bütün Azərbaycan anşlaq Salon, bütün xalq isə qəşşi-Tamaşaçı idi...
   
   Bu anadangəlmə aktyoru sağlığında nadir hallarda soyadı ilə yad edərdilər. Eləcə adının çəkilməsi hamının bilməyinə, çoxlarının gülməyinə, bəzilərininsə “gülməkdən ölməyinə” kifayət edərmiş...
   Nəsibə xanımla məşhur duetindən (“- Adın nədir? - Məhəmməd!) sonra daha çox dil-ağıza düşən bu “canlı konsert”, kütləvi maraq-məhəbbət “basqı”sından bəzən, küçələrə tək çıxmaqdan da çəkinər, səhnələrdə yaşadığı nökər-qaravaşlıq “azmış” kimi, yol-rizdə, dükan-bazarda “Əhməd haradadır?” filmində yaratdığı bədii Zülümovdan da artıq “real” zülümlər çəkərmiş...
   
   Lütfən, buracan adını “məxfi” saxladığım bu aktyoru elə təkcə “O olmasın, bu olsun”, “Arşın mal alan” (1945) və “Ulduz” filmlərindəki Baloğlan, Vəli, Məhəmməd obrazlarında xatırlayın ki, bu yazının ilk yarımbaşlığı “qəribçiliyə” düşməsin:
   
   Lütfən... Lütfəli!
   
   Səhnə və ekran korifeylərimiz içərisində ən şən, ən gülməli...
   O, obrazlarda nə qədər “özgə”ləşməyə çalışsa da, özündən tam ayrıla bilmir, gözlərindən, mimikalarından sənətkar obrazlılıqlarından əlavə, bir bioloji doğallıq - Abdullayev Lütfəli Əmir oğluluq da dalğalanırdı. Onlardan biri də, S.Qədirzadə və S.Ələsgərovun “Həmişəxanım”ındakı Ələsgər idi ki, bu duallıqda ikinci birinciyə (yəni Lütfəli “Ələsgər”ə) dov gəlirdi. Həmin obrazın hər situativ məqamda təkrar etdiyi (filan məsələ filan cür olarsa) “bığ qoyaram!” replikası əsər mətnindən çox, ifaçının yumoristik xislətindən, sənətkarlıq bətnindən doğuluşa oxşayırdı. Amma həmin o replika - başqa sözlə desək, cəmiyyətin hər dəfə bir salonluq qismini dədə-babalıq dövrünə bir az da “ekskurs” etdirən o atmaca, hər halda, əsərin uğuru idi. Yəni camaat (köhnə kişilər) belə məqamda “əgər elə olmasa, bığımı qırxdıraram!” dediyi halda, bu “anti-ənənə” Ələsgər “bığ qoyaram!” dokladlayırdı. İşə baxın ki, o mövzunun bu damarı sovetizmin siyasi bığ yeri təzəcə tərləməkdə olan dövrünə düşsə də, canında-qanındakı istedad bu “gənci” tamaşaçılara bığlı-saqqallı müdriklər kimi təqdim edirdi.
   Bu sənətkar elə “yeniyetmə”liyindən -
   
   Fərqlənib...
   
   Öncə qeyd edim ki, bu fenomen aktyorun həyat və sənət “tərcümeyi-hal”çıları, başqa bir həmyerlisinin qələminə məxsus “Kərəmovçuluq” ehtiyatkarlığındanmı, ya nədənsə, onun sənətə gəliş yaşını bir-iki il azaldıblar; yazırlar ki, L.Abdullayev səhnəyə on beş yaşında - Nuxa (Şəki) şəhərindəki yeddillik məktəbi bitirdikdən sonra çıxıb. Hansı ki, 1914-cü ildə anadan olmuş Lütfəli 1928-ci ildə - on dörd yaşında artıq Bakıda idi və konservatoriyanın valtorna sinfinin məşğələlərində iştirak edirdi. Deməli, o, “Nuxa fəhlə-gənclər klubu”nun dram dərnəyində - tərcümə və təbdil edilmiş vodevillərdə, kiçik məzhəkə və məsxərələrdə iştirak edərkən sənətçilərimiz içrə yaradıcılığa ən erkən başlayanlardan imiş. Hələ bu yaşda konservatoriya (təəccüb!) və valtorna (təbəssüm...) sinfi! Mötərizələrin açması da bu ki, bu gün təsəvvürlərimizdə azman teatro-filmoqrafiyalar subyekti kimi canlanan Lütfəli Abdullayev fenomeni və... əgər bəxt-tale “rol”u ilə rastlaşmazmışsa, hansısa bir orkestrin ucqar fonunda cismindən iri bir musiqi aləti arxasında görsənən valtornaçı!? Əlbəttə, əgər o, “Arşın mal alan” filmindəki Vəli obrazı ilə öz qarşısında belə bir əzəmətli “tale yolu” açmasaymış, çox güman ki, elə eləcə də olacaqmış...
   Rəhmətlik Nəsibə xanım demişkən, “elə bu məğamda” bir səbət gülüş. Özü də böyük şairimiz B.Vahabzadənin xatirələrindən: 
   “L.Abdullayevlə çoxdan zarafatı olan həkim N.Əfəndiyev bir gün gəldi ki, dostumuz xəstəxanada yatır, gedək ona dəyək. Onunla birlikdə gələn bir baytar (şəkililərin diliycə “mal doxturu”) da bizimlə getmək, çoxdan pərəstiş etdiyi Lütfəli ilə tanış olmaq istədiyini bildirdi. Lütfəlinin hüzuruna yetcək, Nurəhməd dərhal onu təqdim etməyə başladı: 
   - Bu kişi həkimdir, veterinardır, gətirdim ki... - deyincə, Lütfəli “məsələ”ni başa düşüb, onun sözünü kəsdi:
   - Veterinar olduğunu bildim e, hansınızın həkimi olduğundan danış...” 
   
