Mətbuat Şurasında ölkəmizə səfərə gəlmiş türk dünyasının bir qrup yazıçı və jurnalisti ilə görüş keçirilib. Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Bakıdan türk dünyasına” layihəsi çərçivəsində gerçəkləşib.
Birliyin sədri Əkbər Qoşalı qonaqları təqdim edərək səfərin məqsədi, həyata keçirilən layihə barədə məlumat verib.
Şuranın sədri, millət vəkili Əflatun Amaşov Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyasının Saxa-Yakutiya, Tatarıstan respublikalarından gəlmiş qonaqları salamlayaraq qurumun fəaliyyət istiqamətləri barədə danışıb. Bildirib ki, Mətbuat Şurası türk dünyasının media qurumlarının, jurnalistlərin, yaradıcılıq adamların bir-birilə sıx təmaslar qurması üçün tədbirlər reallaşdırıb. Türk dünyasının sənət adamları, yazarları arasında əməkdaşlıq daha da inkişaf etdirilməlidir.
Ə.Amaşov nümayəndə heyətinə başçılıq edən Tatarıstan Yazıçılar Birliyinin sədri, yazıçı-dramaturq Danil Salihə xatirə hədiyyəsi təqdim edib.
Görüşdə Tatarıstan Yazıçılar Birliyinin sədri Danil Salih, qazaxıstanlı şair Almas Ahmetbekoğlu, Ə.Yasəvi adına Türk-Qazax Universitetinin əməkdaşı, şair-tərcüməçi Gülnaz Faizulla, Saxa (Yakutiya) Yazıçılar Birliyi Gənc şairlər bölməsinin rəhbəri, şair-tərcüməçi Qavril Andros, Türkiyədəki “DünyaDER” ədəbi qurumunun təmsilçisi, şair Özgür Bacaksız, qırğız şairi Bekbolat Sarıbay, Təbriz gənc şairlərinin nümayəndəsi Ümid Nəccari və başqaları ortaq türk mədəni-mənəvi yaxınlığının müxtəlif aspektlərindən söz açaraq qarşılıqlı səfərlərin əməkdaşlığın daha da güclənməsinə təsir göstərdiyini vurğulayıblar.
MŞ İdarə Heyətinin üzvləri - Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxışlarında bildiriblər ki, türk dünya xalqlarının daha sıx konsolidasiyası günün qlobal tələbidir və bu prosesdə sənət və yaradıcılıq adamlarının da böyük rolu var.