Koreya Respublikasının Jeju adasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası başa çatıb. Sessiyada UNESCO-ya üzv dövlətləri təmsil edən nümayəndələrlə yanaşı, qurumda akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər. QHT Forumunda Azərbaycanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov təmsil edib.
O, tədbirdə Ermənistan nümayəndəsinin Hökumətlərarası Komitə üzvlüyündən sui-istifadə edərək Azərbaycanın təqdim etdiyi bütün nominasiya fayllarına müdaxiləsinə və siyasi şərhlərinə etiraz edib, Forumun yekun bəyanatında Konvensiyanın ruhuna xələl gətirən bu cür əməllərin kəskin pislənilməsini tələb edib. İctimai birliyin nümayəndəsi QHT-lərin sülhə, dialoqa və mədəni irsin qorunmasına sadiq olduqlarını ifadə etmək üçün UNESCO sessiyasında iştirak etdiklərini bildirib, sessiyada nifrət çıxışları edilməsinin təəssüf doğurduğunu və bunun yolverilməz olduğunu qeyd edib.
Sessiya çərçivəsində QHT-lərin fəaliyyəti ilə bağlı təqdimat materialları Jeju Beynəlxalq Konfrans Mərkəzində nümayiş etdirilib. F.Qasımov iştirakçılara Azərbaycan musiqi sənəti və folklor nümunələri ilə bağlı audiovizual materialları və Aşıq Şəmşirin portretini hədiyyə edib.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 2016-cı ildə UNESCO-nun “Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında quruma akkreditasiya olunub.