Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino xidməti idarəsi Prezident yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş tədbir keçirib.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Urxan Ələkbərov, millət vəkilləri Rasim Musabəyov, Elman Nəsirov, Rəfail Cəbrayılov, Əflatun Amaşov çıxış ediblər.
Çıxışlarda ulu öndərin dövlət quruculuğu, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışılıb. Vurğulanıb ki, Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.
Kino xidməti idarəsinin rəisi Gültəkin Həsənova çıxış edərək, ulu öndərin respublikamızda kinematoqrafiyanın inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb.
Tədbirdə Əməkdar artist Nuriyyə Hüseynova "Küçələrə su səpmişəm" mahnısını ifa edib. Sonra Kino xidməti idarəsi tərəfindən hazırlanan, ssenari müəllifi və rejissoru Gültəkin Nəriman olan “Xalqa bağışlanan ömür” adlı sənədli film nümayiş olunub.