Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı istedadlı gənc ifaçıların aşkar edilməsi və onların teatra cəlb olunmasına böyük önəm verir. Bir neçə aydır ki, muğam müsabiqəsində uğurlu çıxışları ilə fərqlənən iki gənc ifaçı teatrda gərgin məşqlər edir və yaxın zamanlarda muğamsevərlər səhnəmizin yeni Leyli və Əsli ifaçısı ilə tanış olacaqlar.
Dekabrın 6-da Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasının tamaşasında Əsli rolunu gənc muğam ifaçısı Sədəf Budaqova oynayacaq. S.Budaqova 1995-ci ildə Bakıda doğulub. A.Zeynallı adına Musiqi Kollecini və Azərbaycan Milli Konservatoriyasını bitirib. Xalq artistləri Gülyaz Məmmədova və Mənsum İbrahimovun tələbəsi olub. 2015-ci ildə Televiziya muğam müsabiqəsində III yerə layiq görülüb. Bu il Rusiyanın Yekaterinburq şəhərində keçirilən müsabiqədə gənc istedad xalq musiqisi nominasiyasının qalibi olub. Rejissor Hafiz Quliyev və tarzən Elxan Mansurovun rəhbərliyi altında "Əsli və Kərəm" operasının tamaşasında Əsli rolu üzərində çalışır və dekabrın 6-da debüt edəcək. Tamaşada Kərəm partiyasını teatrın solisti Elnur Zeynalov ifa edəcək.
Dekabrın 10-da daha bir istedadlı muğam ifaçısı - Rəvanə Qurbanova səhnəmizin yeni Leylisi kimi çıxış etməyə hazırlaşır. 1988-ci ildə Şəkidə doğulan Rəvanə Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Xalq artistləri Canəli Əkbərov və Səkinə İsmayılovanın tələbəsi olub. 2007-ci ildə keçirilən Televiziya muğam müsabiqəsində III yeri qazanıb. Həmin il Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb, adı gənc istedadların “Qızıl kitabı”na daxil edilib.
Məcnun rolunda onunla birlikdə Əməkdar artist, Prezident mükafatçısı Səbuhi İbayev çıxış edəcək.