Həyat şirin, eyni zamanda içi dolu boşluqdur. Bu həyatda hər bir insanın missiyası var. Hər kəs dünyaya gəlir, Allah tərəfindən ona yazılan ömrü yaşayır və əbədi dünyasına köç edir. İnsanlar da var ki, ölümündən sonra illərlə anılır...
Yaşasaydı, 60 illiyi olacaqdı. Ömür vəfa etmədi. Əslində, ömrünün 60-cı ilində belə dünyasını dəyişənlər üçün təəssüf hissi ilə “nə yaşadı ki” deyirik. Amma bu insan ömrünün 49-cu qışında dünyasına vida etdi. Qış fəslinin yanvar ayında dünyaya gəlib, elə bu ayda da dünyadan köçdü...
Cəmilə Hacı qızı Məmmədova 1957-ci il yanvarın 19-da Bakıda musiqiçi ailəsində doğulmuşdu. Məşhur tarzən Hacı Məmmədovun qızı idi. Onun içindəki musiqi istedadı hələ uşaq yaşlarından özünü büruzə verirdi. Uşaq musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, sənəti daha dərindən mənimsəmişdi.
Cəmilə xanım uzun illər bizim məktəbin direktoru vəzifəsində çalışıb. Hazırda işlədiyim 3 nömrəli Uşaq incəsənət məktəbi o vaxt, mən şagird olan zaman, 5 nömrəli Uşaq musiqi məktəbi idi. 1988-ci ildən 3 nömrəli Uşaq incəsənət məktəbi adlanır. Elə o zamandan da məktəbdə incəsənətlə bağlı digər şöbələr də inkişaf etməyə başladı.
Cəmilə xanım professional musiqiçi idi. Fortepianoda çox gözəl ifa edirdi. Xatirimdədir, hər dəfə boş vaxtımız olan zaman onun ifasını dinləmək üçün qapı arxasında dayanıb, qulaq asardıq. Son dərəcə sadə, mehriban, eyni zamanda işində tələbkar idi.
Çox arzuları var idi. Bu arzulardan biri də atasının adını hər zaman yaşatmaq idi. Məhz buna görə də Hacı Məmmədov adına xalq çalğı alətləri üzrə respublika müsabiqələrinin keçirilməsində təşəbbüskarlıq edirdi.
Hər bir müəlliminə ana, bacı qayğısı ilə yanaşırdı. Hər hansı işçisinin problemi olanda çalışırdı yardım əlini uzatsın. Çox pozitiv və eyni zamanda zarafatcıl insan idi. Bəzən onun ciddi üz ifadəsində də, haradasa bir təbəssüm, doğmalıq görərdik. Kimisə tənbeh edib, qəlbini qırardısa, tez bir zamanda da o insanın ürəyini almağa çalışardı. Qəlbində heç kimə qarşı kin saxlamazdı.
Cəmilə xanım sənətini və işini sevən adam idi. Ağır xəstəliyə tutulmağına baxmayaraq, ömrünün son günlərinə qədər işlədiyi məktəbə gələr, kollektivi nəzarətsiz qoymazdı. 2006-cı ildə həyatdan köçdü, amma qəlblərdə yaşayır. İşlədiyi məktəbdə kollektiv tərəfindən hər zaman xoş xatirələrlə anılır, ad günlərində ziyarət edilir.
Ruhu şad olsun, əbədiyyət dünyasında nur içində yatsın...
Cəmilə Ağayeva
3 saylı Uşaq incəsənət
məktəbinin fortepiano müəllimi