əl-qolu, bər-bədəni, qaş-gözüylə də oxuyub getmiş, səs-avazısa əbədi qalmış Baba Mirzəyev...
   
   Bir qədər lokal Azərbaycan AŞIQlığının gözünə dünyəvi sənət AŞİQliyi də qatıb, bu ana sənətimizi xeyli qloballaşdırmış, Saz-Söz yurdu, qələm-qaltan məkanı kimi tanınan Qazax-Ağstafa elatını öz şaqraq səs-avazıyla muğam-məqam, mahnı-təsnif və... milli-kolorital əba-çuxasından çıxmamağa çalışıban, Qərb-Şərq qovuşuğunda ifa etdiyi ariyalarla dünyəvi opera başarılılığına da qovuşdurmuş Baba Mirzəyev...   
   Bəri başdan deyim ki, oxuları dillər əzbəri, efir-ekran bəzəyi olan bu sənətkarın ifanamə nümunələrini sadalayıb, bu yazının həcminə “xələl” gətirmək fikrində deyiləm. Bir bunu qeyd edim ki, bu təpədən-dırnağa xalqavuz, el-obahəngi sənətkar tək elə xalq mahnıları və aşıq havalarını təbliğ etməyə çalışanlardan deyil, həm də, məhz bu zəngin və ölməz milli irslə tanınıb-sevilmək arzululardan idi. Mənim bu qənaətimi ciddiyə almayanlar onun “Misri Koroğlu”, “Koroğlu qaytarması”, “Ay bala gəlin”, “Durnalar” kimi nümunələrdə necə vokal “pəstah”lar çıxarmasını xatırlasalar, bəs edər. 
   1940-cı ildə Ağstafanın Muğanlı kəndində doğulub, orta məktəbi qızıl medalla bitirib, neftçi-mühəndis olmaq arzusuyla Bakıya gələrək AZİ-yə (indiki Neft Sənaye Universitetinə) qəbul olunan Baba Mirzəyev ad-soyadlı bu özünəməxsus oğlan, bir xeyli fərdi gərdiş-“gərənay”dan sonra, bütün Azərbaycana, ümumən Türk dünyasına “Baba Mahmudoğlu” kimi tanındı, sevildi, məşhurlaşdı.
   Amma bu nəticə oqədər də “atüstü”-asan başa gəlmədi; lap dördoktavalı səs-avazındakı zəngulələr kimi, -
   
   Pillə-pillə...
   
   Neftçilik tələbəsi ikən yoldaşları onu S.Şuşinskinin yanına aparıb və böyük Ustad onu “muğamnəfəs oğlan” adlandırıb. Sonra bu oğlan A.Zeynallı Məktəbinə ayaq açıb, Ə.Məmmədov, Z.Xanlarova, S.Abdullayev, N.Məmmədova və b. ilə birgə muğamları öyrənib. Ardınca S.Rüstəmovun orkestrində efirə çıxıb, Ə.Bakıxanov, B.Salahov və (bir qədər sonra) Ə.Dadaşovun ansamblları ilə ekranda görünməyə başlayıb. 1962-də Akademik Opera və Balet Teatrının stajoru, bir müddət keçmiş solisti olub. “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Xanəndənin taleyi” operalarında baş rolları oynayıb, “Koroğlu”da isə - bir şahid kimi deyim ki, misilsiz (!) bir “Təlxək” obrazı yaradıb. Sağlığında yaratdığı ansamblla neçə-neçə xarici səfərlərdə olub, bənzərsiz musiqi və səsimizi başqa xalqlara da çatdırıb. 
   Çox şirindil, eyniaçıq, söhbət-xatirəçil olmuş bu sənətkar haqda xatirələr də çoxdur və onlardan dördünün - xalq artistləri Şəfiqə Axundova, Canəli Əkbərov, Yasin Qarayev (tələbə yoldaşı) və Qəndab Quliyevanın dediklərindən fraqmentləri sayın oxucularımızın diqqətinə çatdırmaq istəyirəm:
   
   “Baba çox gözəl səsli, orijinal maneralı sənətkar idi. Onunla yaradıcılıq ünsiyyətim, daha çox, mənim “Gəlin qayası” operamla başlandı. Bu operanın ərsəyə gəlməsində onun zəhmətini heç vaxt unutmaram. İlk tamaşada Camal rolunu Baba oynadı. O, bu obraza da böyük məsuliyyətlə yanaşdı, ən xırda detalları belə tamaşaçıya çatdırırdı; axı, Babanın gözəl aktyorluğu da vardı!” 
   
   “Baba Mahmudoğlu ilə 40 ildən çox dostluq etmişəm. O bir sənətkar kimi də, şəxsiyyətcə də özünəməxsus adam idi. Uzun illər Opera və Balet Teatrında birgə çalışmışıq və onun, demək olar, bütün rollara hazırlığı mənim gözümün qabağında olub. Baba kimi məsuliyyətli sənətkar çox az tanıyıram. Bütün bunlarsa onu xatirəmdə ən yaxşı sənətkar, ən yaxşı dost, ən yaxşı insan kimi yaşadır. Əminəm ki, onun səsi və yaratdığı sənət nümunələri, musiqi xəzinəmizin qiymətli inciləri kimi, xatirə və lent yaddaşlarından heç vaxt silinməyəcək”. 
   
