Balaca tamaşaçılar milli kinematoqrafiyadan nə gözləyir?
   
   Uşaqlar və kino. Kino sənətinin mövcud olduğu yüz ildən artıq dövrdə uşaqlar üçün filmlərin çəkilməsi həmişə kinematoqrafiyanın ana xəttində durub. Uşaqlar üçün yaranışdan ölümə hər şeyin oyun təsiri bağışladığını nəzərə alsaq, kino ən çox uşaqlara lazımdır. Çünki vizual həll vasitələrinə ən tez və ən çox onlar inanırlar.
   
   Uşaq üçün reallıq və oyun arasındakı sərhəd şəffafdır, o, özünü bütünlükdə situasiyaya tabe etdiyindən kinoda gördüklərinə münasibəti də təbii və saf olur. Uşaq böyüyün gülmədiyi hadisələrə, sözlərə gülür, ona adi görünə biləcək hər takta diqqət kəsilir.
   Bəs böyüklər uşaqların kinoya olan bu ehtiyacını yetəri qədər sezə və təmin edə bilirmi? Son illərdə «Ağ atlı oğlan», \"Arxada qalmış gələcək\" kimi ekran əsərlərini saya almasaq, Azərbaycan kinematoqrafiyası demək olar ki, uşaq filmi istehsal etməyib.
   
   İdeal sovet uşağının obrazı
   
   Əslində sovet dönəmində də kinematoqrafiyamız uşaq filmləri sarıdan o qədər də zəngin olmayıb. Buna baxmayaraq uşaqların maraqla izlədiyi filmlər var idi. \"Şir evdən getdi\", \"Asif, Vasif, Ağasif\", \"Sehrli xalat\", \"Qərib cinlər diyarında\", \"Bir qalanın sirri\" və s. ekran əsərləri bu gün də maraqla baxılır. Bu ekran əsərləri sovet dövründə uşaqların tərbiyəsində, yetişməsində, onların kino zövqünün formalaşmasında mühüm rol oynayırdı. Bu gün isə balaca tamaşaçılar meyllərini daha çox Qərb istehsalı olan, milli-mənəvi dəyərlərimizə, ailə mədəniyyətimizə yabançı savaş, məişət, fantastika filmlərinə salıblar.
   
   Uşaqlar üçün seriallar çəkilməlidir
   
   Bu gün bizim uşaqlarda milli-mənəvi dəyərlərə istək aşılaya biləcək ekran əsərlərinə, müasir nağıl-filmlərə ehtiyacımız var. Belə filmlər uşaqlarımızı mənəvi cəhətdən zənginləşdirər, onların əsl Azərbaycan vətəndaşı kimi yetişməsinə şərait yaradar. Bu böyük sözdür, amma həqiqətdir. Nağıllarımızda vətənə bağlılıq, qəhrəmanlıq var. Uşaqlar milli filmlərə baxmaqla tərbiyə olunmalıdır. Əslində müasir uşaqların dünyagörüşü 10-15, 20-25 il əvvəlkilərdən ciddi şəkildə fərqlənir. Ekranda indiki uşaqların dünyagörüşünü göstərmək, onların problemləri haqda həm bədii, həm qısametrajlı filmlər, həm də seriallar çəkilməlidir. Uşaqlarımızın mənəvi aləmi, bir-birinə münasibəti, qayğı və arzuları filmə gətirilməlidir. Amerika, Rusiya, Türkiyə və digər ölkələrin televiziyalarında uşaqlar üçün çox maraqlı seriallar çəkilir. Bu elə də böyük vəsait tələb etmir. Əvvəllər Disney özünün məşhur \"Membi\", \"Zoluşka\", \"Ördək balası Qanzi\", \"Mikki Maus\" seriallarını çəkməzdən öncə bu ekran əsərlərini bir seriya şəkilində çəkib televiziya vasitəsilə tamaşaçıların ixtiyarına verirdi. Onlar reytinq qazanırdısa, sonradan onları böyükhəcmli cizgi filminə çevirirdi. XXI əsrin müasir texnikası əlimizdə olduğu halda bu eksperimenti biz niyə etməyək?
   
