Noyabrın 24-də Milli Kitabxanada yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabının təqdimatı keçirildi. Kitabın redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur. 
   Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirdi ki, yeni nəşr Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndələrindən biri, jurnalist, tərcüməçi, yazıçı, dramaturq, aktyor Əsgər ağa Goraninin (1857-1910) ömür yolundan, ictimai fəaliyyətindən bəhs edir. Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyat işi şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov kitabın əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, xalqımızın ictimai-mədəni həyatında yaxından iştirak etmiş ziyalımıza həsr edilən nəşr maraqlı faktlarla zəngindir. 
   Professor İzzət Rüstəmov görkəmli ziyalının yaradıcılığından bəhs etdi. Bildirdi ki, Ə.Gorani professional teatrımızın bünövrəsini qoyanlardan biridir. O, “Əkinçi” qəzetinin ən fəal müxbiri olub. “Qocalıqda yorğalıq” pyesinin və “Qara yel” romanının müəllifi olan ədib eyni zamanda Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakı realnı məktəbi şagirdlərinin iştirakı ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarında Teymur ağa və Hacı Qara obrazlarını canlandırıb. 
   Daha sonra professor Alxan Bayramoğlu, Əməkdar mədəniyyət işçisi, teatrşünas Atababa İsmayıloğlu, Xalq artisti, tarzən Fikrət Verdiyev, tənqidçi Vaqif Yusifli və başqaları Ə.Goraninin çoxşaxəli yaradıcılığından, xeyriyyəçilik fəaliyyətindən danışdılar.
   Çıxışlardan sonra ədibin nəticəsi, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov ailəsi adından iştirakçılara minnətdarlığını bildirdi.
   Kitabın müəllifi Gülhüseyn Kazımlı tədbirin təşkilatçılarına öz dərin təşəkkürünü dilə gətirdi.
   Sonda iştirakçılar Əsgər ağa Goraninin həyat yolu və yaradıcılığını əks etdirən sərgiyə baxdılar.
   
   S.Fərəcov