndirilməsi üçün "book kafe"lərin, mədəniyyət işçiləri üçün ixtisasartırma kurslarının təşkili, Xalq teatrının bazasında kukla teatrının yaradılması və müvafiq ləvazimatla təmin olunması xahiş edildi.
Bərdə sakinləri Kür çayı sahilində yerləşən Tuğay meşələrində ekoturizmin inkişaf etdirilməsi üçün düşərgələrin yaradılması, xarici dillərdə incəsənət sahəsində metodiki vəsaitlərin Azərbaycan dilinə tərcümə olunması, folklor nümunələrinin təbliği istiqamətində müsabiqə və festivalların keçirilməsi, abidə mühafizəçiləri üçün nümunəvi uniformaların hazırlanması ilə bağlı nazirə müraciət etdilər.
Tərtər sakinlərinin xahişləri rayonda qeydiyyatı olmayan tarixi abidələrin dövlət qeydiyyatına alınması, tanınmış incəsənət ustalarının cəbhə bölgəsində konsertlərinin təşkili, "Marağa-150" abidəsinə turistlərin cəlb olunması, Buzxana abidəsinin təmir olunmasına köməklik göstərilməsi barədə idi.
Ağcabədi, Ağdam və Laçın rayonlarından vətəndaşlar rayonların mərkəzləşdirilmiş kitabxana sistemlərinə (MKS) texniki vasitələrin və metodiki materialların verilməsi, kitab fondlarının zənginləşdirilməsi, Laçın rayonu üzrə Mədəniyyət mərkəzinin statusunun genişləndirilməsi barədə xahişlərini bildirdilər.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapdı, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verildi.
Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırdı. Bildirdi ki, vətəndaşlar tərəfindən irəli sürülən təşəbbüslər yerlərdə mədəniyyət və turizm işinin daha səmərəli təşkilinə zəmin yaradır. Nazir tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı məsələləri xüsusi qeyd etdi: “Budəfəki görüşdə də vətəndaşlarımızın mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində maraqlı təklifləri oldu. Xüsusilə Qarabağın tarixinin ölkəmizə gələn xarici turistlərə dəqiq şəkildə çatdırılması kimi həssas məsələlərin qaldırılması çox sevindirici haldır. Eyni zamanda bölgədə turizmin inkişafı ilə bağlı təkliflər səsləndi”.
Regionlarda turizmin inkişaf etdirilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu deyən Əbülfəs Qarayev bütün qəbullarda bununla bağlı səslənən təkliflərin nəzərdən keçirildiyini dedi. Vurğulandı ki, ölkəmizin zəngin mədəniyyəti turizm sənayesinin inkişafına da təsir göstərməkdədir. Dövlət başçısının sərəncamı ilə yaradılan regional mədəniyyət və turizm idarələri bu sahədə idarəçiliyin daha səmərəli təşkilini təmin edir.
F.Hüseynov