“Sara Xatun” jurnalının yubiley buraxılışının və Bakı Milli Geyim Evinin yeni kolleksiyasının təqdimatı keçirildi
   
   Dekabrın 1-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Milli Geyim Evinin təşkilatçılığı ilə “Sara Xatun” jurnalının və saytının təqdimatı, eləcə də “Ənənədən gələcəyə” adlı dəfilə keçirildi.   
   Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, nazirliyin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
   Jurnalın təsisçisi və baş redaktoru, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli çıxış edərək tədbir haqqında məlumat verdi. Bildirdi ki, uzun fasilədən sonra “Sara Xatun” qadın jurnalı Bakı Milli Geyim Evi ilə birlikdə “Ənənədən gələcəyə” layihəsi ilə yenidən oxucuların, dəb həvəskarlarının görüşünə gəlib: “2002-ci ildə nəşrə başlayan jurnal bir müddət aradan sonra yenidən fəaliyyətini davam etdirir. Bu il jurnalın 15 yaşı tamam olur. Məqsədimiz qloballaşan dünyada milli dəyərlərimizi vurğulamaq, qoruyub gələcək nəsillərə ötürmək və milli geyimlərimizi, milli mədəniyyətimizi təbliğ etməkdir. İstər ölkəmizdə, istərsə də Azərbaycandan kənarda yaşayan azərbaycançılıq ideyalarına sadiq ziyalı, savadlı, istənilən sahələrdə öz sözünü deyən və bu istiqamətdə fəaliyyət göstərən xanımlarımızı daha yaxından tanımaq və tanıtmaq istəyirik”.
   Qeyd olundu ki, jurnalın yeni sayı yubiley nömrəsi olmaqla yanaşı, eyni zamanda xüsusi buraxılışdır: “Bu mənada xanımları dinləmək, onların fikirlərini geniş auditoriyaya çatdırmaq, gördükləri işlərin əhəmiyyətini vurğulamaq üçün daha çox söhbətlərə yer verməyi məqsədəuyğun saydıq. Növbəti saylarımızda isə maraqlı müsahibələrdən əlavə, həmçinin simalar, elm, tarix, elçi, kino-teatr, muğam, sənətkar, ədəbiyyat, dəb, sağlamlıq, kulinariya kimi müxtəlif rubrikalarla görüşünüzə gələcəyik”.
   Vurğulandı ki, tədbirdə təqdim olunacaq geyimlər xüsusilə bu dəfilə üçün hazırlanıb: “Biz hər il bu dəfilələri Novruz bayramı ərəfəsində təşkil edirdik. Lakin bu dəfə layihə daha geniş konseptdə hazırlandığı üçün bizə bir il vaxt lazım oldu və ilin sonuna tamamlaya bildik”.
   Tədbirdə çıxış edən millət vəkili Jalə Əliyeva, Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova və başqaları jurnalın yenidən nəşrə başlamasını müsbət dəyərləndirdilər. Onlar Bakı Milli Geyim Evinin son illər reallaşdırdığı layihə və tədbirləri milli geyimlərimizin, milli mədəniyyətimizin təbliği baxımından təqdir etdilər. Diqqətə çatdırıldı ki, jurnalın yubiley nömrəsində oxucuların marağına səbəb olacaq maraqlı yazılar dərc olunub.
   Tədbir çərçivəsində, həmçinin jurnalın saraxatun.com saytının təqdimatı keçirildi.
   Daha sonra Bakı Milli Geyim Evinin növbəti “Ənənədən gələcəyə” adlı milli geyim kolleksiyası nümayiş olundu. Kolleksiyada Azərbaycanın müxtəlif bölgələrinə xas olan milli geyimlər yer almışdı.
   Qeyd edək ki, “Sara Xatun” jurnalında milli geyimlər deputat Jalə Əliyeva, modelyer Fəxriyyə Xələfova, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt, Xalq artisti Azərin, əməkdar artistlər Gülzar Qurbanova, Fərqanə Qasımova və digər tanınmış şəxslərin simasında təqdim edilib. Fotoların müəllifləri Rüstəm və Nəriman İsmayılov qardaşlarıdır.
   
   Fariz Hüseynov