Molla Pənah Vaqifin 300 illik yubileyi təntənəli mərasimlə qeyd olundu
   
   Azərbaycanın zəngin ədəbiyyat tarixində silinməz izlər qoyan qüdrətli söz ustası Molla Pənah Vaqif özünəməxsus ənənələri ilə seçilən ədəbi məktəb yaratmış sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələrinin müəllifi kimi tanınmaqla yanaşı, həm də milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verən ədib kimi xatırlanır. Azərbaycan şeiri Vaqif poeziyası ilə yeni bir mərhələyə qədəm qoyub.   
   Görkəmli Azərbaycan şairi və ictimai-siyasi xadim Molla Pənah Vaqifin yaradıcılığı və işıqlı xatirəsinin könüllərdə yaşamasına sahib çıxan doğma Vətəni onun adını məhz xalqının yaddaşında mənən yaşadır.
   Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli sərəncamının icrası ilə bağlı il ərzində ölkəmizdə silsilə tədbirlər gerçəkləşdi, ədibin poetik dühası UNESCO və TÜRKSOY kimi təşkilatlarda yad edildi. 
   Dekabrın 7-də isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, AMEA və Yazıçılar Birliyinin iştirakı ilə Molla Pənah Vaqifin 300 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçirildi. 
   Tədbirdə dövlət rəsmiləri, xarici qonaqlar, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi. Əvvəlcə mərasim iştirakçıları Vaqifin əsərlərindən, habelə şairin həyat və yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgi ilə tanış oldular.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley mərasimində çıxış edərək Molla Pənah Vaqifin ədəbiyyatımıza verdiyi töhfələrdən söz açdı. Bildirdi ki, tanınmış şəxsiyyətlərin yubileylərinin dövlətimiz tərəfindən yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşr edilməsi və təbliği uzun illərdir ki, ənənə halını alıb. Böyük şair Vaqifin yubileyinin qeyd edilməsi təkcə ölkəmizlə məhdudlaşmır, türk dünyasında bununla bağlı silsilə tədbirlər keçirilib. Diqqətə çatdırıldı ki, akademik Nizami Cəfərovun şairin həyat və yaradıcılığından bəhs edən “Molla Pənah Vaqif”, Milli Kitabxananın hazırladığı “Molla Pənah Vaqif” biblioqrafiyası nazirliyin dəstəyi ilə və “Molla Pənah Vaqif dünya dillərində” kitabı isə TÜRKSOY-un dəstəyi ilə nəşr edilib.
   Nazir bildirdi ki, mürəkkəb və ziddiyyətli dövrdə yaşamasına baxmayaraq, Vaqif xalqın şairi olmaq şərəfini ömrünün sonunadək ləyaqətlə qoruyub saxlayıb. Ədəbiyyatımızın inkişafında, ana dilimizin zənginləşməsində onun böyük xidmətləri var. Vaqifin yaradıcılığı insanların hafizəsində yaşayaraq dövrümüzə qədər gəlib çatıb. Onun bir çox şeirləri itib-batmış, əlyazmaları talan olmuşdu. Ancaq şairin yaradıcılığını sevən insanlar, bütövlükdə xalq Vaqifin əsərlərini yaddaşlarında yaşatmış, xanəndələr sözlərini məclislərdə ifa etmiş, yazmaq bacarığı olanlar şairin qəzəllərini, qoşmalarını, müxəmməslərini qələmə almışlar.
   Vurğulandı ki, Vaqif dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olub. “Hər oxuyan Molla Pənah olmaz” fikri sübut edir ki, Vaqif dövründə oxuyanlar, savad sahibləri çox olub. Amma Vaqif yaradıcılığının özünəməxsus realist ədəbi-estetik mövqeyi olub. Bundan başqa, onun yaradıcılığı təsdiq edir ki, milli özünüdərk Vaqif yaradıcılığında daha güclüdür. O, saray adamı olmaq, vəzir kimi çalışmaqla yanaşı, həm də el-obaya, xalqa yaxın insan olub. Xalqın içərisindən çıxıb dövlət xadimi səviyyəsinə yüksəlmək və yaradıcılığında xalqın ruhunu, dövlətdə siyasi fəaliyyət qabiliyyətini, bacarığını qoruyub saxlamaq ona məxsus yüksək keyfiyyətdir. 
   Qeyd olundu ki, Vaqifin adının UNESCO-nun yubileylər proqramına daxil edilməsi Azərbaycanın qüdrətli söz ustasının yaradıcılığında humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. 
   Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov türk dünyasının böyük şairinin 300 illik yubileyinə qatılmasından fəxarət duyduğunu dedi. Bildirdi ki, türkdilli xalqlar arasında qardaşlıq əlaqələrini gücləndirmək, türk dünyasının mədəniyyətini tanıtmaq məqsədilə TÜRKSOY hər il tanınmış şəxsiyyətlərin yubileylərini qeyd edir. Bu il “Molla Pənah Vaqif xatirə ili” çərçivəsində də çoxsaylı tədbirlər keçirilib. Bildirildi ki, dekabrın 22-də bu qəbildən daha bir tədbirin Şimali Kiprdə keçirilməsi nəzərdə tutulur.
   Görkəmli şairin yaradıcılıq məziyyətlərindən söz açan Kabardin-Balkar Respublikası (Rusiya) Yazıçılar İttifaqının sədri Mutalib Beppayev Vaqif şeirlərinin fəlsəfi quruluşu, yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki tarixi fəaliyyətini yüksək qiymətləndirdi.
   Çıxışlardan sonra tədbir tanınmış ifaçılar tərəfindən təqdim olunan konsert proqramı ilə davam etdi.
   
   Fariz