Zikr: ...baxıb-eşidib duyğulanmaqlığımız, sayğı-qayğılanıb tərəqqilənməkliyimiz
   
   Bu “titr”-başlıqda ehtiva olunan görəv bütün ciddi kinematoqrafçılara, xüsusən professional operator, ssenarist və rejissorlara aiddir deyə, onların ən seçkin-bitkinlərindən biri olan yazı qəhrəmanımızın ad-soyadını indi - üçüncü abzasın sonunda çəkirəm: Rasim Ocaqov.
   
   “Yazıram”, “qeyd edirəm”, “işlədirəm” sinonimlərinin ucqar sədası, uzaq əqrəbası olan “çəkirəm” sözünün isə burada lap yerinə düşməkliyi qənaətindəyəm. Çünki söhbət ömrü boyu minlərlə kadr, yüzlərlə pavilyon-məkan, onlarla film, habelə yalnız qəlb “statistika”sına alınıb, ürək “bloknot”una salınan saysız təbii və süni əngəllər, quraşma əzablar, “mərkəz” və “yerli” etiketli nazlar çəkmiş sənətkardan gedir.
   Bu eksklüzivfason təqdimatımdakı yumoristikvariliyinsə bir neçə səbəbi var ki, bunlardan da ən birincisinin səbəbkarı az-para görüb-tanıdığım, haqqında xeyli oxuduğum, kifayət qədər eşitdiyim Rasim Ocaqovun özüdür; siz onun “Tütək səsi” filmində yaratdığı dünya-aləm ələmlərə bənd olmayın, Rasim çox nəşəli, ovqatsaçan, həyat eşqli, gözləri ocaq, sözüməzə insan idi...
   
   Və çox orijinal sənətkar idi...
   
