Noyabrın 28-də Yevlax şəhərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalının, Bərdə, Ağcabədi, Gəncə, İsmayıllı və Şəmkir regional mədəniyyət və turizm idarələrinin internet saytlarının təqdimatı keçirildi.
   Mərasimdə çıxış edən Əbülfəs Qarayev Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli sərəncamına əsasən nazirliyin 15 regional idarəsinin yaradılmasının bu sahədə idarəçiliyin təkmilləşdirilməsinə xidmət etdiyini dedi. Bildirdi ki, müasir dövrdə informasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə edərək ölkəmizin mədəniyyət və turizmini daha geniş şəkildə təbliğ etməliyik. Bu xüsusda internet portallarının önəmi böyükdür. Eyni zamanda mədəniyyət və turizm sahəsində çalışan insanların bilik və bacarıqlarının artırılması istiqamətində işlər görülməlidir.
   Nazirliyin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı - music.mctgov.az saytı haqqında məlumat verdi. Qeyd etdi ki, portalda ölkəmizin və dünya bəstəkarlarının haqqında məlumatlar, onların əsərlərinin notları yerləşdirilib. Həmçinin portalda musiqi və incəsənət məktəblərində tədris, məktəblərə qəbul qaydaları ilə tanış olmaq olar. Ustad dərsləri barədə videomateriallar, metodiki vəsaitlər, musiqi alətləri haqqında məlumatlar da saytda əksini tapıb. 
   Daha sonra Bərdə, Ağcabədi, Gəncə, İsmayıllı və Şəmkir regional mədəniyyət və turizm idarələrinin saytları haqqında məlumat verildi.
   Bildirildi ki, saytlarda regional idarələrin əhatə etdiyi rayonların mədəniyyət və turizmi haqqında dolğun məlumatlar əks olunub. Saytlarda sözügedən regionlarda yerləşən tarixi abidələr, muzeylər, turizm marşrutları ilə bağlı informasiyalara geniş yer verilib.
   Diqqətə çatdırıldı ki, ilin sonuna kimi bütün regional idarələrin saytları istifadəyə veriləcək.
   Nazir bu istiqamətdə görülən işlərin daha da sürətləndirilməsi üçün tapşırıq və tövsiyələrini verdi.
   
   Fariz