Ulu öndər Heydər Əliyevə həsr olunmuş konfrans
Dekabrın 6-da Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş konfrans keçirildi. Tədbir Milli Kitabxana, Bakı Humanitar Kolleci və Bakı Dövlət Universitetinin (BDU) Kitabşünaslıq və nəşriyyat işi kafedrasının birgə təşkilatçılığı ilə gerçəkləşdi.
Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək ulu öndərin həyat yolundan və fəaliyyətindən söhbət açdı, görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu, çətinliklə əldə edilən müstəqilliyin qorunub saxlanıldığını diqqətə çatdırdı. O, dahi şəxsiyyətin həyat yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu dedi. Qeyd olundu ki, böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev Azərbaycanda bütün sahələrin inkişafına nail oldu, dövlətimizin gələcəyi üçün möhkəm bir baza yaratdı.
Kərim Tahirov ümummilli liderin ölkəmizdə kitabxana sahəsinin inkişafına da diqqət ayırdığını vurğulayaraq onun 4 dəfə Milli Kitabxanaya gəldiyini yada saldı, bu gün Prezident İlham Əliyev tərəfindən ulu öndərin siyasətinin layiqincə davam etdirildiyini vurğuladı.
Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan, Bakı Humanitar Kollecinin tədris işləri üzrə direktor müavini Rasim Rzaxanov ümummilli liderin şərəfli ömür yolundan, siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən, gənc nəslə azərbaycançılıq ideyalarının aşılanması istiqamətində həyata keçirilən layihələrdən bəhs etdilər.
BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanovun “Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyəti və rolu” adlı məruzəsi dinlənildi.
Sonra Bakı Humanitar Kolleci “Buta” rəqs ansamblının ifasında ulu öndərə həsr edilən kompozisiya və təhsil ocağının Cahangir Cahangirov adına tədris xor kollektivinin çıxışları təqdim edildi.
Sonda iştirakçılar ulu öndərin öz şəxsi kitabxanasından Milli Kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət - Heydər Əliyev” adlı sərgi ilə tanış oldular.
Lalə