Səni çox incitmiş bu dünyada buçağkı sayğı-sanın sarı arxayın ol, o dünyadan muğayat...
   
   Xeyli yava səslənir bu “ismarış”, Ustad, - özüm də bunun fərqində... 
   Amma “nə etməli” ki, neçə illik sənsizlikdə də bu xalq Səni hər gün-hər saat təbərrik kimi yad etmədə. 
   Bu, bir az da Sənin öz eldən-dildənyuxarı poetik səslənişlərin təsirinə düşməyimdən yanadır. Sən “qədim tarix dərəsi”ndəki “məndən ötdü” demişlərimizə demirdinmi “Adınızı tarixlərdən oğrayaram, Ruhunuzu qiymə-qiymə doğrayaram!” Sən analarından “oğrubaşı” olaraq “göyərmiş”lərə söylənmirdinmi: “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı”...
    Sən elələrinə belənçik, belələrinə elənçik, bu dünyanın özünə “Ondan inciyənin beləsi belə!” deyirdin, adam balalarıyla rastlaşanda isə bu dünyanın sadəlik-vicdanilik-təvazökarlıq portretini yaradırdın:
    
   Soruşdum birindən; şairəmmi mən?
   Özüm ki özümü öyə bilmərəm.
   Cavabı asanca qopdu dilindən:
   Hələ ölməmisən, deyə bilmərəm...
   
   Sən yazırdın ki:
   
   “Nazim qırx il, düz qırx il dünyanın şeir-sənət limanlarına Türkiyə yükü boşaltdı, Bəs ondan şairə nə çatdı? Bir ovuc torpaq, - o da ki, şairin qəbrinə qismət oldu. Eşidirsən, Anadolu? Qəbrinə qismət oldu!..”
   Bəs, Sənin - düz əlli il dünyanın o çağ-bu çağ (və bütün gələcəklər!) qəlblərinə təkrarsız, - təkrar edirəm, - təkrarsız poetik obrazlar bəxş etmişin ruhuna yuxarıdakı YUXARI etiketli xitablar etməyə çalışmayıb da, nə etməli, Məmməd Araz?! Ay qəni-qəni rəhmətlik İSİM! Səndən “yox” “zərf”ində danışmaq olmur. Heç “ulu” da demək mümkünsüz, - çünki Sən hər an, hər zaman OLUsan! Elə bunçu da, bu yazıya başlıq seçimi istixarəsində “Bir şair vardı - ömrü boyu tufan əydi, su yardı” kimi - daha poetik səslənən ifadələrdən çəkindim; “necə yəni “vardı”, bəyəm indi yoxdu?”-deyə. Ardınca da öz misrandan iqtibasla yazacaqdım: “Xətainin qılıncını suvardı - Məmməd Araz karandaşı göyərdi...”
   
   Bəli; -
   
   bu böyük qəlb karandaşı bir xətt çəkdi - “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı” patriot-portreti yarandı. Can kətanına iki cızıq atdı - “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim!” avtoportreti donatdı. O karandaşın üçüncü çaba-çəkimində - “Ey dəvə yal, düşdüm daha belindən, Ovsar cığır, çıxdın daha əlimdən, Balam çiçək, bir də öpüm telindən, salamat qal, salamat...” peyzaj-triptixi boy atdı...
   Ataların “say cızığı”ndan çıxmaq cəhdilə söz havasını dəyişim. Yoxsa, bu ümummilli, ümumədəbi, “Ürəyimsiz kəlmə yazan deyiləm - Nə qədər ki, öz əlimdir yazanım!” yazmış karandaş yiyəsinin ümumturan ruhuna toxunmuş ollam. O ruhun ki, eşq olmamalılara “eşq olsun!”, yaşamağa haqqı olmayanlara “yaşasın!” yazmağa məcbur-təhrik edilsə də, bu karandaşla “Azərbaycan!” deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər”, “İti bazarında atından baha - Mən belə dünyanın nəyindən küsüm?!” yazırdı. “Bir ağılın budağından sallanıb, Neçə-neçə ağlıdayaz yaşayır” rəsmləyirdi.
   Hərdən də (guya) yaza bilmirdi:
   
   Bu axşam... 
   Özümdə yoxam bu axşam,
   Ağlı kəsilməmiş kəsilmiş başam,
   Elə bil özümdə dəfn olunmuşam...
   Ey ilham pərisi, varsansa əgər,
   Bu axşam üstümə qanadını gər...
    
