Dekabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin 60 illiyinə həsr olunmuş tədbir keçirildi.
   Tədbir iştirakçıları əvvəlcə muzeyin foyesində Elmi-Bərpa Mərkəzinin əməkdaşları tərəfindən bərpa olunan eksponatların sərgisinə baxdılar. Sonra mərkəzin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olundu.
   Mərasimdə çıxış edən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova qurumun fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycanda muzey sərvətlərinin bərpası işinin təməli 1957-ci ildə ilk peşəkar bərpaçı-rəssam Fərhad Hacıyev tərəfindən qoyulub: “İlk illərdə burada yalnız rəngkarlıq və qrafika əsərləri bərpa olunurdu. Bu gün isə mərkəzin vəzifəsi bərpaya ehtiyacı olan muzey əşyalarının qeydiyyata alınması, konservasiya işlərinin həyata keçirilməsi, muzeylərdə əşyaların mühafizə vəziyyətinin yoxlanılması və lazımi məsləhətlərin verilməsindən ibarətdir. Mərkəzdə bu günədək 2 minə yaxın müxtəlif muzey eksponatı bərpa və konservasiya olunaraq muzeylərə qaytarılıb”.
   Qeyd olundu ki, respublikamızda fəaliyyət göstərən muzeylərin kolleksiyalarına daxil olan maddi mədəniyyət nümunələrinin, sənət əsərlərinin və tarixi əhəmiyyət daşıyan eksponatların taleyi etibarlı əllərdədir. Cənubi Qafqazda yeganə olan Elmi-Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə layiqli mövqe qazana bilib.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, xalqımızın mədəni irsinin qorunub saxlanılması və təbliği istiqamətində sistemli işlər həyata keçirilir: “Ölkəmizdə tarixi-mədəni abidələrin, eləcə də sənət əsərlərinin bərpası böyük əhəmiyyət kəsb edir. Bərpaçılıq sənətinin yarım əsrdən çox bir dövrü əhatə etməsi mədəni irsimizin qorunmasından xəbər verir və bu sahəyə olan diqqətin davamlılığını şərtləndirir. Ölkəmiz tarixi abidələrlə zəngindir. Arxeoloji qazıntılar nəticəsində hər il yeni-yeni mədəniyyət nümunələri aşkar edilir. Onların bəzilərinin, eləcə də muzeylərdə saxlanılan eksponatların da bir qisminin zaman-zaman bərpaya ehtiyacı yaranır. Bu baxımdan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin fəaliyyəti bizim üçün çox vacibdir”. 
   Əbülfəs Qarayev bərpaçılıq sənətinin daha da inkişaf etdirilməsi üçün beynəlxalq təcrübədən yararlanmağın vacibliyini qeyd etdi. Vurğuladı ki, bu sahə üzrə ixtisaslaşmış işçilər muzeylərdə də çalışmalı, həmçinin muzeylər Elmi-Bərpa Mərkəzi ilə sıx əməkdaşlıq etməlidir.
   Nazir Prezident İlham Əliyevin 30 noyabr 2017-ci il tarixli sərəncamı ilə mərkəzin bir qrup əməkdaşının təltif olunmasını Azərbaycan bərpaçılıq sənətinə verilən yüksək dəyər kimi qiymətləndirdi.
   Sonra mərkəzin təltif edilmiş əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının döş nişanı və vəsiqəsi təqdim olundu. Eləcə də mərkəzin bir neçə əməkdaşına Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı və fəxri fərmanlar verildi.
   Tədbirdə həmçinin Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcova 60 illik yubileyi münasibətilə nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı təqdim edildi.
   
   Fariz Hüseynov