   Onlar kino istəyir
   
   Görəsən, uşaqlarımızın milli ruhda tərbiyəsində böyük əhəmiyyətə malik filmlərin çəkilməsinə mane olan nədir? Bu sualla müraciət etdiyimiz uşaq kinosu mütəxəssis və təmsilçiləri bir sıra məqamları dilə gətirdilər. Rejissuradan ssenariyə qədər problemləri sadalayan həmsöhbətlərimiz bu nümunələrin həyati vacibliyini dəfələrlə qeyd etdilər.
   Bir çox uşaq filmlərinin rejissoru, Xalq artisti, professor Tofiq İsmayılov bunu uşaq rejissorlarının azlığı və ssenari yoxluğu ilə əlaqələndirdi. Uşaqlarda sənətə meylin və sevginin kiçik yaşlardan formalaşdırılmasını vacib sayan rejissorun fikrincə, bu mənada kino müstəsna rol oynayır: «Bu gün bizdə uşaq kinosunun bu vacib qolundakı geriləmənin müəyyən səbəbləri var. Bunlardan biri uşaq filmlərini çəkməyin çətinliyi ilə bağlıdır. İkincisi isə ssenarinin olmaması və mövcud uşaq ədəbi nümunələrinin ekran həllinə uyğunlaşdırılma problemidir. Digər tərəfdən, sovet sistemi dağıldıqdan sonra kinematoqrafiyamız tarixi filmlərə axın etdi və uşaq filmləri unuduldu. Ən əsas çətinlik balacalarla işləmək istəyən rejissorlarla bağlıdır. Onlar bunun ağır proses olduğunu nəzərə alaraq yalnız böyük aktyorlarla işləməyə, ənənəvi mövzularda film çəkməyə üstünlük verirlər. Çünki azyaşlılarla işbirliyi rejissordan böyük məharət tələb edir. Uşaqları sevməsən, onları duymasan, ruhunu oxşamasan yaxşı nəticə də alınmaz. Bu, ömrünü əsasən uşaq filmlərinə həsr edən insan olaraq mənim həllə illər öncə gəldiyim qənaətdir. Digər tərəfdən, istənilən halda burada da məsələnin maddi tərəfi öz sözünü deyir. Az vəsait və çox iş istər ssenaristi, istərsə də rejissoru qane etmir və nəticədə belə mənzərə yaranır».
   
   Gələn ilin istehsalat planına uşaq filmi də daxil edilib
   
   Məsələyə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov da münasibət bildirdi. Azyaşlıların kino zövqünün formalaşdırılması, onların milli-mənəvi ruhda tərbiyəsinin diqqət mərkəzində olduğunu deyən nazirlik təmsilçisi problemi müəllif ssenarilərinin azlığı ilə əlaqələndirdi: «Düzdür, sovetlər dönəmində uşaq filmlərinin istehsalı və o nümunələrin səviyyəsi yüksək idi, dövrün istehsal planına müvafiq olaraq demək olar ki, hər il bu kateqoriyadan filmlər çəkilirdi. İndi də az da olsa uşaqlar üçün filmlər çəkilir və müvafiq kinofestivallarda ölkəmizi təmsil edirlər. Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən «Buta» filmi beynəlxalq müsabiqələrdə iştirak edir. Nazirliyin «Bu meydan bu ekran» layihəsi çərçivəsində çəkilən bir neçə qısametrajlı bədii film də uşaq mövzusundadır. Onu da bildirim ki, gələn ilin istehsalat planına şərti olaraq «Dəyərli adlar» adlı tammetrajlı bədii uşaq filminin çəkilişi də daxil edilib. Əlbəttə bunlar kifayət deyil və bu nümunələrin sayının artırılması vacibdir.
   