   O karandaşın yaratdığı yüzlərlə təbiət tablosu nümunələrindən bir cəmiyyət üzvlü portretə - şairin özünün də elm və ədəbi-mədəni-mənəvi təfəkkür korifeylərimizdən biri, milli ziyalılıq meyarı kimi qiymətləndirdiyi Xudu Məmmədova ithaf etdiyi üç şeirinin (beş bəndlisinin) birindən bir “beşxətli”sinə keçək:
   
   Bax donqar dəvənin səbət yükünə,
   Bənzəyir içiboş şöhrət yükünə,
   Ömür karvanının sənət yükünə
   Bir-iki qeyrətli söz yükləməsək -
   Sən kimə gərəksən, mən kimə gərək?.. 
   
   Bu misradan sonra bir an əl (və göz) saxlayıb, düjün-düjün düşüncələrə dalmaq savabdı...
   İndilər ürəklərimizə yürü-yüngüllüklər gətirən müstəqil ölkəmizin o çağlarkı ağırlığı, ağrıları elələrinin çiyinlərində dövr, ürəklərində qövr edirdi. O halətlər elələrinin şaxını-şuxunu əzirdi. Və dillərdə “Sıx gözünü - hansı daşda su yansa, o daş altda Məmməd Araz yaşayır” kimi poetik-idiomatik “nekroloq”lar gəzirdi. O tay-bu tay - Güney-Quzey arasında inşa edilən “Arazstroy”a alatoran nəzərlərlə baxıb, yarı qəlbən, yarı qəlpən sevinənlərin, dəvələngəri axan Araz çayı sahillərində sayrışan işıqlara birləşməyimizin ilk qaranquşu kimi baxanların xiffət menyularına: “İşıqlar da ayrılığa öyrəşəcək, Yükünü çək, dəvə qardaş, yükünü çək” kimi təəssüb-təəssüflər sızılırdı. Bu ölməz şairin doyulmaz alim tərəf-müqabilinin sözləri də el dilindən, elita düşüncələrindən düşmürdü: “Adətən ev-eşikdə nə çatışmazsa, nədən çox danışılarsa, uşaq ondan istəyər. Bir gün üç yaşlı oğlum mənə qayıtdı ki, ata, mənə Vətən al...” 
   ...Hərdən adama elə gəlir ki, 1933-cü il 14 oktyabr - 2004-cü il 1 dekabr ömürlü Məmməd Araz bizim eradan əvvəl, yaxud ən azı, orta əsrlərdə doğulub və hələ yaşayır. Nədən ki, onun “Ey Xan Eyvaz, Dəli Domrul, Fətəli xan, İbrahim xan, sizinləyəm!”, “Danış görək, a daş qardaş” kimi “daş dövrü” dialoqları, “Ey daşlaşan, torpaqlaşan ulu babam, Bu günümdən dünənimə uzaqlaşan ulu babam!” kimi xitabları özündən üzügerikilərdən çox, qarşısındakılara (hətta bəzən, sabahkılara!) səsləniş kimi səslənir. 
   Şərikim olsaydı, deyərdim, mənə belə də gəlir ki, o, tək elə Şahbuz rayonunun Nursu kəndində yox, Azərbaycanın bütün el-obalarında dünyaya gəlib. Nədən ki, onun şeirlərinin dilində, hal-xasiyyətində, təhər-tövründə bir cıqqan da olsun ləhcə-şivəlik, bölgəvilik, etnos-etniklik yoxdur. Onun “ulu babam!” deyə müraciət etdiyi kişilər hamımızın cılxa-çuxa babamız kimi canlanmırmı? “O gündənmi bitdi bizim dilimizin “sənin”-“mənim” damarı da, O zamanmı bitdi bizim dilimizin “haralısan?” qabarı da?!” sual-qınağında hamımızın payı yoxmu?..
   Hələ mənim təəccüb və heyranlığım davam edir. Məsələn, bu böyüklükdə fikir-düşüncə-hisslər sahibi “Kəndim, balacasan, çox balacasan” dediyi o yurdun məktəbində müəllim işlərkən o kəndin özündən də min dəfə balaca olan o sinif otaqlarına necə sığıb? Təəccüblənilməyəsi məsələlər də var ki, biri də onun öz kitablarına seçdiyi milli doğal-sığallı adlar: “Anamdan yadigar nəğmələr”, “Atamın kitabı”, “Üç oğul atası”, “Oxucuya məktub”, “Dünya sənin, dünya mənim”, “Dünya düzəlmir”, “Daş harayı”, “Qanadlı qayalar”, “Araz axır”, “Qayalara yazılan səs”, “Ağlayan qayalar”, “Əsgər andı”, “Vətən deyin”, “Sənətdə son mənzil olmur”... 
