Sumqayıt Dövlət Dram Teatrında Frans Kafkanın "Hökm" hekayəsi əsasında eyniadlı tamaşa hazırlanıb. Dostluq, xəyanət, ruhun mübarizəsi, qəliz ata-oğul münasibətləri kimi əbədi mövzulardan bəhs edən əsərə Əməkdar artist, aktyor-rejissor Namis Şirməmmədov quruluş verib. 
   İşləri yaxşı gedən gənc ticarətçi Georq Bendman dostu ilə birlikdə Peterburqda çalışır və öz niyyətlərini, xüsusən də evlənmək istədiyini, hətta nişanlandığını atasına yazdığı məktublarda gizlədir. Lakin atası oğlundan xəlvəti onun şəriki olan dostu ilə yazışdığından Georq barədə hər şeyi öyrənir. Üz-üzə qarşılaşma zamanı bunun üstü açılır... 
   Quruluşçu rejissor əsərdəki psixoloji gərginliyi Xeyir və Şərin əbədi mübarizəsi fonunda həll edib. Tamaşanın quruluşçu rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı Telman Qəniyevdir. Rolları Habil Xanlarov, Vəfa Qurbanova, Rövşən Əsgərov, Siyavuş Mahmudov oynayır. 
   Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, tamaşa Yeni ilin ilk günlərində sənətsevərlərə təqdim ediləcək. 
   
   G.Mirməmməd