Azərbaycan
   
   9 dekabr 1918 - Yazıçı, ədəbiyyatşünas Cəlal Məmmədov (1918-1983) anadan olub. “Azərbaycan” jurnalının baş redaktoru işləyib.
   9 dekabr 1963 - Rejissor, aktyor Lətif Bəşir oğlu Səfərov (1920 - 9.12.1963) dünyasını dəyişib. “Sevil”, “Lətif” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olub. 
   9 dekabr 1973 - Görkəmli aktyor Lütfəli Abdullayev (22.3.1914 - 1973) vəfat edib. Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Kinoda ilk işi 1945-ci ildə "Arşın mal alan" filmində Vəli rolu olub. “Əhməd haradadır?”, "Ulduz" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   9 dekabr 1991 - İslam Əməkdaşlıq Təşkilatının Dakarda (Seneqal) keçirilən zirvə toplantısında Azərbaycan Respublikası üzvlüyə qəbul edilib. Bu, müstəqil Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat idi. 
   
   10 dekabr 1918 - Tanınmış opera müğənnisi, Xalq artisti Gülxar İbrahim qızı Həsənova (1918-2005) Şəmkir rayonunda anadan olub. 1940-1980-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub. 
   10 dekabr 1924 - Xalq şairi, dramaturq, SSRİ Dövlət mükafatı laureatı Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 - 15.1.2007) Bakının Xırdalan kəndində doğulub. Kitabları: "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsrlər", "Ağ şimşəklər" və s. “Mirzə Şəfi Vazeh”, “Torpağa sancılan qılınc” və s. pyeslərin müəllifidir. «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib. 
   10 dekabr 1935 - Xalq rəssamı Fikrət Bağır oğlu Bağırov (1935-1996) anadan olub. Bədii tərtibat verdiyi filmlər: “Şərikli çörək”, “Həyat bizi sınayır”, “İstintaq”, “Güllələnmə təxirə salınır!” və s. 
   10 dekabr 1943 - Xalq artisti Tamella İslam qızı Abdullayeva Tovuz rayonunda anadan olub. 30 ildən artıq İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnə fəaliyyəti göstərib.
   10 dekabr 1945 - Şair-publisist İsmayıl Səlim oğlu İmanzadə Cəbrayıl rayonunun Mərcanlı kəndində anadan olub. 
   10 dekabr 1996 - Şair, dramaturq İsgəndər Coşqun (İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927-1996) vəfat edib. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.
   
   11 dekabr 1918 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (1918 - 9.11.1994) Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. "Xəzinə", “Yarpaqlar”, “Arakəsmələr”, “Karvan yolu”, “Tək palıdın kölgəsi” və s. romanların, digər nəsr əsərlərinin müəllifidir. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenarisini yazıb.
   
   12 dekabr 1893 - Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (1893 - 16.11.1938) Şamaxıda anadan olub. Teatr tariximizdə müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya edilib, İran dövlətinə casusluqda ittiham olunaraq güllələnib. 1956-cı ildə sənətkara bəraət verilib.
   12 dekabr 1926 - Əməkdar mədəniyyət işçisi Aşıq Pənah (Əlipənah Ələsgər oğlu Pənahov; 1926 - 26.8.1978) Salyan rayonunda doğulub. Salyan Dram Teatrında çalışıb. “Kür” aşıqlar ansamblını yaradıb. 
   12 dekabr 1937 - Şair, tərcüməçi Əhəd Muxtar (Əhədulla Muxtar oğlu Qənbərov; 1937 - 23.5.1998) Astara rayonunun Kakalos kəndində anadan olub. Rus dilindən, eləcə də özbək, qazax, türkmən şair və yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirib.
   12 dekabr 1945 - Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında inqilab qələbə çalıb. Cənubi Azərbaycan Demokratik Respublikası elan olunub, milli hökumət qurulub. Hərəkata dəstək verən sovet qoşunları İranı tərk edəndən sonra şah rejimi milli hökumətə divan tutub. 1946-cı ilin dekabrında hərəkat süqut edib. Azərbaycan SSR-ə mühacirət edən Pişəvəri 1947-ci ildə avtomobil qəzasında həlak olub. 
   12 dekabr 1968 - Xalq artisti Mustafa Həşim oğlu Mərdanov (28.2.1894 - 1968) vəfat edib. Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub, sonra ailəsi Tiflisə köçüb. Moskvada Teatr Sənəti İnstitutunu bitirib, 1924-cü ildə Bakıya gəlib. “O olmasın, bu olsun”, “Qanun naminə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.
   12 dekabr 2002 - Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov, 12.3.1933 - 2002) vəfat edib. Bir çox şeirlərinə populyar mahnılar (“Cavanlığım”, «Ey həyat, sən nə qəribəsən», “Tələbəlik illəri”, “Tələsin, insanlar” və s.) bəstələnib. Milli Məclisin deputatı (1995-2000) olub.
   12 dekabr 2007 - Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (22.11.1922 - 2007) vəfat edib. Əsərləri: “General”, “Əlibalanın ağır səfəri”, “Burulğanlar”, “Ləpədöyəndə”, “Uzaqdan gələn qonaq”, “Haradansınız, müsyö Abel?” və s.
   
