Dekabrın 8-də Milli Kitabxanada Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Xalq şairi Qaysın Quliyevin (1917-1985) anadan olmasının 100 illiyinə həsr edilmiş “Tanrının qılıncı” kitabının təqdimat mərasimi və böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar TÜRKSOY tərəfindən təşkil olunan tədbirlərin yekun mərasimi keçirildi.
Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşdi.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq son illər TÜRKSOY-la birgə reallaşdırılan layihələr haqqında məlumat verdi. Bildirdi ki, görkəmli şair Qaysın Quliyevin 100 illik yubileyinin ölkəmizdə qeyd olunması da bu qəbil tədbirlər silsiləsindəndir: “Molla Pənah Vaqif və Qaysın Quliyevə həsr edilən tədbirin bir arada qeyd edilməsi təsadüfi deyil. Çünki türkdilli xalqların görkəmli ədiblərinin irsi bu gün də yaddaşlardadır”.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev öncə TÜRKSOY-un baş katibi Düsen Kaseinovu yenidən bu vəzifəyə seçilməyi münasibətilə təbrik etdi, təşkilat tərəfindən türk xalqlarının dahi şəxsiyyətlərinə verilən yüksək qiymətdən danışdı. Bildirdi ki, bu günədək Milli Kitabxanada türk xalqlarının görkəmli ədibləri Əhməd Zəki Validi Toğan, Abdulla Tukay, Toktoqul Satılqanov, Yusif Balasanqulu və Əhməd Yəsəviyə həsr edilmiş tədbirlər keçirilib.
Vaqif Əliyev balkar şairi Qaysın Quliyevin həyat və yaradıcılığı haqqında fikirlərini bölüşdü. Vurğuladı ki, tanınmış şair mürəkkəb bir ömür yaşayıb: “Qaysın Quliyev kiçik bir xalqın ədəbiyyatını keçmiş SSRİ məkanında təqdim etməyi bacarıb. Böyük hörmət sahibi kimi öz xalqını ucaldan şair gənc yaşlarından tanınırdı və SSRİ Yazıçılar İttifaqının üzvü idi. Onun öz xalqına, vətəninə sevgisi böyük idi. Ədəbi və ictimai fəaliyyəti dövründə hər zaman öz xalqının qürurlu, məğrur xarakterini nümayiş etdirmişdi. Vaxtilə böyük sovet yazıçıları onun haqqında çox müsbət fikirlər söyləyiblər. Balkar xalqı deportasiyaya uğrayanda Qaysın Quliyev uzun müddət Qırğızıstanda yaşayıb. O, həmin dövrdə Çingiz Aytmatovun ilk kitabını çap etdirib”.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov tədbirə ev sahibliyi etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə, Milli Kitabxanaya təşəkkür etdi. Diqqətə çatdırdı ki, təşkilat bu gün türk xalqlarının çağdaş şairlərinin irsinin tanıdılması istiqamətində müəyyən layihələr həyata keçirir: “Bu işdə bizə mənəvi dəstək olan dostlara təşəkkür edirəm. Bu dəstək türk dünyasına dəstəkdir. Türk mədəniyyəti çox zəngin bir irsə malikdir. Bu zəngin incəliyi ilk əvvəl bir-birimizə, daha sonra bütün dünyaya tanıtmalı və təbliğ etməliyik. Qaysın Quliyevin 100 illik yubileyi münasibətilə çap etdirdiyimiz kitab da bu amala xidmət edir. Kitabda şairin şeirləri Azərbaycan, balkar, qazax, qırğız, özbək, rus və türk dilində təqdim edilib”.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Qaysın Quliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri ilə əlaqələrindən söz açdı. Şairin ölkəmizdə qorunan arxiv materialları barədə məlumat verdi.
"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva tədbirin əhəmiyyətindən söz açaraq bildirdi ki, türk xalqlarının ədəbiyyat nümayəndələri gənc nəslə daha geniş şəkildə təqdim olunmalıdır.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Dövlət Pedaqoji Universiteti Türkdilli ölkələr ədəbiyyatı kafedrasının müdiri Elman Quliyev və digərləri tədbirin təşkilinə görə minnətdarlıqlarını ifadə etdilər. N.Həsənzadə Q.Quliyevlə bağlı xatirələrini bölüşdü. Bildirdi ki, xeyirxah və hər zaman şən insan olan şair bütün türk xalqlarının ədəbiyyat nümayəndələrinə isti münasibət bəsləyərdi.
Moskvadakı Müasir Humanitar Akademiyanın Nalçik filialının direktoru, professor Aliy Atabiyev, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının Xalq şairi, Rusiya Lermontov Komitəsinin həmsədri Askar Doduyev, Kabardin-Balkar Respublikası Yazıçılar İttifaqının sədri Mutalip Beppayev Azərbaycanda olduqlarından məmnunluqlarını ifadə etdilər, ədəbi əlaqələrin vacibliyini vurğuladılar.
Tədbir çərçivəsində həmçinin Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar TÜRKSOY tərəfindən həyata keçirilən tədbirlərdə fəal iştirakına görə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Milli Kitabxananın direktoru Kərim Tahirov, Xalq şairi Nəriman Həsənzadə, AYB-nin katibi Rəşad Məcid, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlıya “M.P.Vaqif medalı” təqdim olundu.
Rusiya Lermontov Komitəsinin həmsədri Askar Doduyev mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə, xalq şairləri Nəriman Həsənzadə və Fikrət Qocaya, ölkəmizin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlıya “Qaysın Quliyev medalı”nı təqdim etdi.
Lalə