Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Parisə səfəri çərçivəsində UNESCO-nun baş qərargahında Azərbaycan və UNESCO nümayəndələrinin işçi görüşü keçirilib.
Mədəniyyətlərarası dialoq sahəsində birgə beynəlxalq fəaliyyətlərin müzakirə olunduğu görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, UNESCO yanında daimi nümayəndəliyin rəhbəri Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, UNESCO baş direktorunun müavini Nada Al Naşif və təşkilatın sülh, dialoq, rasizmlə mübarizə məsələləri üzrə şöbələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı imzaladığı sərəncamın icrası məqsədilə Azərbaycan və UNESCO arasında birgə fəaliyyətin həyata keçirilməsi, cari ilin may ayında Bakıda keçirilmiş IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, bu sahədə UNESCO və digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq imkanlarının yenidən nəzərdən keçirilməsi, 2018-ci ildə BMT Baş Assambleyasında “Bakı Prosesi”nin yubileyinin qeyd edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
UNESCO baş direktorunun müavini Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqi sahəsində fəaliyyətini alqışladıqlarını və dünya səviyyəsində ölkəmizin bu sahədə nümunə göstərildiyini, BMT-nin baş katibi Antonio Quterreşin və UNESCO baş direktorunun hesabatlarında “Bakı Prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumuna qlobal platforma kimi geniş yer verildiyini diqqətə çatdırıb.
Nazir Ə.Qarayev Azərbaycan Prezidentinin təşəbbüsü olan “Bakı Prosesi”nin artıq beynəlxalq bir hərəkata çevrilməsinin həm dövlətimizin bu sahədə davamlı və dayanıqlı siyasətinin, həm də beynəlxalq tərəfdaşların, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm, Dünya Ərzaq və Kənd Təsərrüfatı təşkilatlarının, Avropa Şurası, eləcə də İSESCO-nun birgə əməkdaşlığının bəhrəsi olduğunu vurğulayıb.
Görüşdə 2018-ci ilin əvvəlində tərəfdaş beynəlxalq qurumların iştirakı ilə “Bakı Prosesi”nə dair Beynəlxalq işçi qrupun iclasının keçirilməsinə dair qərar qəbul edilib.