Rusiyanın “TurStat” analitik agentliyi qış fəslində səyahət etməyi sevənlər üçün MDB-nin ən cəlbedici şəhərlərinin reytinqini tərtib edib. Reytinq 2017-2018-ci il üçün ən populyar turist səfərlərinin təhlilinin nəticəsində hazırlanıb.
   Yeni il bayramı günlərində MDB ölkələrinin qış səyahəti reytinqində Minsk, Almatı və Bakı liderlik edirlər. Üstəlik, top-onluq siyahısına Azərbaycandan daha bir şəhərin - Gəncənin də adı düşüb. 
   Portal qeyd edir ki, turistlər MDB paytaxtlarına adətən həftəsonu yollanır, oradan da dağ-xizəkçilik kurortlarına turlara çıxırlar: Azərbaycanda Şahdağ və Tufandağ, Qazaxıstanda Çimbulak, Minsk vilayətində isə Loqoysk kurortları çox məşhurdur. Turistlər qış fəslində MDB şəhərlərinə orta hesabla 4 günlüyə gəlir və sutkada 75 ABŞ dolları xərcləyirlər. MDB üzrə ən ucuz səfərlərin ünvanı Bişkek və Kişinyov sayılır, Bakı və Astana isə lüks istirahət siyahısında liderdirlər. 
   “TurStat” rusiyalı turistlər arasında ən populyar dağ-xizəkçilik kurortlarını da müəyyən edib. Bu cədvəldə də Azərbaycan ilk üçlükdə qərarlaşıb. Portalın yazdığına görə, rusiyalı turistlər MDB-nin dağ-xizəkçilik kurortlarında orta hesabla 7-10 gün vaxt keçirirlər. Ən populyar dağ-xizəkçilik istirahəti məkanlarının reytinqi 1 dekabr 2017-ci il tarixindən 28 fevral 2018-ci il tarixinədək turistlərin yerləşdirilməsinin onlayn-bron sisteminin məlumatlarına əsasən müəyyən edilib. Portal bildirir ki, qalmaq və yemək xərcləri daxil olmaqla, qarlı dağ döşündə istirahətin bir sutkası Çimqanda (Özbəkistan) 65, Karakolda (Qırğızıstan) 70, Loqoyskda (Belarus) 85, Şahdağ və Tufandağda 90, Çimbulakda (Qazaxıstan) isə 100 dollara başa gəlir. 
   
   Gülcahan