   “Şərqin Çarli Çaplini adlı-dadlı aktyoru”
   
   Bu sözləri onun məşhur sənətdaş-səhnədaşı Nəsibə xanım Zeynalova deyib.
   O vaxt Musiqili-komediya teatrı maliyyə çətinliyi üzündən fəaliyyətini dayandırmalı olanda, Lütfəli Milli Dram Teatrına keçməli olur. Bizim Çaplinin - bu dahiyanə “gülməli adam”ın belə bir “qaraqabaq”, ciddi teatrda özünü necə təsdiq etməsi adamda qəribə düşüncə “götür-qoy”una səbəb olsa da, ovaxtkı qəzet-jurnal resenziyaları, köhnə “teatro”sevərlərin xatirələri başqa rəylər verir; L.Abdullayev o dövr səhnəsində L.Veqa, G.Mdivani, C.Cabbarlı və başqa ciddi nəhənglərin Tulio, Rəşid, Oddamdı kimi qılınc-qırımlı obrazlarını yaradıb. Onun məzaq-marağının ana yurdu olan Muzkomediya bir də 1956-cı ildə fəaliyyətə başlayır və “yad” yerlərdə düz on səkkiz il yaşayıb-yaratmalı olmuş Lütfəli tək elə özünün, neçə-neçə nəhəng sənət həmkarlarının yox, ümumən müasir, çoxyönlü Azərbaycan teatr-səhnə təsərrüfatının ata yurduna qayıdır. Həmin vaxtdan etibarən onun ismi “Muzkomediya” ifadəsinə ekvivalent kimi səslənən aktyorlardan birinə çevrilir. Xalq onun adını, oyununu sənət isminin bütün ladlarında hallandırır, teatrşünaslar, mütəxəssislər neçə-neçə bölümə bölür, yazım-yozuma düzür. Klassik operettalardakı ifalarını “bənzərsiz”, tərcümə-təbdil əsərlərində “originalçı”, çağdaşlarının musiqili komediyalarındakı ultra-vəziyyətləri öz klassik-kolorital qatqarları ilə birə-beş artıqlamasıyla nümayiş etdirən təkrarsız “bədahətçi” kimi təqdim edib-qiymətləndirirlər.
   “Aləm Lütfəli”nin kino aləmi də göz qabağında, xəyal kainatında! Lakin onun bu vizual aləmini tək elə oxucu öhdəsinə buraxmaqda bir az “qısqanclıyam”. Gəlin birlikdə xatırlayıb seyr edək o filmləri. “O olmasın, bu olsun”dakı Qoçu Əsgərə kəmərbəstəliyindən başlayaq. “Keçi-kişmiş” epizodundakı qoçulanıb-qoqazlanma ədalarına baxaq. Uğunmalarımıza ara verib, “zorənciddi”ləşək; zəmanənin “aç qapını, gələk səni öldürək!” reklamnaməsinin sonunda Qoçu Əsgərin: “Alə, Baloğlan, sür (!) geriyə!” əmrinə müntəzirlik ədasının dahiyanə düşüklük şəbehini xatırlayaq. Qonaqlıq epizodunda “müdrik tost”a necə pedantanə “çırt” atması, ağzından toyuq budu alınarkən bu təhqiri necə böyük elitar laqeydliklə vecə almaması “əzm”inin “çortuna” gedək. Bəs, Rüstəm bəyin evinə toy-nişan qonaqlığına gedərkən yekə-yekə “estetlənib”, nökər-nökər “elitlənib” gül dəstəsi bağlama səbəbindən gecikib - “ağa”-“bəy”lərin pilləkənin sınıq çatından necə ehtiyatla keçdiklərini görməyərək elə ilk addımda şappıltıyla yıxılma “oyunu”?!.
   ...Və bu sənətkarın böyüklüyü ilə - nöqtələnməkdə olan bu yazının kiçikliyini müqayisə edib pəjmürdə olmayın. Nəzərə alın ki, bu yazı onun anım gününə təsadüf edir. Sağlıq olsun, gələn il martın 22-də - bu “canlı Gülüş”ün doğum günündə bax elə bu səhifədə “dolunca yazıb, doyunca gülmək” rubrikası ilə görüşərik...
   
   Tahir Abbaslı