   O, əsasən, göz sənəti olan kinoya söz sənətinə vurğunluqdan gəlmişdi. Bu isə onun şəxsi-bioloji fitrətilə bərabər, günü bu gün də folklor yaradıcılığından qalmayan, bu təbii-xəlqi qaynamada “deyib-gülmə”, “məzə-məzhəkə” dastanlarını xüsusi bir şövqlə davam etdirən Şəki diyarında doğulması ilə bağlı idi. Artıq xeyli dərəcədə praktikləşib, müəyyən qədər əda-modalaşıb, həm də qanadlı ifadələr, frazeo-leksikoloji ibarələr kəsb etməkdə olan Azərbaycan kinosu bu yeni yaradıcılıq cücərtilərini məhz Rasim Ocaqov kimilərinin əlli-altmış il bundan əvvəlki səpkilərindən götürüb. “Birmənalı başa düşülə bilər” ehtimalı ilə adlarını çəkmədiyim bir çox filmlərimizin naftalin mənası qoxuyan basmaqəlib adları, trafaret titroqrafik elementləri belələrinin stilizasiyaları sayəsində “gözləri yağır, qulaqları bağır”lıqdan təmizlənirdi. Gənc operator Rasimin sənətə baxışı da yeni olduğundan, vizual fonlarla bərabər, məna-mətləb donları da yeniləşir, tamaşaçının gördüklərilə eşitdikləri arasında bir proporsionallıq yaranırdı. Onun əl qoyduğu işlərdə “Abidələr danışır”dı. Uzun illər boyu “Rəhbərə salam”, “26-lar”, “VİL-100”, “Qurultaydan-qurultaya” dəbli ekran matahları, Böyük Oktyabr Sosialist İnqilabının ildönümlərindən ibarət “başınadönüm-qurbanolum” təbli serial-imperial “qlobal” mövzular “Ad günü”, “Metamarfoza”, “Rəngli yuxu”, “Yolda əhvalat”, “Süd dişinin ağrısı”, “Heyf siqnalından”, “Çexski unitaz” kimi “lokal” lentlərə çevrilirdi.
   Rasim Ocaqovun filmoqrafiyası Azərbaycan kino industriyasında ayrıca parlaq bir səhifədir. Özü də - səviyyə, məna tutumu, zənginlik və rəngarənglikcə ən dolu səhifə! Bu səhifə ilk hərfindən son nöqtəsinədək maraqla oxunur, doyulmadan baxılır, sətirdən-sətrə artımlanır.
   O, kino sənəti üçün xarakterik olan üç əsas elementin hər birindən ustalıqla istifadə edib. O, bütün filmlərində görüntü, söz və səs “trio”sunu ecazkar dirijor kimi ifa etdirib; tək elə ansambl kimi yox, hər birini solo kimi də aksentləşdirib. Onun “Abşeron ritmləri”ndə sözügedən elementlərdən hansının “komandir”, hansının “əsgər” olduğunu sezmək nəinki sıravi tamaşaçılıq, heç asan “şünas”lıq da deyil. Biri-birilə vəhdət təşkil edən musiqi notları ilə çəkiliş planlarının harmoniyası belə bir qənaət hasil etdirir ki, bu tammetrajlı filmdə hər şey - zövqlə seçilmiş musiqi parçaları, ustalıqla ovlanmış kadrlar bu istedadlı “dərzi”nin yüz ölç, bir biç “atelye”sindən keçib.
   Kinoşünaslarımız, mütəxəssis tənqidçilərimiz bu faktı da tez-tez vurğulayırlar ki, ötən əsrin ikinci yarısından başlayaraq Azərbaycan kinosunda adi tamaşaçıların belə sezdiyi canlanma baş verdi. Rasim Ocaqov kinoya kinonun məhz belə bir dirçəliş dövründə qədəm qoyub və “kütləvi səhnələr” obrazı kimi paslanmadan, önə keçib.
   1957-ci ildə istehsalata buraxılmış “Bir məhəlləli iki oğlan” tamaşaçılar arasında necə, hansı dərəcədə maraq oyatmışdısa, filmin operatoru - iyirmi dörd yaşlı bu oğlan da kinoçular içərisində o marağı qazanmışdı. Kinokameranın texniki dili ilə bərabər, bəziləri üçün ömürlərinin sonuna qədər gizli qalan sehr-sirrini də mükəmməl öyrənmiş gənc Rasim bu debütdən sonra Əjdər İbrahimov kimi kino-nəhənglərin diqqətini cəlb edir, biri-birinin ardınca təkliflər alır. İlk sərbəst işi olan “Onun böyük ürəyi” filmində isə bu çağadək “fizioloji planların yaradıcısı” adıyla tanınmış Rasim Ocaqov, artıq diqqətlərdə psixoloji anların ustası kimi “qeyd”ə alınır. Bu vaxtlaradək “tamaşaçı filmə operatorun gözü ilə baxır” deyimini tez-tez ürəyində heyranlıqla təkrar edən Rasim, artıq, öz beynində maraqlı deyimlər toxuyur ki, onlardan biri də budur: “Əgər operator çəkərkən gözünü qırpmayıbsa, tamaşaçı da baxarkən qırpmayacaq...”
   O, bu sözləri dili ilə dedi, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Skripkanın sərgüzəşti”, “Sən niyə susursan?” və s. filmlərdəki əməli ilə sübut etdi.
   Rejissorluq səviyyəsinə - kino işində komandan diapazonuna çoxdan yetmiş Rasim Ocaqov bu görəvə 1975-ci ildə - qırx iki yaşında layiq görüldü. Özü də bütöv bir süni gecikmə aktı bir yana, həm də yarımçıq qalmış bir filmlə: “Gəncəbasarlı qisasçı” ilə. O, bünövrəsi tarixi-qəhrəmanlıq janrı kimi qoyulmuş bu filmin bərpa və davamına bir qədər fərqli aspektdən yanaşdı, ssenariyə ciddi əl gəzdirdi, qəhrəmanların ifaçılarında dəyişikliklər etdi, Qatır Məmməd obrazına isə Şahmar Ələkbərovu məsləhət bildi. Bu film onun ilk rejissor məhsulu olsa da, mətbuatda professional iş kimi dəyərləndirildi və sonrakı 30 illik ünlü fəaliyyətinə yaşıl işıq yandırdı.
   O vaxtdan “Rasim Ocaqov” titri kinomuzun arzulanan, səbirsizliklə gözlənən imzalarından birinə çevrildi. Görkəmli ədib İsa Hüseynov yaradıcılığına yeni bir baxış - Rasim Ocaqov təfsiri yarandı. Kinomuz “Tütək səsi” şedevri, filmin özü isə Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev kimi ustad aktyorların təfsirlərində İsfəndiyar, Qılınc Qurban kimi Azərbaycan kişisi obrazları qazandı.
   “Rasim Ocaqovun yaradıcı psixolojisi yaradıcılıq xronolojisindən sürətlə və öndə gedirdi” deməklə, görəsən, yanılmış olmuram ki? Məncə, bu qənaətimin sübutu üçün onun xəyali “Azərbaycan kino təsərrüfatı sərgisi”nin yuxarılarında dayanan filmlərinin aşağıda sadəcə adlarını sadalamağım yetər: “Ad günü”, “Özgə ömür”, “Tütək səsi”, “Park”, “Həm ziyarət, həm ticarət”,“Ölsəm, bağışla”, “İstintaq”, “Təhminə”, “Otel otağı”...
   ...Bu an, onun çəkdiyi filmlərdən birinin (“Ölsəm, bağışla”) adı mənə bir fikir “filmi” diktə etdi: ha “yazsam da qurtarmaz”.
   Onun gözü ilə baxdıqlarımız, ssenari-sözü ilə eşitdiklərimiz, fəhmi-yazıları, quruluşları ilə bəhrələndiklərimiz haqda bu qədər, onu böyük sənətə gətirən, təltifləyən, “nahaqq-haqq” dünyalara gətirib-aparan qəza-qədərlər barədə isə,
   
   Aşağıdakı qədər
   
   Görüşüb-salamlaşmağı hələ döyülməmiş xırmana, ayrılıb-xudahafizləşməyi suyu soğulmuş dəyirmana bənzədirlər...
   Filmoqrafiyasına günlər-aylarla baxılıb-qurtarılmayası bu sənətkarın avtobioqrafiyası ilə tanışlıq bir dəqiqə çəkə, ya çəkməyə: 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub, 2006-cı ildə Bakıda vəfat edib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültələrini bitirib. Dövlət mükafatı laureatı, Xalq artistidir...
   
   Tahir Əhmədalılar