Amerika Kino Akademiyasının təsis etdiyi «Oskar» mükafatının 2011-ci il üzrə fəxri laureatları müəyyənləşib. Budəfəki fəxri qaliblər arasında məşhur aktyor Ceyms Erl Cons və bir sıra dünya şöhrətli televiziya layihələrinin yaradıcısı, tanınmış teleaparıcı Opra Vinfrey də var.
   Mükafatlandırma zamanı London teatrlarının birində «Qızçiçəyinin sürücüsü üçün darıxın\" tamaşada məşhur aktrisa Vanessa Redqreyvlə bir səhnəni paylaşan Cons, tərəf-müqabilinə ehtiram nümayişi etdirərək tamaşanı buraxıb Los Ancelesdəki mərasimə getməkdən imtina edib. Elə buna görə də 80 yaşlı aktyora mükafatı tamaşadan sonra tanınmış ingilis aktyoru Ben Kinqsli təqdim edib.
   Cons 50-dən artıq filmdə rol almış və 1971-ci ildə istehsal olunan «Böyük ağ ümid» filmindəki ifasına görə «Ən yaxşı kişi aktyor» nominasiyasında «Oskar»a namizəd göstərilmişdi.
   Los-Ancelesdəki törəndə isə Oprasın Vinfreyə «Vinfrey» xeyriyyə təşkilatının təşkil etdiyi yardım aksiyalarına görə «humanizm mükafatı» verilib. 1985-ci ildə amerikalı rejissor Stiven Spilberqin «Bənövşəyi» filmindəki ifaçılığı ilə «Ən yaxşı ikinci dərəcəli qadın aktrisa» nominasiyasında «Oskar»a namizəd olan Vinfrey xeyriyyə aksiyasını davam etdirərək 2007-ci ildə Cənubi Afrikada qızlar üçün məktəb açıb.
   Hollivudda «qrimin babası» kimi tanınan Dik Smit də «Oskar»ın fəxri mükafatçılarından olub. 1984-cü ildə ekranlaşdırılan \"Amadeus\" filmi ilə «Ən yaxşı qrim”ə görə «Oskar»a qovuşan Smit «Ovsunçu», «Taksi sürücüsü» və «Maral ovçusu» kimi filmlərdə də yer alıb.
   
  Həmidə