Noyabrın 24-də Üzeyir Hacıbəylinin ev-muzeyində görkəmli şair-dramaturq Hüseyn Cavidlə böyük bəstəkarın dostluğundan bəhs edən “İki dahi - iki dost” adlı tədbir keçirildi.
Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov tədbiri açaraq iki unudulmaz sənətkarı bir-birinə bağlayan ülvi tellərdən söz açdı. Bildirdi ki, Hüseyn Cavidlə Üzeyir bəy hələ gənclik illərindən dostluq edib. Onları bir-birinə bağlayan əqidə birliyi, sonra Cavidin “Şeyx Sənan” əsəri olub. Amma, əfsuslar olsun ki, “Şeyx Sənan” operası üzərində bərabər işləmək bu sənətkarlara nəsib olmayıb. Dəhşətli 37-ci il bütün arzulara son qoyur. 4 iyun 1937-ci ildə görkəmli ədib həbs edilir. Bu xəbər cavidsevərlər üçün, onun dostları, tanışları üçün çox ağır olur. Üzeyir bəy Cavidin başına gələnləri ürək ağrısı ilə qarşılayır...
Muzeyin elmi işçisi Sevinc Quliyeva çıxışında dahi sənətkarlarla bağlı xatirələrdən bəhs etdi. Diqqətə çatdırdı ki, Üzeyir bəyin bacanağı, görkəmli maarif xadimi, repressiya qurbanı Pənah Qasımov Hüseyn Cavidlə qonşu olub. Üzeyir bəy də o biri bacanağı, bəstəkar Müslüm Maqomayevlə tez-tez Pənahgilə təşrif gətirir. Belə görüşlərdə H.Cavid də iştirak edir, yaradıcı işbirliyi barədə söhbətlər olur. Cavidin həyat yoldaşı Mişkinaz xanım xatirələrində yazır: “Yadımdadır, 1936-cı ilin sentyabr ayının 27-də Pənah bəyin kiçik qızı Nigarın ad günü idi. Yenə də dostlar ora toplaşmışdı. Söhbət zamanı Üzeyir bəy üzünü Cavidə tutub dedi:
- Cavid əfəndi, özün bilirsən, “Koroğlu” üzərində işləyirəm. Yaman vuruşdayam. İnşallah, “Koroğlu”nu qurtarandan sonra ürəyimdə tutmuşam ki, sənin “Şeyx Sənan”ına opera yazım.
Cavid dedi:
- Üzeyir bəy, mən sənin qulluğunda həmişə hazıram. Nə vaxt istəsən “Şeyx Sənan”a libretto yazaram. Sonra Üzeyir bəy yarıkədərli bir halda dedi ki, özün bilirsən də mənim “Şeyx Sənan” operamın librettosu o qədər də xoşuma gəlmir. Sənin “Şeyx Sənan”ın mənim ürəyimcədir. Allah sənə də, mənə də cansağlığı versin. Yaxşı bir əsər yazarıq”.
30 aprel 1937-ci ildə Üzeyir bəyin “Koroğlu” operasının premyerasında Hüseyn Cavid də ailəsi ilə birlikdə iştirak edir. Əsəri çox bəyənən H.Cavid hədsiz sevinc içində “bu gün əsl xalq bayramı, əsl sənət bayramıdır”, - deyir. Sonra isə dostunu təbrik etmək üçün səhnə arxasına keçir. “Yeni yol” qəzetinin 6 may 1937-ci il tarixli sayında Cavidin “Koroğlu” operası ilə bağlı resenziyası dərc olunur.
Çıxışlarda Üzeyir Hacıbəyli ilə Hüseyn Cavidin dostluğu haqqında digər fakt və xatirələr də yada salındı.
Savalan Fərəcov