Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası hazırlanır. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, son məşqləri gedən ikihissəli səhnə əsəri Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur. Səhnə əsərində Xalq artisti Bəsti Cəfərova (Qətibə İnanc), Əməkdar artist Sabir Məmmədov (Nizami), habelə Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, İlyas Əhmədov, Kazım Abdullayev, Şəhla İsmayılova, Fidan Cəfərova, Elnur Qədirov və başqaları iştirak edirlər.
Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub. Məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə o, sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir...
Qeyd edək ki, “Qılınc və qələm” əsəri ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımovun quruluşunda tamaşaya qoyulub.