   “Mən Xarici Dillər İnstitutunun 3-cü kursundan İncəsənət İnstitutunun (ADMİU) Musiqili-komediya aktyorluğu fakültəsinə keçəndə Baba da AZİ-ni bitirib həmin fakültəyə gəlmişdi. Diplom tamaşamız olan “Arşın mal alan”da Baba Əsgər obrazını, Nəsibə xanım Xalanı, mən - Vəlini oynadıq. Sən demə, onun səhnə qabiliyyəti müəllimlərimizdən Şəfiqə Axundovanı elə məftun edir ki, “şəxsən Babanın benefisinə” bir opera yazmaq qərarına gəlir. Bəli, həmin illər Şəfiqə xanım dərsdə bizə tapşırıqlarını verər, yeni mahnılarını Baba ilə məşq etməklə yanaşı, məqamı gəldikcə, “Gəlin qayası” operasından parçaları da yazırmış. Əsər hazır oldu, Opera Teatrına verildi və baş rolu, ovaxtadək orada stajor-yarımştat işləyən Baba Mirzəyevə həvalə etdilər. O tamaşaya biz də baxdıq və böyük qürur hissi keçirtdik. Bəs necə, sabahısı bütün qəzetlər “Alqış, səhnəyə istedad gəlir!” kimi rubrikalar altında bizim tələbə yoldaşımız Baba Mirzəyevdən yazmışdı!”
   
   “Çox səmimi dost, aydan arı-sudan duru bir ömür yaşamış Baba Mahmudoğlu ilə səhnə tərəf-müqabili olmaq özgə bir aləm idi. Bu çox savadlı, geniş mütaliəli, səhnə sələflərindən gördüyü bütün müsbətləri götürən sənətkar öz xələflərindən heç nəyi əsirgəmirdi. Yeri gəlmişkən, mən sizə Baba sənətkarlığının “bais” olduğu bir “minus”umu da deyim. Belə ki, mən Baba ilə səhnə duallığında olarkən, bəzən, onun sənət “əsarət”inə - yüksək peşəkarlıq “labirint”inə düşüb, səhnədə olduğumu unudar, vurğun tamaşaçılarından birinə çevrilərdim. Bu böyük istedad Babaya Tanrı bəxşişi idi. Yaxşı sənətkar olmaq həm də yaxşı insanlıqdan başlayır. Baba çox gözəl insan idi. Ailəsində də, dostları arasında da onun yeri göz üstə, hörmət-izzəti qəlb içində idi. Bu, onun cismani yoxluğunda da belədir...” 
   
   Sonuncu xatirədəki son cümləni - “yad” (uzun zaman səhnə tərəf-müqabili olsa da) bir xanımın bu çəki-zəkili qədir-qiymətini məhrəm bir xanımın - xanəndənin öz həyat yoldaşı Amalya Cəfərzadənin mətbuata müsahibələrindən birində (xeyli ixtisarla) -
   
   “Yoxlayaq”... 
   
   "Onunla tanışlıq anlarını heç vaxt unutmaram. Bizim yataqxanamız (indiki Azadlıq prospektindəki) Neft-Kimya İnstitutunun yataqxanası ilə üzbəüz idi. Bir çox tələbələr kimi, mən də, bəzən axşamlar səsi aləmi başına götürən Babanı yaxşı tanıyırdım. Bir gün (təbii ki, onun uzun “pusqu”sundan sonra) bu səs sahibinin özüylə də rastlaşdım və elə ilk görüşümüzdəncə mənə evlənmək təklifi etdi. Heç kimə qəribə gəlməsin, bu, Babanın xarakterindən irəli gəlirdi. Birgə yaşadığımız illərdə şahidi oldum ki, Baba sözün ağını da, qarasını da adamın gözünün içinə qıpqırmızı deyən adamdı. Nəysə... Elçi göndərdi, ailə qurduq, başladıq ev-eşik qurmağa. Mən “quru” texniki sahədə, o, böyük sənət-musiqi aləmində...
   Uşaq kimi təmiz, halal möminlər kimi səmimi idi. Evimizdə bədii, tarixi, fəlsəfi, siyasi əsərlərdən ibarət zəngin bir kitabxana qurmuşdu. Dünya fəlsəfə tarixinin incəliklərinədək maraqlanırdı, fəlsəfədən dissertasiya yazıb-müdafiə etmək istəyirdi. Çoxu Moskva nəşrləri olmaqla, 30-dək qəzet-jurnala abunə idi. Bizi də mütaliə xəstəsi etmişdi. Nəvələrimizin bu hər iki mənalı Babaları çox həssas bir ürək sahibi, xoşniyyət, xoşüz-xoşsöz bir insan idi...
   Qohum-əqrəba da çox istəyirdi onu. 1962-dən 78-ə qədər birotaqlı darısqal (Nəsimi bazarının yanı) evdə yaşamışıq. Ömrümün ən gözəl çağları olub o illər... 
   Dövlətimizin qayğısı həmişə onun da üzərində olub. Sağlığında mənzillə təmin edildi, yubileyi, anım günləri keçirilir.
   Ancaq... çətindir onsuz, çox çətindir... Hara gedirəm səsi qulağımdadır. 
   Yadigarlarının - övladlarımızın, nəvələrimizin uğurlarına yaşayıram...”
   
   Öz ev-eşiyilə bahəm, böyük səhnə sənətimizin də kamlı Məcnunu olmuş bu sənətkar bu əsrin 6-cı ilinin 6 dekabrında - 66 yaşında (bu rəqəmlərdə də bir “zəngulə”vilik...) vəfat edib.
   
   Tahir Abbaslı