“Baku Guide” kataloqunun növbəti sayı çapdan çıxıb
“Bakının qış menyusu”, “Bakıda çay mədəniyyəti”, “Bakı 3 günə” - bunlar artıq dördüncü ildir paytaxtımıza təşrif buyuran əcnəbi qonaqlara, eləcə də aktiv istirahət həvəskarı olan şəhər sakinlərinə bələdçilik edən “Baku Guide” kataloqunun növbəti, 2017-ci ilin dekabr sayının mövzu başlıqlarından bir neçəsidir.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr olunan bələdçi kataloqunun bu sayı da kiçikdən böyüyə ən müxtəlif zövq sahibləri üçün - qurmanlardan teatrallara, melomanlardan şopinq və əyləncə həvəskarlarınadək - maraqlı materiallarla zəngindir. İngilis və rus dillərində nəşr olunan kataloqun budəfəki buraxılışının rubrika və bölmələrində fərqli və yaddaqalan istirahət arzulayan hər kəs axtardığını tapa biləcək.
“Bakını kəşf et” bölməsində rəngarəng illüstrasiyalarla təqdim olunan yazılarda qədim şəhərin həm ənənəvi, özünəməxsus koloriti, həm də ultramüasir yenilikləri, eləcə də mövsümə uyğun özəllikləri diqqəti çəkir. Qarşıdan gələn Yeni il tətilini Azərbaycan paytaxtında keçirməyə hazırlaşanlar bayram əhvallarına rəng qatmaq üçün “Bakıda Yeni il gəzintiləri” yazısını diqqətlə oxusunlar. Bakıya istər tək, istər ailəliklə gələnləri burada ürəkləri istəyən istirahət və əyləncə gözləyir.
“Bakının qış menyusu”nda düşbərədən xingala, xaş və pitidən dolmayadək Azərbaycan mətbəxinin ləziz yeməkləri haqqında dadlı məlumat verilir. Ləzzətli yeməkdən sonra isə çay dəstgahı lap yerinə düşər. Armudu stəkanda məxməri çay, yanında da növbənöv mürəbbələr, milli şirniyyatlar. Bütün bunlar və daha artığı “Bakıda çay mədəniyyəti”ndə.
Şəhərimizə qısa müddətə gələnlər üçün isə “Bakı 3 günə” yazısı maraqlı olacaq. İçərişəhərdə Qız qalası və Şirvanşahlar sarayından başlanan marşrut şəhərin əsas gəzməli-görməli yerlərini əhatə edir. Bununla bərabər, minilliklərin vərəqləndiyi Qobustan, Yanardağ və Atəşgah qoruqlarına baş çəkə, “Bakının memarlıq inciləri”ni gözdən keçirə, “Tarixə toxun”ub Azərbaycanın milli geyimləri haqqında məlumat əldə edə və təbii ki, şəhərimizdən bir də xoş xatirəli hədiyyə ilə getmək istəyirsinizsə, “Turist Bakıda nə ala bilər” yazısını oxuya bilərsiniz.
Ənənəvi olaraq “Baku Guide” bələdçisinin bu sayında da paytaxtın teatr və konsert müəssisələrinin aylıq repertuarı, dekabr ayında gözlənilən əlamətdar mədəniyyət tədbirlərinin afişası, bunlarla yanaşı teatr və konsert salonlarının, paytaxtın böyük muzeylərinin qısa tarixçəsi, qalereya və sərgi salonları, kino nümayişi mərkəzləri haqqında məlumatlar da yer alıb.
“Baku Guide” ənənəsinə sadiq qalaraq Azərbaycanın paytaxtdan kənar gözəlliklərini də oxucularına təqdim edir. “Odlar Yurdunda qar nağılı” yazısı mövsümün nəfəsini təbiət qoynunda duymaq və əsl qış havasını yaşamaq istəyənlər üçün nəzərdə tutulub. Yazıda qış istirahəti həvəskarlarına faydalı məsləhətlər verilir. Vurğulanır ki, Azərbaycanda təbii iqlim müxtəlifliyi ilboyu istirahət üçün geniş imkanlar açır. Son illər ölkədə qış turizminin populyarlaşdırılması üçün müasir infrastruktur yaradılıb. Qusar rayonundakı Şahdağ Turizm Mərkəzi artıq altıncı mövsümdür dağ-xizək idmanı həvəskarlarını qış istirahətinə dəvət edir. Qəbələ rayonu ərazisindəki Tufandağ dağ-xizək kompleksi də hər kəsə unudulmaz təəssürat vəd edir.
Kataloqun bu sayında həmçinin turistlər üçün maraq kəsb edən “ASAN Viza” xidməti, “Tax Free” sistemi, bu sistemin üstünlükləri, şərtləri, “Baku City Tour” - şəhər turunun marşrutu barədə materiallar verilib. Şəhərdəki məşhur restoran və kafelər, bar və pablar, şopinq həvəskarları üçün iri ticarət mərkəzləri, əyləncə axtaranlar üçün karaoke və gecə klubları, kinoteatrlar barədə məlumatlar da “Baku Guide” oxucularına bələdçilik edir. Bu məlumatlara turistlər üçün zəruri bilgilər, turizm informasiya mərkəzlərinin, paytaxtımızdakı xarici ölkə səfirliklərinin, dini məkanların və s. ünvan və telefonları da əlavə olunur.