   Vaxtilə bir tələbə dostumla bir neçə il hər Novruz bayramında onu ziyarətə gedər, şeirlərilə nəfəs aldığımızı bildirər, haqq-halal təriflərlə öyər, titrəyən əllərinə, “aran-dağ” düşüncələrinə, milli azadlıq arzu-istəklərinə sığal çəkməyə çalışardıq. Bu gedişlərimizin birində soruşdum ki, niyə “Yer üzünün Qarabağ düzü”, “Kür Salyana qovuşur” kimi publisistik yazılarına ara verib? Bizə bir dəftərçə göstərib: “Bu səpkidə əlli mövzu gözaltılamışdım... - dedi və qırıq-qırıq əlavə etdi: - ...amma, heyf, bu “ali” xəstəlik...” Dedim, Məmməd müəllim, nə etməli, görünür, “ali” xəstəliklər də özünə ali canlar arzulayır... Ki, onlardan “heyf, ey eyş-işrətli dövranlarım!” kimi sızıltılar əvəzinə, “heyf, ey yazmadığım mövzular!” sayaq qızıl-qızıl milli-əxlaqi giziltilər eşitsin... 
   Sonra günlərin bir günü onu küçədə görürkən, tələbə yoldaşım (rəhmətlik) Mirzə Dəmirli ilə (“dahi”liyi yalnız “böyük qardaş”larımız arasında axtaran) bir neçə tələbə yoldaşımıza dediyimiz bu sözləri ona eşitdirdik: “Yadda saxlayın, indi bizim yanımızdan otuz beş yaşlı bir dahi ötüb-keçdi...” Əlavə etdim ki, həmin o dostum Sizin “Məndən ötdü, qardaşıma dəydi...” şeiriniz “Azərbaycan” jurnalında çap olunan günün sabahısı şadlığından yataqxanada yekə bir qazan asıb, Vətənə, millətə dəxli olan tələbələri başına yığdı. O şeiri xüsusi bir məhəbbət və bəlağətlə oxuyub, o tay-bu tay Azərbaycanın artıq bu poetik “qərar”-möhürlə birləşdiyini söylədi. Sonra əslən o taylı tələbə yoldaşımız Rəhim Huşiməndinin “Mirzə, əgər Azərbaycan reallıqda da birləşsə, neylərsən” sualını nağıllardakı (su verməsi üçün hər dəfə bir gözəl istəyən) əjdaha epizodu ilə cavablandırdı. “Özümü o əjdahanın bir günlük övnəsi kimi - Araza atıb qurban gedərəm!” - dedi...
   Qələmi əlimə aldığım andan yaddaşımda cərgələnən, xəyalımda sərgilənən yüzlərlə şeirindən hansı birinin adını çəkim? Yəqin (və vacib) ki, “Haqqın var yaşamağa”! Nədən ki, üsyankarlıq ustadlığı ilə bahəm, həm də təvazökarlıq meyarı olan bu əbədiyaşar nəğməkarın özünü daha çox “haqqın yox” deyə vurğuladığı həmin şeirdə, sanki Haqdan gələn bir “Haqqın var” da var. 
   Beləliklə, “Haqqın var, Məmməd Araz, haqqın var - yaşamağa”! Bir də ona görə ki o çətin, milli yas-yasaqlı illərdə Sən bizə bu kimi gələcəklər yaşatmısan:
    
   Aşıq Cavan sarılmışdı sazına,
   Toy qurmuşdu dünəninin yasına,
   O, qəzəbi ya sındıra, ya sına -
   Təbriz ağlayırdı dağlar başında...
   “Təbriz ağlayırdı” dedim - 
   nə dedim?!
   Ağlayan bir sazın telinə dedim, 
   Ağlayan bir elin dilinə dedim!..
    
   Sən ovaxtlar cürbəcür elələr dedin, bizlər də hər zaman, sələflərindən birinin sözünə qızmanıb, bu şair də “kainat olduqca” olacaq, deyəcəyik...
    
   Tahir Abbaslı