Rusiyanın TurStat agentliyi 2017-2018-ci il qış mövsümündə MDB ölkələrinin ən populyar Yeni il personajlarını - şaxta babalarını müəyyən edib. Reytinq turistlərin marağına əsasən hazırlanır. 
   Beləliklə, MDB məkanında ən populyar şaxta babalar Dzed maroz (Belorus), Ayaz ata (Qazaxıstan) və bizim Şaxta babadır.
   Belarusların nəvazişlə Zuzya çağırdıqları Dzed maroz öz nəvəsi Snyaqurka (Qar qız) ilə birlikdə qonaqları Minskdən 340 km cənub-qərbdə, Brest vilayətində, Belovejskaya puşşadakı iqamətgahında qəbul edir. 2003-cü ildən bəri Dzed maroz burada təxminən iki milyon qonaq qəbul edib. 15 hektar ərazini tutan malikanədə Belarus şaxta babasının qonaqları qəbul etdiyi tac salonu olan evi, Qar qızın evciyi, “Qiymətli əşyalar xəzinəsi” (uşaqların yazdıqları məktublar, şəkillər və s.) Sehrli dəyirman, "On iki ay" talası, Yeni il yolkası, "Şərq təqvimi" xiyabanı, Belarus mətbəxinin təamlarına qonaq edən "Dzed maroz koması", "Buzlu məişət" muzeyi yerləşir. 
   Qazaxların Ayaz atası qonaqları nəvəsi Akşakar ilə birlikdə qarşılayır. Ayaz atanın iqamətgahı Burabay (Akmola vilayətindəki eyniadlı milli təbiət parkı) qəsəbəsinin 12 kilometrliyində yerləşir. Tezliklə Nurtau dağ-xizəkçilik kurortunun yaxınlığında, Ust-Kamenoqorskdan 40 km aralıda onun yeni iqamətgahı peyda ola bilər. 
   Portal yazır ki, Azərbaycan Şaxta babasının daimi iqamətgahı olmasa da, o, uşaqlar arasında çox populyardır, nəvəsi Qar qızla birlikdə heç bir Yeni il şənliyini ötürmür. 
   
   Gülcahan