Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ümummilli liderin anım gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi sessiya keçirilib. Sessiyanı açıq elan edən BXA-nın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə vurğulanıb ki, Azərbaycan mədəniyyətinin davamlı inkişafı ümummilli liderin siyasi fəaliyyətinin mühüm tərkib hissəsi olub. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyada tanınmasına həsr edərək bu sahədə misilsiz xidmətlər göstərib.
Ulu öndərin zəngin mənəvi irsindən danışan natiq qeyd edib ki, Heydər Əliyev daima mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə dönməz məhəbbət duyğuları ilə yaşayıb. Azərbaycanın görkəmli sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin ən yüksək fəxri adına layiq görülüblər. O, yazıçıların, bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi ilə iştirakçıların rəğbətini qazanırdı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilirdi. Heydər Əliyev özü də incəsənət meylli şəxsiyyət idi. Gəncliyində memar olmaq istəyirdi. Amma zaman ulu öndəri siyasi memara çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi.
Ölkəyə rəhbərliyinin birinci dövründə Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Təkcə o dövrdə Azərbaycanın 17 şəhərində dövlət teatrları açılmışdı. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. Ulu öndərin respublikaya rəhbərliyinin ikinci dövrü Azərbaycan üçün tarixi sınaqlar dövrü kimi yadda qalıb. Hər bir xarici səfəri zamanı Heydər Əliyev Azərbaycanın Qarabağ və ondan doğan digər problemləri ilə yanaşı, bu problemlərin Azərbaycan mədəniyyətinə vurduğu zərbədən, tarixi abidələrin talan olunmasından, müharibə şəraitinin mədəniyyətin inkişafına göstərdiyi mənfi təsirdən söz açırdı.
Məruzəsinin sonunda professor Timuçin Əfəndiyev fəxr hissi ilə qeyd edib ki, Azərbaycanın bugünkü tarixi, siyasi, iqtisadi və mədəni uğurlarının mövcudluğu və davamlılığı Prezident İlham Əliyevin ulu öndərin siyasi kursuna sadiqliyi, Heydər Əliyev ideyalarının daim yaşadılması nəticəsində mümkün olub.
Sessiyada Xalq rəssamı, professor Ağaəli İbrahimov, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, professor Əlikram Tağıyev və BXA-nın prorektorları - professorlar Sevda Sadıxbəyova, Sonaxanım İbrahimova, Xalq artisti Təranə Muradova, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, professor Vəfa Əliyev ulu öndərin mədəniyyət və incəsənətin müxtəlif sahələrində, elm və milli təhsil sistemi sahələrinin inkişafındakı rolu barədə çıxışlar ediblər.