   Ssenari məsələsi problem deyil
   
   Əslində uşaqlar üçün iş görmək, onların diqqətini cəlb etmək elə də asan deyil. Hər hansı kino nümunəsində öz dünyasına, mənəvi tələbatına uyğunluq axtaran azyaşlı tamaşaçılar həm də çox tələbkardır. Deməli, onlar üçün film çəkən rejissor da mütləq uşaq kimi düşünə bilməli və onları çox sevməlidir. Əks halda o iş səmimi və gözəl alınmaz. Digər tərəfdən, uşaqlarla işləmək o qədər də asan deyil. Əgər böyük aktyor çəkiliş meydançasında 8-10 saat qala və bir epizodu bir neçə dubl oynaya bilirsə, uşaq aktyor bundan bezər və yorular. Məsələnin bu müstəvidəki düyün nöqtəsinə ssenarist, Əməkdar jurnalist Nadejda İsmayılova aydınlıq gətirdi. «Hamı uşaqları sevdiyini desə də, kinematoqrafiyamız onları unudub. Uşaq filmləri üçün ssenarinin olmaması fikri ilə də qətiyyən razı deyiləm. Əgər kimsə uşaqlar üçün kino çəkmək istəsə, ssenari yazdırmaq arzusunda olsa, onu yazan yazıçı da tapılar. Azərbaycan ədəbiyyatının bu sarıdan çoxlu nümunələri var. Balacaları düşünən, onlar üçün çəkmək istəyən ssenari də tapa bilər. Bizim nağıl və dastanlarımız, rəvayətlərimiz ssenari deyil? O nümunələri bu günün tələbinə uyğun ekranlaşdırmaq elə də çətin deyil.
   Hazırda dövrün ruhunu duyan istedadlı gənc ssenaristlərimiz də var və onların potensialından istifadə etmək lazımdır. Yəni uşaqlar üçün kino çəkmək istəyənlər mütləq əziyyət çəkməli, çox işləməlidirlər. Bir də uşaq üçün film çəkən rejissor, ssenarist, operator mütləq uşaqları sevməli, onların ruhunu duymalıdır. Uşağı sevməyən rejissorun işi də sönük olacaq. Azərbaycan uşaqları gərək öz qəhrəmanların tanısınlar və milli-mənəvi ruhda tərbiyə olunsunlar. Özlərini, ətraflarını, ailə üzvlərinin və dostlarının prototiplərini göstərməyən kinonu uşaq heç vaxt sevməz. Azərbaycan uşağı Qərbin diktə etdiyi dəyərləri qəbul edir, bölünmüş ailələrə, parçalayıcı münasibətlərə, qan, dava, müharibə motivli filmlərə baxa-baxa zombiləşir. Bizim uşaqların tərbiyəsinə xidmət edən milli kino nümunələri lazımdır. Onlar «Disney»in əcaib, vəhşi qəhrəmanları ilə yox, sadə Azərbaycan insanının ruhunda tərbiyə edilməlidir».
   
   Gənclər nə düşünür?
   
   Mədəniyyət və Turizm Nazirliyi ilə Dövlət Film Fondunun birgə layihəsi olan I Bakı Uşaq Kinofestivalının qalibi, Tbilisi və Soçidə keçirilən uşaq filmləri müsabiqələrinin diplomantı, «Qafqaz» Universitetinin III kurs tələbəsi, gənc rejissor Fərhad Rəhimli isə uşaq kinosunda yaşanan problemləri təhlükəli hədd kimi dəyərləndirdi: «Bu gün biz sovet dönəmindən, kinodakı ideoloji diktəsindən danışaraq tənqidi fikirlər səsləndiririk. Amma onu da unutmaq olmaz ki, o vaxtlar uşaq filmləri diqqət mərkəzində idi. Amma indi bu maraq dairəsində deyil. Biz uşaqları yetişdirmək, onları kino ilə tərbiyə etməklə gələcəyimizi düşünməliyik. Uşaqlıqdan beynində anomal fikirlər, qəddarlıq və məkrə meyllilik, başqaları üzərində zorakılıq formalaşdıran uşaqdan gələcəyin cəmiyyət fərdi kimi nə gözləyə bilərik? Texniki baxımdan Hollivud filmləri ilə ayaqlaşa bilməsək də ideya, mövzu sarıdan ən azı bir sırada ola bilərik.
   Bizim filmlərin süjet xətti zəngindir, milli ekran əsərlərimizin özünəməxsusluğu var ki, tamaşaçı onu asanlıqla sindirə bilir. Bu gün bizim uşaq filmlərimizi məzmun etibarilə Qərbin diktəsi ilə çəkməməliyik. Müasir zamanda texnologiya sürətli şəkildə inkişaf edir, biz də, bizim rejissorlar da ondan geri qalmamalı, baş verən yenilikləri addım-addım izləməliyik. Uşaqlar parlaq rəngləri, qeyri-adı formaları və səsləri sevirlər, biz də bugünkü texnikadan istifadə edərək bunları tətbiq etməyə çalışmalı və məhz bunlarla uşaqları cəzb etməliyik. Texniki üstünlük uşağın diqqətini çəkmək üçün bir vasitədir, lakin gənc tamaşaçı filmi izlədikdə ssenarist və rejissorun nə demək istədiyini də dərk etməlidir. Bizim uşaq kinomuz mütləq milli, tarixi, dini xüsusiyyətlərimizi və dəyərlərimizi özündə daşımalıdır. Yəni biz Qərbdən müasir texnologiyanı alıb tətbiq edərkən öz milli-mənəvi dəyərlərimizə sadiq qalmalıyıq».
   
   Həmidə Nizamiqızı