   Dünya
   
   9 dekabr 1048 - Türk (özbək) astronomu, coğrafiyaşünas, ensiklopediyaçı alim Əl-Biruni Əbu Reyhan Məhəmməd ibn Əhməd Xarəzmi (4.9.973 - 1048) vəfat edib.
   9 dekabr 1717 - Alman sənətşünası, antik incəsənət tədqiqatçısı, arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman (Johann Joachim Winckelmann, 1717-1768) anadan olub.
   
   10 dekabr Dünya insan haqları günüdür (Human Rights Day). 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyasında “Dünya insan haqları bəyannaməsi”nin qəbul olunması ilə bağlı təsis edilib. 
   10 dekabr 1890 - Görkəmli başqırd şərqşünası və türkoloq, ictimai xadim Əhməd Zəki Validi Toğan (1890 - 28.7.1970) anadan olub. 
   10 dekabr 1821 - Rus şairi, yazıçı və publisist Nikolay Alekseyeviç Nekrasov (1821 - 8.1.1878) anadan olub. “Rusiyada kim yaxşı yaşayır”, “Rus qadınları”, “Kəndli uşaqları” və s. poemaların, pyeslərin müəllifidir.
   
   11 dekabr 1803 - Fransız bəstəkarı Hektor Berlioz (Louis-Hector Berlioz, 1803 - 8.3.11869) anadan olub. Əsərləri: “Fantastik simfoniya”, “Benvenuto”, “Çellini” operaları və s. 
   11 dekabr 1890 - Argentina müğənnisi, aktyor, tanqo rəqqası Karlos Qardel (Carlos Gardel, 1890-1935) anadan olub. Onun şərəfinə 11 dekabr bir sıra ölkələrdə “Beynəlxalq tanqo günü” kimi qeyd olunur.
   11 dekabr 1913 - Fransız aktyoru, rəssam Jan Mare (Jan Alfred Villen-Mare; 1913 - 8.11. 1998) anadan olub. Filmləri: "Bəyaz gecələr", "Parisin sirləri", "Dəmir maska", “Fantomas” və s. 
   11 dekabr 1918 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1970) Aleksandr İsayeviç Soljenitsin (1918 - 3.8.2008) anadan olub. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya edilib, ABŞ-da yaşayıb, 1994-də Rusiyaya qayıdıb. "Xərçəng korpusu", "Birinci dairədə", "Arxipelaq QULAQ" və s. romanların müəllifidir.
   
   12 dekabr 1821 - Fransız yazıçısı Qustav Flober (Gustave Flaubert, 1821 - 8.5.1880) anadan olub. “Madam Bovari”, “Salambo”, “Hisslərin tərbiyəsi” və s. romanların müəllifidir.
   12 dekabr 1915 - Amerika müğənnisi, aktyor Frenk Sinatra (Francis Albert Sinatra, 1915 - 14.5.1998) anadan olub.
   12 dekabr 1928 - Qırğız yazıçısı Çingiz Aytmatov (1928 - 10.6.2008) anadan olub. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Üz-üzə”, “Torpaq ana”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.
   12 dekabr 1941 - Rusiyanın Xalq artisti Vitali Solomin (1941-2002) anadan olub. Filmləri: “Şerlok Holms və doktor Vatson”, “Qaratoxmaq qadın”, “Qış albalısı” və s.
   
   Hazırladı: Vüqar Orxan