Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində (SDU) “Azərbaycan mədəniyyəti həftəsi” təşkil edilib.
Həftənin açılış mərasimində SDU-nun prorektoru Muxtar Nəsirov Özbəkistanla Azərbaycan arasında tarixi dostluq ənənələrindən danışıb, xalqlarımızın eyni soy-kökə, ortaq dil, din, adət-ənənəyə malik olduğunu diqqətə çatdırıb.
AMM-in direktoru Samir Abbasov hər il Daşkəndlə yanaşı, Özbəkistanın regionlarında da Azərbaycan mədəniyyətinə dair çoxsaylı tədbirlərin keçirildiyini qeyd edib. O, həftə çərçivəsində “Azərbaycan - Qafqazın mirvarisi” adlı fotosərginin, iki xalq arasında mədəni-ədəbi əlaqələrə dair konfransın, həmçinin Azərbaycanın Qarabağ geyimlərinin sərgisinin, habelə AMM-in layihəsi ilə 2017-ci ildə hazırlanan və iki xalq arasında dostluğu özündə əks etdirən “Əzəli dostluq riştələri” adlı sənədli filmin təqdimatının nəzərdə tutulduğunu qeyd edib.
Digər çıxış edənlər Səmərqənddə Teymurilər dövrünə aid abidələrin tikintisində Azərbaycan memarlarının da xidmətlərinin olduğunu deyib, ötən əsrin əvvəllərində Orta Asiya və özbək xalqlarının maariflənməsində azərbaycanlı ziyalıların rolundan danışıblar.
Sonra SDU-da Özbəkistanda yaşamış azərbaycanlı maarifçi, pedaqoq, naşir Seyid Rza Əlizadə adına Azərbaycan-Özbəkistan dostluq mərkəzinin açılışı olub.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə yaradılmış mərkəzdə fəaliyyət göstərəcək kiçik kitabxanada ölkəmizlə bağlı nəşrlər, xəritələr, videomateriallar, habelə Azərbaycan bədii filmləri tələbələrin istifadəsinə verilib.
Mərkəzdə Azərbaycanın tanınmış şair və yazıçılarının, dünya şöhrətli musiqiçilərinin portretləri yer alıb, habelə Özbəkistanda yaşayıb-yaratmış tanınmış azərbaycanlılar, onların yaradıcılığı haqqında ayrıca guşə təşkil edilib. Burada milli mədəniyyətimizlə bağlı suvenirlər, tarixi abidələrin maketləri, xalçalarımız, milli musiqi alətlərimiz də nümayiş etdirilir.
Seyid Rza Əlizadənin nəvəsi, tanınmış alim Fərhad Əlizadə mədəniyyətimizə, ədəbiyyatımıza dair zəngin məlumatları özündə əks etdirən mərkəzin onun babasının adını daşımasından qürur hissi duyduğunu bildirib. O, xarici ölkələrdə yaşayan tanınmış soydaşlarımızın irsinin təbliğinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib, AMM-in fəaliyyətinə uğurlar arzulayıb.