Türkiyənin Kastamonu şəhəri 2018-ci il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib
   
   Dekabrın 5-də Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilib. Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Tamerlan Axundov iclasda iştirak ediblər.   
   İclasda TÜRKSOY-un 2017-ci il üzrə fəaliyyətinin yekunları, 2018-ci il üçün fəaliyyət proqramı, 2018-ci ildə türk dünyası tarixi şəxsiyyətlərinin anma ilinin qeyd olunması və TÜRKSOY təqviminə daxil edilməsi, 2018-ci il üzrə “Türk dünyası mədəniyyət paytaxtı”nın müəyyən edilməsi və digər məsələlər müzakirə olunub.
   Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı iclası açaraq iştirakçıları salamlayıb. O, türk dünyası xalqlarının birlik və həmrəyliyinin ildən-ilə möhkəmləndiyini vurğulayaraq, Türküstanda “Türk dünyası mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlərdə yaxından iştiraka görə bütün türk dünyasına minnətdarlığını bildirib.
   TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında il ərzində Türküstanda tədbirlərin yüksək səviyyədə təşkilinə görə Cənubi Qazaxıstan vilayətinin və şəhərin rəhbərliyinə təşəkkür edib.
   Toplantıda Türkiyənin Kastamonu şəhərinin növbəti il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” üçün namizədliyi irəli sürülüb və bu, TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri tərəfindən dəstəklənib. Beləliklə, Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. 
   Xatırladaq ki, TÜRKSOY-un “Mədəniyyət paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir və ilk olaraq bu missiyanı Qazaxıstanın paytaxtı Astana şəhəri yerinə yetirmişdi. Sonrakı illərdə estafeti Türkiyənin Əskişəhər, Tatarıstanın Kazan, Türkmənistanın Mərv, 2016-cı ildə Azərbaycanın Şəki, bu il isə Qazaxıstanın Türküstan şəhəri davam etdirib.
   İclasda iştirak edən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman çıxışında “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əhəmiyyətini, şəhərlərin bir marka dəyəri qazanmasında mühüm rolunu qeyd edib. O, 2018-ci ildə ölkəsinin bənzərsiz şəhəri Kastamonunun bu ada layiq görülməsindən böyük məmnunluq duyduqlarını deyib, 2013-cü ildə TÜRKSOY-un mədəniyyət paytaxtı seçilən Əskişəhərdə olduğu kimi, Kastamonuda da türk xalqları mədəniyyət şöləni keçirmək niyyətində olduqlarını söyləyib.
   Hüseyn Yayman 2018-ci ildə TÜRKSOY-un 25-ci ildönümünün də qeyd olunacağını, bu yubileyin yaddaşlarda xoş anlarla qalacağına inandığını vurğulayıb.
   Kastamonu valisi Yaşar Karadeniz 4 min ilə yaxın tarixə malik şəhərin Anadolunun qədim yaşayış mərkəzlərindən olduğunu qeyd edib.
   Qeyd edək ki, Türkiyənin şimalında yerləşən Kastamonu tarixi və mədəni yerləri və təbiət ilə diqqət çəkir. Qara dənizin ən uzun sahil zolağının (170 km) yerləşdiyi bölgə olaraq Kastamonu həm də dünyanın ən böyük kanyonlarından olan Valla kanyonu, dünyanın ən iri mağaralarından İlgarini mağarası, şəlalələri və digər təbii zənginlikləri ilə də tanınır.
   İclasda gündəliyin digər məsələləri ilə bağlı müvafiq qərarlar, həmçinin TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısının yekun bəyannaməsi qəbul edilib. 
   Həmin gün “Türküstan - Türk dünyasının mədəniyyət paytaxtı - 2017” mədəniyyət ilinin bağlanış mərasimi keçirilib. Nümayəndə heyətlərinə xatirə hədiyyələri təqdim olunub. 
   
   Mehparə Sultanova
   Ankara